Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamı Novruz bayramı ərəfəsində xalqa böyük hədiyyədir
Dövlət başçısı ənənəvi olaraq, bayram günləri, bir sıra əlamətdar tarixlər öncəsi imzaladığı əfv sərəncamları ilə xeyli sayda insanı azadlığa qovuşdurur. Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" imzaladığı növbəti Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad ediliblər. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunublar.Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad ediliblər. Ümumiyyətlə, əfv edilənlərin ümumi sayı 622 nəfərdir.Beləliklə, yüzlərlə ailə Novruz bayramını daha böyük sevinclə, gülər üzlə keçirəcək. Yüzlərlə insan bayram ərəfəsində doğmalarına, qohumlarına qovuşacaqlar. Bu, Azərbaycan dövlətinin və onun başçısının artıq illərdir davam etdirdiyi humanizm siyasətinin növbəti təzahürüdür.
Dövlət başçısının humanizmin və insansevəriyin əsas prinsip olması rəqəmlər və faktlarla
Prezident İlham Əliyevin fəaliyyətində humanizmin və insansevərliyin əsas prinsip olmasını rəqəmlər və faktdan o da təsdiqləyirlər. Bu gün imzalanan Sərəncam 2003-cü ildən bəri dövlət başçımızın imzaladığı sayca 33-cü əfv sənədidir. Ümumilikdə 16 il ərzində imzalanan fərman və sərəncamlarla 4.500-dən çox şəxs azadlığa buraxılmaqla, 5 minə yaxın məhkum əfv edilib. Və təsadüfi deyil ki, əfv sənədləri adətən bayramlar ərəfəsində imzalanır. Bununla dövlət başçısı yüzlərlə insana dünyada ən qiymətli neməti - azadlığı hədiyyə edir. Bir faktı qeyd etmək istərdik. Belə ki, ötən il də mayın 24-də, Cümhuriyyətin 100 illiyi münasibətilə 634 şəxs əfv olundu. Göstərilən rəqəmlər onu bir daha təsdiqləyir ki, imzalanan əfv fərmanı ölkənin siyasi-ictimai həyatında mühüm hadisə kimi qiymətlənir. Çünki bu humanizm və insanpərvərlik siyasətinin kökləri Ulu Öndər Heydər Əliyevin atdığı addımlardan qaynaqlanır. Belə ki, Ulu Öndər ölkə rəhbərliyinə qayıdandan sonra, 1995-ci ildə əfv və amnistiya praktikasını bərpa etdi və hakimiyyətdə olduğu dövrdə ümumilikdə 65 fərman və sərəncamla 8 minə yaxın şəxs əfv olundu.1995-ci ildən başlayaraq, bu günə qədər qəbul edilmiş 11 amnistiya aktı ümumilikdə 117.000-ə yaxın şəxsi əhatə edib ki, onlardan da 30.000-i azadlığa buraxılıb. Qalanların cəzaları müxtəlif formalarda yüngülləşdirilib. Bu amnistiya aktlarından sonuncu 4-ü - yəni 2007, 2009, 2013 və 2016-cı illərdə baş tutan amnistiyalar Heydər Əliyev Fondunun Prezidenti, xanım Mehriban Əliyevanın təşəbbüsləri olub. 2016-cı ilin amnistiyası 10.000-dən çox məhkumu əhatə etmiş, 3.000-ə yaxın şəxs penitensiar müəssisələrdən buraxılıbdır.Bu günə kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları nəticəsində 40 mindən çox Azərbaycan vətəndaşı əfv edilib.Prezident İlham Əliyevin bu sərəncamı bir daha göstərdi ki, Azərbaycanda həyata keçirilən dövlət siyasəti daim humanizm prinsiplərinə əsaslanır. Göstərilən bu faktlar bir daha onu təsdiqləyir ki, humanizm Azərbaycan iqtidarı üçün prioritet dəyərlərdən biridir. Həm də məhz bu səbəbdən cəzaların yüngülləşdirilməsi, alternativ cəza növlərinin tətbiqi istiqamətində fəal iş aparılır. Çünki dövlətin məqsədi əsla vətəndaşını cəzalandırmaq deyil. Dövlətin məqsədi vətəndaşı islah etmək, qanunsuz əməllərdən uzaqlaşdırmaqdır. Çünki Azərbaycan Prezident beynəlxalq təşkilatların tələblərindən çox, Azərbaycan vətəndaşının mənafeyini daha üstün tutur. Və imzaladığı Sərəncamı ilə ailələrə ikiqat sevinc bəxş edən dövlətimizin başçısının növbəti humanist addımı bir daha göstərir ki, ölkəmizdə insan amilinə diqqət dövlət siyasətinin əsas parametrlərindəndir. "Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq" deyən dövlətimizin başçısı İlham Əliyev eyni zamanda diqqətə çatdırır ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz: "İqtisadi cəhətdən güclü ola bilərsən, amma demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan hüquqları qorunmursa, uğur qazana bilməzsən".
Bu Sərəncam Azərbaycanda əfvin humanist və hüquqi institut kimi təkmilləşməkdə olduğunun göstəricisidir
Prezident İlham Əliyev tərəfindən imzalanan əfv Sərəncamı vətəndaşlara verilən dəyərin, dövlətin humanist siyasətinin daha bir bariz nümunəsidir. Sərəncam, eyni zamanda, Azərbaycanda əfvin humanist və hüquqi institut kimi təkmilləşməkdə olduğunu göstərdi. Xalqımızın milli dəyərlərindən biri də odur ki, insanlar əfv olunsun, həmrəylik nümayiş olunsun. Bu Sərəncam humanizm siyasətinin əyani sübutudur. Bu, bir daha onu sübut edir ki, Azərbaycan xalqının öz Prezidentinə inamı sarsılmazdır və bu inamı heç kim sarsıda bilməz.Kimliyindən, tutduğu mövqedən asılı olmayaraq hər bir vətəndaşın dərdi-səri, qayğıları, problemləri Azərbaycan Prezidenti İlham Əliyevin diqqətində və nəzarətindədir. Novruz bayramı ərəfəsində imzalanan əvf sərəncamı da Azərbaycan Prezidentinin siyasi iradəsinin və qətiyyətinin, bir sözlə dövlətin öz vətəndaşlarına humanist münasibətinin bariz nümunəsidir.
sia.az