YAP Qusar rayon təşkilatı Novruz bayramı günlərində şəhid ailələrin ziyarət olunması aksiyasını davam etdirib. Rayon təşkilatının sədri David İbramxəlilov, millət vəkili Azər Badamov, Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov və partiyanın fəalları əvvəlcə Qusar şəhərindəki Şəhidlər Xiyabanını ziyarət etmişdir. Sonra Vətən müharibəsi şəhidi Hüseynov Kərim Tərlan oğlunun Piral kəndində ailəsi və məzarı ziyarət olunmuş, şəhidin xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuşdur. Səmimi görüş zamanı şəhid ailəsinin qayğıları və onları narahat edən problemlər diqqətlə dinlənilmiş və həmin məsələlərin tezliklə həll edilməsi üçün tədbirlərin görüləcəyi bildirilmişdir.Deputat A.Badamov qeyd etmişdir ki, ölkəmizdə şəhid ailələrinə və Vətən müharibəsi əlillərinə xüsusi diqqətlə yanaşılır, onlar hər cür sosial qayğı ilə əhatə olunur. Şəhidin atası Tərlan Hüseynov onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir. Qeyd edək ki, ərazi bütövlüyümüzün bərpası zamanı qəhrəmanlıqla şəhid olmuş Azərbaycan Ordusunun giziri Kərim Hüseynov "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.Şəhid ailəsinə Novruz bayramı sovqatları təqdim edilmişdi.
sia.az