Siyasət

  • 4 683

Sədaqət Vəliyeva: Zəngəzur dəhlizi Türk dünyasının inkişafına yeni nəfəs verəcək

image

“44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar geosiyasi məsələlərə də təsirsiz ötüşmür. Yeni əməkdaşlıq və tərəfdaşlıq konfiqurasiyası müasir yanaşma və metodları tələb edir. Artıq Qarabağ probleminin həllindən sonra Qara dəniz-Xəzər dənizi-Mərkəzi Asiya regionlarında – bütövlükdə Türk dünyasında inkişafın yeni mərhələsinə yüksəlmək üçün real şanslar yaranıb. Bu mənada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının keçirilmiş qeyri-formal Zirvə görüşü türk dövlətləri arasında olan birliyin, əməkdaşlığın daha da inkişaf etməsi baxımdan mühüm töhfə olacaq”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Zirvə görüşündə müzakirə olunan mühüm məsələlərdən biri də məhz Zəngəzur dəhlizi idi: “Cənab Prezident İlham Əliyev çıxışı zaman dəhlizin əhəmiyyətini xüsusilə dəyərləndirdi. Bu da səbəbsiz deyildir. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Ümumilikdə, Zəngəzur dəhlizi Türk dünyasının inkişafına yeni nəfəs verəcək”.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində qazanılmış böyük zəfərin nəticəsi olaraq noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda Prezident İlham Əliyevin tələbi ilə ölkəmiz və region üçün çox vacib olan 9-cu maddənin salınması mühüm diplomatik qələbə idi: “Çünki bu maddə Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaradır. Eyni zamanda, bu, Çindən Qərbə doğru yeni nəqliyyat qapısının açılması deməkdir. Həmçinin, Zəngəzur dəhlizinin açılması, Naxçıvana dəmir yolu əlaqəsinin bərpası Şərq-Qərb, Şimal-Cənub dəhlizləri ilə bağlı yeni şərait yaradır. Heç şübhəsiz ki, nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyətə malik Zəngəzur dəhlizi perspektivdə region dövlətləri ilə yanaşı Türk dünyasının da yararlana biləcəyi marşrut olacaq. Eləcə də Zəngəzur dəhlizi Avropa ilə Asiyanı bağlayacaq əsas xətt, türk dünyası arasında yaranmış yeni körpü olacaq. Məhz bütün bunlara görə də Prezident İlham Əliyevin Zirvə görüşündə Zəngəzur dəhlizi ilə bağlı çıxışı Avrasiya geosiyasi məkanı üzrə ünvanlanmış mühüm tarixi-siyasi mesaj idi”.

yap.org.az

Digər xəbərlər