Siyasət

  • 3 675

Azərbaycanın yaratdığı əməkdaşlıq imkanları bütün region üçün faydalıdır

image

Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi təkcə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və haqq-ədalətin öz yerini tapması ilə əlamətdar deyil. Bu müharibənin nəticələri həm də region dövlətləri üçün yeni əməkdaşlıq potensialı yaradıb. Yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanları bölgədə çoxşaxəli münasibətlərin inkişafına xidmət göstərir və böyük iqtisadi-ticari qazanc vəd edir.

Zəngəzur dəhlizi türk dünyasını birləşdirəcək

Bu istiqamətdə diqqət yetirilən əsas məsələ regionda yeni nəqliyyat-kommunikasiya xəttinin yaradılmasıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə qeyd etdi ki, müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı: “Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq”.
Əlbəttə, Zəngəzur dəhlizi həm ölkəmizin yerləşdiyi regionda, həm də bütövlükdə türk dünyasında yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Məlumdur ki, Zəngəzurun o vaxt Azərbaycandan alınması və Ermənistana birləşdirilməsində məqsəd həm də türk dünyasında qarşılıqlı münasibətlərin inkişafına mane olmaq idi. Çünki bu addım coğrafi ayrılmaya səbəb olurdu. Amma qədim Azərbaycan torpağı olan Zəngəzur yeni şəraitdə türk dünyasında birləşdirici rol oynayacaq. Bu ərazidən keçən nəqliyyat xətti türkdilli dövlətlərin əməkdaşlıq imkanlarını genişləndirəcək.

Yeni infrastrukturun yaranması regional inkişafa xidmət edir

Ən vacib məqamlardan biri yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında birbaşa quru əlaqəsinin yaranmasıdır. Təbii ki, bu, sosial-iqtisadi cəhətdən çox önəmlidir. Yeni infrastrukturun yaranması Azərbaycanın tranzit əhəmiyyətinin artması, iqtisadi inkişafının sürətlənməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, bu proses uzun müddət blokada vəziyyətindən əziyyət çəkən Naxçıvan Muxtar Respublikasının inkişafı üçün yeni imkanlar yaradır. Təbii ki, Orta Asiya ilə Avropanı birləşdirən bu infrastruktur layihəsi digər region ölkələri üçün də iqtisadi fayda əldə etmək üçün perspektivlidir.
Beləliklə, qalib Azərbaycanın yaratdığı əməkdaşlıq imkanları bütün region üçün faydalıdır. Tərəfdaş ölkələrin bu imkanlardan istifadə etməsi isə ölkəmizin çoxşaxəli münasibətlərinin inkişafına töhfə olacaq.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

yap.org.az

Digər xəbərlər