Naxçıvan Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə universitetin İncəsənət fakültəsində 40-a yaxın rəsm əsərinin nümayiş olunduğu sərgiyə baxış olub. Fakültənin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə tələbələri çəkdikləri rəsmlərdə soyqırımı qurbanlarının yaşadıqları dəhşətli faciəni əks etdiriblər.Universitetin rektoru Elbrus İsayev tələbələr tərəfindən təşkil edilən bu cür sərgilərin xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olub. Fərmanda ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər dünyaya bəyan edilərək bu qanlı əməllərə düzgün siyasi qiymət verilib. Bu tarixi sənəd Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da fundamental bir proqramdır.Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun rəşadəti ilə qazandığımız Qələbəni düşmənə verilən layiqli dərs kimi dəyərləndirən rektor qeyd edib ki, artıq Azərbaycan XXI əsrdə kiçik dövlətlərin ən müasir və yüksək keyfiyyətli silah və hərbi texnikalardan səmərəli istifadə etməklə, hərb meydanında qələbə əldə edə biləcəklərini sübuta yetirdi. Elbrus İsayev gənc nəsli soyqırımı qurbanlarının, hər iki Qarabağ müharibəsi şəhidlərinin xatirəsini daim əziz tutmağa və tarix boyu bədnam qonşularımızın başımıza gətirdikləri faciələrdən ibrət almağa çağırıb.Sonra fakültənin akt zalında davam edən tədbirdə soyqırımı qurbanlarının və Vətənimiz uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonda soyqırımı hadisələrini əks etdirən sənədli film nümayiş olunub.

AZƏRTAC