Soltan Məmmədov: Yoluxucu xəstəliklərlə mübarizənin ən təsirli yolu məhz peyvəndlərin tətbiq olunmasıdır

“Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərini uğurla təşkil edən ölkələr sırasındadır. Əhalinin peyvənd olunması prosesi də kifayət qədər effektiv təşkil olunub”. Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov deyib.

Deputat bildirib ki, hazırda ölkədə yarım milyondan çox insan koronavirusa qarşı peyvənd olunub ki, bu da MDB məkanında ən yaxşı göstəricidir. Deputat bildirib ki, Azərbaycan dövləti pandemiyanın ilk günlərindən əhalinin sağlamlığını maksimum dərəcədə qorumaq üçün bütün imkanlarını səfərbər edib.
Soltan Məmmədov indiyə qədər Azərbaycana bir milyon beş yüz minə yaxın peyvəndin gətirildiyini vurğulayaraq, bu prosesin davam etdiyini diqqətə çatdırıb: “Bu ay ərzində ölkəmizə bir milyon iki yüz mindən çox peyvənd gətirilməsi gözlənilir. Avqust ayına qədər Azərbaycan 16 milyon peyvənd əldə edəcək. Bu əhalinin əksər hissəsini peyvənd etməyə imkan verəcək. Kollektiv immunitetin yaranması üçün ölkə əhalisinin 60-70 faizi peyvənd olunmalıdır”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın peyvənd strategiyası hazırlanarkən bir çox məqamlar, o cümlədən peyvəndlərin əldə olunması ilə bağlı mümkün çətinliklər də nəzərə alınıb. Alternativ variantlar nəzərdən keçirilib. Azərbaycan həm COVAX platforması çərçivəsində, həm də ayrı-ayrı ölkələr, peyvənd istehsalçısı olan şirkətlərlə danışıqlar aparıb. Bu gün də proses dayanmayıb. Bütün mümkün variantlar diqqətlə öyrənilib və müvafiq dövlət qurumları, hökumət tərəfindən zəruri addımlar atılır. Bu baxımdan, hesab edirəm ki, bizim ölkəmizdə əhalinin peyvənd olunması ilə bağlı ciddi problem gözlənilmir.
Soltan Məmmədov vətəndaşların peyvəndin zəruriliyini düzgün qiymətləndirməsinin də vacib olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, yoluxucu xəstəliklərlə mübarizənin ən təsirli yolu məhz peyvəndlərin tətbiq olunmasıdır. Buna görə də hər kəs bu prosesə məsuliyyətlə yanaşmalı, peyvənd olunmaqdan çəkinməməlidir. Deputat bildirib ki, kollektiv immunitetin yaranması, məhdudlaşdırıcı tədbirlərin tətbiq olunmaması üçün əhalinin peyvənd olunması olduqca vacibdir.

yap.org.az