"Azərbaycan Silahlı Qüvvələrinin apardığı təlimlərin hər hansı siyasi xarakter daşıdığını düşünmürəm. Çünki ölkəmiz hər il mütəmadi şəkildə hərbi təlimlər keçirir. Ordumuz daima müasir silahlar alaraq silahlanmaya qəbul edir. Təbii ki, silahlanmaya qəbul olunmuş yeni silahlara və mövcud silahların idarə edilməsinə mütəmadi təlimlər keçirməklə ordumuzun təcrübəsini artırırıq". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.Deputatın sözlərinə görə, məhz ötən dövürlərdə apardığımız hərbi təlimlər sayəsində biz 44 günlük vətən müharibəsində XXI əsrin müharibəsini apara bildik: "Dünyanın güclü hərbisinə sahib olan ölkələr də bizim apardığımız Vətən müharibəsindəki hərbi taktikanı öyrənirlər. Təlimlərin aparılması həm də böyük xərc tələb edir. Azərbaycanın iqtisadi gücü 10 min nəfəri cəlb olunmuş geniş hərbi təlimlərin aparılmasına imkan verir. Amma Ermənistanın isə 7 min nəfərin iştirakı ilə hərbi təlimlərin keçirilməsi ilə bağlı açıqlaması gülüş doğurur. Çünki, birincisi Ermənistanın ordusu yoxdur ki, hər hansı bir təlimə səfərbər olunsunlar. İkincisi isə 44 günlük müharibədəki uğursuzluqda Ermənistan ordusunun silahlanmasındakı hərbi texnikaların çox hissəsi məhv edilib".A.Badamov vurğulayıb ki, ən əsası isə Ermənistanın iqtisadi gücü sıfırdan aşağı səviyyədədir ki, bu da onlara nə müasir silahların alınmasına, nə də ki, hərbi təlimlərin keçirilməsinə imkan vermir: "Həmçinin erməni ordusunun rəhbərliyi yoxdur ki, hər hansı bir hərbi təlimi idarə edə bilsinlər. Ermənistanın hərbi təlimlərin keçirilməsi ilə bağlı açıqladığı məlumatı sadəcə Azərbaycanın keçirdiyi real hərbi təlimlərinə siyasi cavab məqsədi daşıyır. Bu gün erməni ordusu təlimləri heç yuxuda da keçirmək imkanına malik deyildir".
sia.az