Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ərazidə fəaliyyət göstərən 100-ə yaxın ilk ərazi təşkilatının sədrlərinin və Gənclər Birliyi fəallarının iştirakı ilə geniş formatda “Yeni Azərbaycan Partiyasının VII qurultayı: Yeni hədəflər və vəzifələr” mövzusunda video konfrans keçirmişdir. Video-konfransda qurultay iştirakçısı, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı və ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən YAP fəalları çıxış etmişdir.Millət vəkili Məlahət İbrahimqızı çıxışında Partiyanın VII Qurultayını ölkəmizin tarixində çox mühüm və əlamətdar hadisə kimi dəyərləndirdi. O, çıxış edərək partiyanın Sədri möhtərəm cənab İlham Əliyevin qurultaydakı geniş və ətraflı məruzəsi haqqında iştirakçılara məlumat verdi.Məlahət İbrahimqızı partiya Sədrinin 44 günlük Vətən müharibəsinin və bu müharibədə Azərbaycanın Müzəffər Milli Ordusunun qazandığı Zəfərin gələcək ideologiyamızın əsas təməl prinsiplərindən olacağı fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Qazandığımız möhtəşəm Zəfərdən sonra bölgədə yaranmış yeni geosiyasi mühit və yeni reallıqların ölkəmizi daha güclü etməsini xüsusi vurğulayan partiyamızın Sədrinin, hər bir üzvünün də yeni vəzifələri və bu vəzifələri məsuliyyətlə yerinə yetirməyə borclu olduqlarını qeyd etdi.Video-konfrasda çıxış edən YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyinin sədri Salman Salmanov partiyanın rəhbər qurumlarındakı kadr dəyişikliyini zamanın və ölkədə gedən islahatların tələbi kimi vurğuladı.Video-tədbirdə çıxış edən Tamilla Naibova, Sevinc Axundova və digər partiya fəalları partiyanın VII qurultayını günümüzün ən əhəmiyyətli hadisəsi kimi adlandırdılar.
yap.org.az