Siyasət

  • 4 220

Səbinə Xasayeva: Azərbaycan COVID-19-a qarşı vaksinlərin ədalətli bölgüsünün tərəfdarıdır

image

“COVID-19 pandemiyasına qarşı mübarizə təkcə dövlətin iqtisadi gücündən deyil, həm də onun bəşəri dəyərlərə hansı səviyyədə malik olmasından asılıdır. Dünyanın aparıcı dövlətləri və Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın pandemiyaya qarşı apardığı mübarizəni təqdir edib. Pandemiya ilə mübarizə çərçivəsində Azərbaycanın təşəbbüsü ilə müxtəlif səviyyəli beynəlxalq tədbirlər də keçirilib. Ötən ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası məhz bu qəbildəndir. Sessiyanın təşkili bir daha təsdiqlədi ki, Azərbaycan koronavirusla mübarizədə nəinki regionda, eləcə də dünyada öncül ölkələrdəndir. Bu sessiya həm də beynəlxalq ictimaiyyətin birgə fəaliyyətinin koordinasiyası baxımından dəyərlidir”. Bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Deputat bildirib ki, Azərbaycan vaksinlərin ədalətli bölgüsü, ölkəyə gətirilməsinin təmin edilməsi məqsədilə yaradılan COVAX təşəbbüsünə dəstək verən ölkələrdən biridir. Bəs o zaman beynəlxalq təşkilat tərəfindən ölkələrin vaksinlərlə təmin edilməsində meydana çıxan ədalətsizlik nə ilə izah olunmalıdır? Azərbaycan Prezidenti çıxışlarında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı təkcə Azərbaycan üçün deyil, dünya üçün gərəkli olan fikirlər bildirib, bu istiqamətdə birgə səylərin önəmini vurğulayıb. Dövlətimizin başçısı demişdi ki, bəzi dövlətlərin öz tələbatlarından bir neçə dəfə çox vaksin almağa cəhd göstərməsi inkişaf etməkdə olan ölkələri vaksin çatışmazlığı problemi ilə üz-üzə qoyacaq. Belə də oldu. Bu fikirlər dünyanı pandemiyadan xilas etməyə yönəlmiş bəşəri xatırlatmadır. Bu xatırlatmanın nəticəsidir ki, BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı qətnamə Qoşulmama Hərəkatı adından irəli sürülüb və bu il martın 23-də qəbul edilib.
Millət vəkili vurğulayıb ki, Azərbaycan digər dövlətlərlə bir sırada koronavirusla mübarizə tədbirləri barədə ciddi düşünür, öz vətəndaşlarının qeydinə qalır. Pandemiya ilə mübarizədə bütün mövcud resursları hərəkətə gətirən, mübarizənin aparılmasında daha səmərəli təşəbbüslər göstərən, 30 ölkəyə yardım edən Azərbaycan COVAX-a qoşulan ilk dövlətlərdən biri olsa da, o, verdiyi vədi yerinə yetirmir. COVAX vaksinlərin Azərbaycana əvvəlcədən razılaşdırılmış qaydada təhvil veriləcəyini bildirmişdi. Xeyli vaxt keçsə də, COVAX vədinə əməl etmir. Onun Azərbaycana vəd ediləndən az sayda vaksin verəcəyi ilə bağlı açıqlaması isə anlaşılan deyil. Azərbaycanda insan amili dövlət siyasətində ən mühüm və başlıca prioritetdir. Ölkəmiz bu bəşəri bəladan da mütləq xilas olacaqdır. Dövlətimizin iqtisadi gücü və vətəndaşlarımızın Liderinə inamı buna imkan verir.

yap.org.az

Digər xəbərlər