"Azərbaycan xalqı böyük və qəhrəman xalqdır. Ulu Öndərimiz Heydər Əliyev sağlığında bunu dəfələrlə xatırladır və azərbaycanlı olduğu üçün həmişə fəxr etdiyini bildirirdi. Cənab İlham Əliyev də Prezident seçildiyi ilk gündən bu fikirdədir və bütün fəaliyyətində öz xalqına arxalandığını bəyan edir." Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, erməni faşizmi üzərində tarixi qələbə həqiqətən də xalqımızın böyük və qətiyyətli, torpağa, vətənə bağlı olduğunu, öz rəhbərinə sonsuz məhəbbət bəslədiyini sübut etdi.
"Fizuli və Xocavənd rayonuna səfəri zamanı dövlətimizin başçısı, Ali Baş Komandan Cənab İlham Əliyev bildirmişdir ki, xalqımız işğaldan azad olunmuş əraziləri tez bir zamanda bərpa edəcək və öz böyüklüyünü bir daha göstərəcəkdir. Cənab İlham Əliyev, "Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur", deməklə həqiqətən də Azərbaycan xalqının ən qədim və böyük bir xalq olduğunu dünyaya bəyan edir. Bu hamımız üçün fəxarətdir, hər birimizi qürurlandırır və həm də bizə ümid, inam verir. Sözsüz ki, bu ümid və inamla biz işğaldan azad olunmuş bütün ərazilərimizi abadlaşdıracaq və rəhbərimizin dediyi kimi, Qarabağ torpağı cənnətə çevriləcəkdir. Prezidentimizin yerlərə səfərləri də məhz bu məqsədlərə xidmət edir, ölkə rəhbəri hər bir işi ölçür - biçir və gələcək uğurlar üçün əlverişli yollar axtarır. Bu yollar aydındır və xalqa xidmət edir", deyə Tahir Rzayev bildirib.
sia.az