Siyasət

  • 5 723

Aprel döyüşlərinə ciddi cavab - 44 günlük Zəfər qələbəsi

image

Prezident İlham Əliyev: “Biz Qələbəmizi dəmir yumruq hesabına, düşməni qova-qova qazanmışıq və indi durmuşuq öz torpağımızda”

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 5 il ötür. 2016-cı il aprelin 2-də quduzlaşmış Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçərək,Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 24 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı. Bu sevinc, bu qələbə güclü ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu, proqmativ siyasətinin nəticəsində əldə olundu. Çünki güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Və aprelin 2-dən başlayaraq Ermənistanın hərbi hissələrinin təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində növbəti təxribatların uğurla qarşısının alınması, məhz müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlarının, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusunun olmasının nəticəsidir. Daha dəqiq desək, Azərbaycanın şanlı silahlı qüvvələrinin cəbhədə əldə etdiyi zəfərləridir. Əslində, bu, gözlənilən idi. Çünki uzun müddət idi ki, işğalçı Ermənistan rəhbərliyi, bu rejimin Qarabağdakı yedəyi – «Dağlıq Qarabağ Respublikası» separatçıları zaman-zaman özlərinə güvənən bəyanatlarla çıxış edir, «qüdrətli və məğlubedilməz erməni ordusu»nun imicini reklam etməklə siyasətdəki yerlərini möhkəmləndirməyə çalışsalar da, yenə də Azərbaycan ordusu onları zamanında yerlərinə oturtdu və dərslərini verdi. Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif ediliblər. “Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”. Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçimizlə görüşdə deyib: «Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir».Həqiqətən də dövlətimizin başçısının dediyi kimi, Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, Azərbaycan Ordusu təmas xəttində mövcud vəziyyətə tam nəzarət etsin və lazımi tədbirləri görə bilsin.
Aprel döyüşləri “Böyük Qayıdış”a start verdi
Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində "Böyük Qayıdış" prosesinə start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə "Böyük Qayıdış" prosesinə start verildi. Artıq bu kəndin əhalisinin 24 illik fasilədən sonra doğma torpaqlarına qayıtması işğal altındakı digər əraizlərimizin də tezliklə azad olunmasına bütün xalqımızda dərin inam yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təmas xəttinə gedərək, Ermənistan ordusunun atəşləri nəticəsində yaşayış məntəqələrimizə dəyən ziyanla yerində tanış olmaları, yerli əhali, eləcə də ön xətdə şəxsi heyətlə görüşü xalqımızın və Ordumuzun düşmən üzərində qəti qələbəyə ümidlərini daha da artırdı.Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinin əhəmiyyəti barədə dediyi sözlər bu qələbənin Ordumuz və xalqımız üçün önəmini açıq şəkildə ifadə edir: "Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir".Ölkə Prezidenti, həmçinin onu da bildirdi ki, Ermənistan nə qədər ki, təxribatçı əməllərə əl atacaqsa, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq: “Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq”.“Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun»-deyən dövlət başçısı bildirdi ki, bizə qarşı yenə təxribat törədilərsə, onlar yenə də öz cəzalarını alacaqlar.Bəli, aldılar. 2020-ci il – Ali Baş Komandanın xalqa bəxş etdiyi Qarabağ Azərbaycandır!
“Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi – “Qarabağ Azərbaycandır və nida”
Ürəyimizdə qübar edən bir problemimiz – düşmən işğalında olan Qarabağımızın niskilinə son qoyuldu. 30 ilə yaxın idi ki, dilimizdən düşməyən gün o gün olsun ki... arzusu ilə yaşayırdıq, xiffətini çəkdiyimiz ata-baba torpaqlarına böyük qayıdışın arzusu, xəyalı ilə yaşayırdıq. Nəhayət sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. 30 illik həsrətə düz 44 gün ərzində Qarabağ münaqişəsinə Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının diplomatik siyasəti və rəhbərliyi ilə “İRƏLİ!” göstərişi ilə güclü Ordumuzun, Müzəffər əsgər və zabitlərimizin rəşadəti ilə Qarabağ Azərbaycandır! nidasını qoydu. Dövlət başçımız İlham Əliyev cənabları çıxışlarında da dönə-dönə vurğulayır ki, bu Qələbə Azərbaycan Ordusunun gücünü göstərdi: “Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi. Onu göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Mən 17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz”.Bəli, 30 ilə yaxın zaman müddətində həll olunmayan qondarma “Dağlıq Qarabağ” probleminin 44 gün ərzində həll olunması ilə 2020-ci il tariximizə Qələbə ili ilə Azərbaycan tarixinə yazıldı. Bu haqqın qələbəsidir. Bu Azərbaycan xalqının qələbəsidir. Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən tarixi qələbəsidir!Azərbaycan xalqı alnıaçıq, böyük sevinc və qürurla 2021-ci ili və sonrakı illərimizi də “kaş…la, gün o gün olsunla” yaşamayacaq. Bəli, son 17 il Prezidentlik fəaliyyəti ərzində Ali Baş Komandanımız “bir qarış torpağımızı belə heç kəsə verən deyilik” xəbərdarlığının bu gün Azərbaycan xalqı, bütün dünya bir daha gördü ki, Qarabağ Azərbaycandır!Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev dediyi kimi: “Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”

sia.az

Digər xəbərlər