Siyasət

  • 3 907

Türk dövlətlərinin birlikdə olması güclü olmağımızın ən etibarlı zəmanətidir - ŞƏRH ÖZƏL

image

“17 illik Prezidentlik fəaliyyəti ərzində ölkə başçımız cənab İlham Əliyev çıxış etdiyi bütün beynəlxalq kürsülərdən Azərbaycanın milli maraqlarını prinsipiallıqla ifadə və müdafiə edib. Ölkə başçımız 31 mart 2021-ci il tarixində çıxış etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə də bu ənənəsinə sadiq qaldı. Belə ki, toplantıdakı çıxışını əsasən Qarabağ mövzusuna həsr edən cənab Prezidentin də qeyd etdiyi kimi Ermənistan illər ərzində xarici dəstəklərinə arxalanaraq Azərbaycana qarşı sistemli, ardıcıl olaraq təxribatlar törətmiş, Paşinyan Şuşada andiçmə keçirərək, Cıdır düzündə yallı gedərək, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı verərək və 2020-ci ilin yayında Ermənistanın müdafiə naziri yeni əraziləri işğal etmək anonsları verərək xalqımızın heysiyyatı ilə oynamışlar. 2020-ci ilin 44 günlük müharibəsi məhz bu ardıcıl təxribatlara cavab olaraq baş verdi və xarici dairələrin dəstəyinə, Minsk qrupunun fəaliyyətinin “sıfır effektivliyi”nə baxmayaraq Azərbaycan illərlə kağız üzərində qalan BMT qətnamələrini özü təkbaşına icra etdi. İstər Vətən müharibəsinə qədər olan zaman kəsiyində, istərsə müharibə zamanı Türkiyənin Azərbaycana qarşı siyasi və mənəvi dəstəyi olduqca böyük əhəmiyyət kəsb etmişdir. Müharibənin gedişində hər gün, hər an Türkiyənin Prezidenti sayın Rəcəb Tayyip Ərdoğan, eləcə də Türkiyənin ayrı-ayrı rəsmi şəxsləri və sadə xalq qətiyyətlə və əminliklə Azərbaycanın tək olmadığını idadə edərək xalqımızın yanında olmuş, haqq işimizə dəstək vermişlər. Şuşanın azad olunması ilə əlaqədar cənab Prezident İlham Əliyevi və Azərbaycan xalqını ilk təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan olmuşdur. Türk Şurası 2020-ci ilin sentyabrın 28-də - müharibədən bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama vermişdir. Ondan sonra müharibə dövründə bir neçə dəfə buna oxşar açıqlamalar vermişdir. Cənab Prezident İlham Əliyev Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana göstərdiyi güclü mənəvi və siyasi dəstəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana, Türk Şurasına bir daha xüsusi təşəkkür etdi”. Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.Ekspertin sözlərinə görə, ölkə başçımızın da qeyd etdiyi kimi artıq Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb və hal-hazırda Dağlıq Qarabağ adında hər hansı bir ərazi vahidi mövcud deyil: “Azərbaycan bu məsələni həll edərək tarixi Zəfər əldə edib. Ermənistanın Qarabağda türk və müsəlman irsini məhv etməsi məsələsinə görüş zamanı xüsusi toxunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirdi ki, Qarabağ bölgəsindəki 67 məsciddən 63-ü dağıdılıb, həmçinin kilsələr də yerlə-yeksan edilib. Azərbaycan erməni faşizminin qarşısını alaraq, türk dünyası qarşısında tarixi xidmət göstərərək bu gün dağıdılmış ərazilərdə bərpa işlərinə başlayıb. Bu gün Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda dağıdılmış məscidləri, tarixi və mədəni abidələri bərpa edərkən əslində təkcə özünün deyil, bütün islam dünyasının dəyəri olan mədəni və dini irsə sahib çıxır və onu prinsipiallıqla müdafiə edir”.Politoloq qeyd edib ki, eyni zamanda, Zəngəzur dəhlizi və Naxçıvanla kommunikasiyanın açılmasının Türk dünyası üçün əhəmiyyətini vurğulayan cənab Prezident bu məsələnin vacibliyini hər zaman açıq şəkildə dilə gətirib: “Belə ki, hələ 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə və 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə Prezident İlham Əliyev Zəngəzur bölgəsinin vaxtilə Azərbaycanın tarixi torpağı olduğunu, onu türk dünyasını parçalamaq məqsədilə Azərbaycandan qoparıb Ermənistana birləşdirildiyini bildirmişdi. Zəngəzurun qoparılması ilə türk aləminin vahid bir platformada fəaliyyətinə əngəl yaradılmışdır. Lakin bu məsələni aktual tutan cənab Prezident hər zaman bildirirdi ki, türk dünyası arasında qəbul edilmiş qərarlarla, atılmış addımlarla biz fəaliyyətimizi daha gücləndirəcəyik. Elə bu baxımdan da 2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə türk dövlətləri arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Türk Şurasının yaradılmasına dair qərar məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilərək, türk dünyası üçün böyük rəmzi əhəmiyyətə çevrildi”.

Ş.Həsənova vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyənin önəmli rol oynadığını Qazaxıstanın birinci Prezidenti-Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev də çıxışında vurğuladı: “Nursultan Nazarbayev tərəfindən təklif edilən “Türk dünyasının gələcəyi - 2040” adlı sənəd olduqca mühüm əhəmiyyət kəsb edir. O baxımdan ki, bu gün türk dövlətləri müstəqil və güclüdür. Lakin müstəqil və güclü olmaqla kifayətlənməyib biz həm də birlikdə olmalıyıq, birlikdə olmağımız güclü olmağımızın ən etibarlı zəmanətidir. Bu gün türk dövlətlərinin qarşılıqlı münasibətləri ilə bağlı qəbul olunan çoxsaylı sənədlər siyasətdən iqtisadiyyata, mədəniyyətə, elm və təhsilə qədər bütün istiqamətlərdə əlaqələrimizin real əsasını təşkil edir. İndiyədək bu istiqamətdə müəyyən addımlar atılıb, amma daha qətiyyətli addımların atılmasına zərurət var. Türk birliyini mümkün və zəruri edən ilkin əsaslar tarixən mövcuddur. Eyni sivilizasiya koduna mənsub olmağımız, dil, din və mədəniyyət eyniliyimiz, türk xalqı olaraq içimizdən gələn qarşılıqlı cazibə qüvvəsi yarana və güclənə biləcək bütün növ əməkdaşlıq üçün tam real zəmin rolunda çıxış edir. Türk dövlətləri olaraq biz istənilən çağırışlara hazır olmalı, mövcud potensialı genişləndirməliyik. Bu məsələni qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də Türk Şurasının regional əməkdaşlıq üçün səmərəli mexanizmə çevrildiyini vurğulayarkən qeyd etdi”.

sia.az

Digər xəbərlər