Kamran Bayramov: Ermənistan öz cinayətkar əməllərindən əl çəkmək niyyətində deyil

“Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında basdırılan minaların xəritəsini gizlətməsi bütün beynəlxalq qanunlara, prinsiplərə ziddir və hərbi cinayət hesab olunur”. Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, müharibə bitsə də Ermənistanın xalqımıza qarşı cinayətləri davam etməkdədir: “10 noyabr razılaşması imzalandıqdan sonra döyüş əməliyyatları bitsə də, bu günə qədər həm hərbçilər, həm də mülki vətəndaşlar daxil olmaqla, xeyli sayda insan həlak olub, yaralanb. Azərbaycan tərəfi 10 noyabr razılaşmasına tam əməl edir, hətta bir sıra məsələlərdə humanistlik nümayiş etdirir. Misal üçün, Ermənistan Kəlbəcərin boşaldılmasına əlavə 10 gün vaxt istədi və Azərbaycan tərəfi humanistlik göstərərək vaxt verdi. Lakin eyni humanist addımları Ermənistan tərəfindən görmürük. Əksinə, Ermənistan tərəfi minalanməş ərazilərin xəritəsini gizlətməklə həm daha çox insanın həlak olmasına, həm də işğaldan azad edilmiş ərazilərin bərpasını ləngitməyə çalışır”.
Millət vəkilinin sözlərinə görə, Ermənistan öz cinayətkar əməllərindən əl çəkmək niyyətində deyil: “Ermənistan xəritələri verməkdən boyun qaçırmaqla regionda davamlı sülhün əldə olunmasına, əməkdaşlıq mühitinin yaranmasına mane olur. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar bu məsələdə də susqunluq nümayiş etdirirlər. 44 günlük müharibə dövründə bir çox dövlətlər, beynəlxalq təşkilatlar döyüş əməliyyatlarını dayandırmaqla bağlı Azərbaycana təzyiq göstərməyə çalışırdılar, lakin indi hamısı sakit oturub, Ermənistanın cinayət əməllərinə göz yumurlar”.

yap.org.az