PDF Oxu

Siyasət

  • 4 409

“Ədalətli Rusiya”nın liderinin səsləndirdiyi şüarın gizli mətləbləri - ŞƏRH ÖZƏL

“Ədalətli Rusiya”nın liderinin səsləndirdiyi şüarın gizli mətləbləri - ŞƏRH ÖZƏL

“Bu ilin payızında Rusiya parlamentinə seçkilər keçiriləcək və bu seçkilərin hazırlıq prosesinə indidən start verilib. Rusiyasının seçkilərə qatılacaq partiyaları öz platformalarını hazırlayır, öz şüarlarını müəyyən edirlər. Bu partiyaların sırasında “Ədalətli Rusiya” partiyasının Sergey Mironovun partiyası öz şüarı ilə diqqəti cəlb edib. Fikrimcə, onun səsləndirdiyi şüar artıq çox ciddi siyasi rezonansa səbəb olub. Şüar belədir: “Rusiya ərazilərinin genişləndirilməsinə nail olmaq”. Sual yaranır hansı yollarla?”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, siyasi ekspert Elman Nəsirov deyib.Ekspert bildirib ki, onsuz da Rusiya dünyada ərazi baxımından ən böyük dövlətdir: “Ərazisi 17 milyon kvadrat kilometrə bərabərdir. Müqayisə üçün deyim ki, dünyanın ən böyük hərbi gücü olan, fövqəldövlət Amerika Birləşmiş Ştatlarının ərazisi təxminən 9,4 milyon kvadrat kilometrdir. Yəni, Rusiyanın ərazisi ABŞ-ın ərazisindən belə təxminən 2 dəfə böyükdür. Belə olan halda Sergey Mironov seçkiqabağı öz şüarını müəyyən edərkən niyə, belə bir şüar irəli sürüb? Daha hansı əraziləri ələ keçirmək niyyətini ortaya qoyub? Hesab edirəm ki, bu sualın cavabını tapmaq üçün Sergey Mironovun özü və ona yaxın olan siyasi dairələrin səslədirdiyi fikirlərə diqqət yetirmək yerinə düşər. Ən çox səslənən fikir belədir ki, Cənubi Osetiya, Abxaziya Donbas, Dnestyanı ərazi və eyni zamanda Dağlıq Qarabağ ərazisini özlərinin xüsusi maraq zonası kimi təqdim edirlər. Perspektivdə bu ərazilərə iddiaların olduğunu belə gizlətmir, açıq şəkildə bəyan edirlər. Vaxtilə Jirnovski də belə bəyanatlarla çox çıxış edib. Düşünürəm ki, bu cür yanaşma, öz siyasi şüarının məhz bu şəkildə təqdim edilməsi, nəticə etibarilə Rusiyanın beynəlxalq aləmdəki mövqelərinə çox ciddi zərbə endirə bilər”.E.Nəsirov vurğulayıb ki, indiki dövrdə ayrı-ayrı ölkələrə qarşı ərazi iddiası irəli sürmək siyasi partiya rəhbərinə yaraşmayan bir hərəkətdir: “Belə bir addımın atılması regionda çox qorxulu ssenarilərin baş verməsinə gətirib çıxara bilər. “Ədalətli Rusiya” partiyasının liderinin səsləndirdiyi bu şüar ilk növbədə Rusiyanın siyasi hakimiyyəti üçün ciddi problemlər yaradır və beynəlxalq aləmdə Rusiyaya olan etimadsızlıq mühitinin genişlənməsinə şərait yaradır. Nəzərə alsaq ki, Azərbaycan-Rusiya münasibətləri strateji xarakter kəsb edir. Bakı-Moskva münasibətləri dinamik inkişaf tempinə malikdir. Rusiya prezidenti Vladimir Putin çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar və Qarbağı da Azərbaycanın tərkib hissəsi kimi qəbul edirlər. Bu münaqişə artıq bitib və tarixdə qalıb. Ermənistanda kimlər ki, 10 noyabr sənədinin pozulmasını istəyirlər, kimlər ki, revanşist düşüncələrlə yaşayırlar onlar da nəticə etibarilə intihara bənzər bir addım atmış olacaqlar. Rusiya prezidenti bu qədər aydın və prinsipial mövqe ortaya qoyub. Bu ilin payızında keçiriləcək seçkilərdə Sergey Mironovun partiyasının belə bir şüarla çıxış etməsi Rusiya rəhbərliyi üçün də yaxşı heç nə vəd etmir. Ona görə də belə şüarlara son qoymaq lazımdır. Çünki bu kimi şüarlar regiona sülh və sabitlik gətirmir. Bu məsuliyətsiz şüara, məsuliyyətsiz davranışlara düşünürəm ki, Rusiya rəhbərliyi reaksiya verəcək və seçki öncəsi Mironov şüarından imtina etməyə məcbur ediləcək”.

sia.az

Digər xəbərlər