Siyasət

  • 3 868

YAP Səbail rayon təşkilatında “31 Mart – azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş videokonfrans keçirildi

image

YAP Səbail rayon təşkilatında rayon ictimaiyyəti nümayəndələri, tarixçi alimlər, gənclər və partiya fəallarının iştirakı ilə 1918-ci il hadisələrinə, “31 Mart – azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş videokonfrans keçirildi.

İlk öncə, əzəli düşmənlərimiz olan ermənilər və onların havadarları tərəfindən zaman-zaman Azərbaycan xalqına, türk millətinə qarşı törədilən soyqırım aktlarında həlak olmuş bütün soydaşlarımızın əziz və əbədiyaşar xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Anım tədbirində YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, tarixçi alimlər – Azərbaycan Dövlət İqtisad Univeristetinin professoru Hidayət Cəfərov Azərbaycan Dövlət Pedaqoji Univeristetinin professoru Xaqani Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı, “İdarəedicilər” ərazi ilk partiya təşkilatının sədri prof. Elçin Əhmədov, YAP Səbail rayon təşkilatının İdarə heyətinin üzvü Adilə xanım Abasova və Milli Məclis Aparatında Sosial qanunvericilik şöbəsinin müdiri, 2 №-li ərazi təşkilatının sədri Adil Vəliyev çıxış etdilər.
103 il əvvəl, 1918-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş, xüsusi qəddarlığı və amansızlığı ilə seçilən soyqırım cinayətinə ilk dəfə 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən adekvat siyasi qiymət verildiyini xüsusi vurğulayan Şəmsəddin Hacıyev qeyd etdi ki, məhz bu tarixdən etibarən 31 mart hər il azərbaycanlıların soyqırımı günü kimi anılır, insanlığa qarşı törədilən bu dəhşətli cinayətin qurbanların əziz xatirəsi yad olunur. Bu tarix Azərbaycan xalqı üçün nə qədər kədərli və hüzünlü gün olsa da, xalqımız, türk milləti bu faciəvi hadisədən mühüm dərslər götürmüşdür. Azərbaycanda və ümumiyyətlə bu coğrafiyada 1918-ci ildə mövcud olan tarixi mənzərə, eləcə də 31 mart soyqırımının səbəbləri və əsas icraçıları haqqında geniş məlumat verən Ş.Hacıyev bildirdi ki, Bakıda, Bakı quberniyası ətrafında, Azərbaycanın müxtəlif bölglərində, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Şirvanda, İrəvanda, Qubada və s. etnik zəmində yerli türk-müsəlman əhalisinə qarşı daşnak-bolşevik silahlı qüvvələri tərəfindən törədilən qanlı cinayətlərin tarixi kökləri üç əsr öncəyə, dünyaya hökmranlıq iddiasında olan Rusiya İmperiyasının Qafqaz bölgəsinə dair siyasi planlarında üzə çıxır. Qədim dövlətçilik irsinə malik olan Azərbaycanın yerləşdiyi coğrafiyanın geosiyasi mövqeyi tarixən böyük güclərin maraq dairəsinə daxil olub və bu bölgədə Türk dünyasını bölmək, parçalamaq üçün süni erməni dövləti yaradılıb. Türk-müsəlman əhalisinə qarşı bu regionda və Azərbaycanda törədilən qanlı qətliamların qarşısının alınmasında minlərlə azərbaycanlı əsgərin də iştirak etdiyi Qafqaz İslam Ordusunun və Nuru Paşanın tarixi xidmətlərini xüsusi qeyd edən Ş.Hacıyev vurğuladı ki, bu Ordu olmasaydı bəlkə də, qırğınların miqyası 2-3 dəfə daha çox olardı.
Təəssüf ki, erməni vandalizminə havadarlıq edən böyük güclər XXI əsrin astanasında, 1992-ci ildə ermənilərin Azərbaycan xalqına qarşı növbəti hərbi cinayətinə və vəhşiliyinə də rəvac verdi. Dünyanın, beynəlxalq iqtisadi və siyasi münasibətlərin tamamilə fərqli keyfiyyət müstəvisində inkişaf etdiyi bir dövrdə dünya ictimaiyyətinin gözü qarşısında insanlıq cinayəti – Xocalı qətliamı törədildi. Zaman-zaman Azərbaycan xalqına qarşı edilən bütün bu cinayətlər ört-basdır edildi, təhrif olundu. Qeyd olundu ki, yalnız Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə bütün bu qanlı faciələrə layiqli siyasi-hüquqi qiymət verildi. Azərbaycan xalqının qan yaddaşı olan bu faciələr haqqında həqiqətlərin və Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyəti və “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər nəticəsində mühüm nəticələr əldə olunmuşdur. Ş.Hacıyev bildirdi ki, “Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbə nəticəsində biz bu il ilk dəfədir ki, qalib dövlətin vətəndaşları kimi 31 mart anım gününü keçiririk. Vətən müharibəsi regionumuzda tamamilə yeni münasibətlər sistemi, qlobal xarakter qazanan yeni geosiyasi düzən formalaşdırdı. Azərbaycanın qüdrətli, cəsarətli Prezidenti, rəşadətli Ordusu, Vətəninə, tarixinə, milli-mənəvi dəyərlərinə bağlı gəncləri var. Azərbaycan xalqı Lideri ətrafında bir yumruq kimi birləşib. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canını fəda edən bütün Şəhidlərimizin, xalqımıza qarşı müxtəlif dövrlərdə mənfur düşmənimiz tərəfindən törədilən soyqırımların qurbanları olan bütün soydaşlarımızın ruhları bu gün şaddır. Çünki, müasir müstəqil Azərbaycanın gələcəyi parlaqdır və etibarlı əllərdədir.”
Prof. Hidayət Cəfərov 31 mart – azərbaycanlıların soyqırımı gününün xalqımızın çoxəsrlik tarixində faciəvi, eyni zamanda cəsarətli mübarizə nümunəsi kimi qiymətləndirərək bildirdi ki, 103 il əvvəl Bakıda və Azərbaycanın digər bölgələrində ermənilər tərəfindən törədilən bu dəhşətli qırğınlar tarixçilər tərəfindən Şərqdə Kərbala müsibəti ilə müqayisə olunur. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il qırğınlarını araşdırmaq istiqamətində fəaliyyəti, yaradılan komissiya və toplanılan tarixi sənədlər, materiallar haqqında danışan H.Cəfərov qeyd etdi ki, Sovet İttifaqı sonralar bu faciəni sinfi mübarizə kimi qələmə verməyə çalışsa da, Ulu Öndər tarixi ədaləti bərpa etdi. 44 günlük Vətən müharibəsində isə ölkə başçısı, Ali Baş Komandanımız İlham Əliyev bütün erməni yalanları, miflərini bir daha ifşa edərək əzəli düşməniz üzərində möhtəşəm qələbə qazandı və xalqımızın başına gətirilən bütün faciələrin icraçıları olan ermənilər bu qətliamlara görə layiqli cəzalarını aldılar.
Prof. Xaqani Məmmədov 1918-ci il Mart qırğınlarını, azərbaycanlılara qarşı törədilən soyqırımı xronoloji ardıcıllıq və tarixi faktlarla təhlil etdi. Bildirildi ki, xalqımız bu hadisələrdən layiqli tarixi dərslər çıxarmalı, bu qətliamların səbəbkarlarını, icraçılarını və erməni havadarlarını yaxşı tanımalı, faciə qurbanlarının əziz xatirəsini əbədi yaşatmalıdır.
Prof. Elçin Əhmədov ermənilərin Qafqaza və əzəli Azərbaycan torpaqlarına köçürülməsi haqqında danışaraq bildirdi ki, erməni millətçiləri yerli azərbaycan, türk-müsəlman əhalisinə qarşı dəfələrlə etnik zəmində qətliamlar törətmiş, bu insanlıq cinayətlərini təkbaşına yox, havadarları ilə birlikdə icra etmişlər. Beynəlxalq təşkilatlar bu gün də erməni vandalizmi, işğaldan azad olunmuş Azərbaycan ərazilərində ermənilər tərəfindən qəsdən məhv olunmağa çalışılan tarixi, mədəni, dini irsimizə qarşı törədilən barbar hərəkətlər, hərbi cinayətlər haqqında susur. Erməni cəmiyyətinin faşist ideologiyası bu gün də davam edir və Azərbaycan xalqı bu məkrli qonşusuna qarşı daima ayıq-sayıq olmalıdır.

yap.org.az

Digər xəbərlər