Siyasət

  • 3 192

Eldəniz Səlimov: “Ermənistan layiqli cavabını alır” ÖZƏL-MÜNASİBƏT

image

“İstənilən dövlət rəhbərinin başqa bir ölkənin lideri ilə bir araya gəlməsi, görüşməsi, müzakirələr aparması normal bir haldır. Heç kim də buna qarışa, müdaxilə edə bilməz. Rusiya lideri ilə məğlub Ermənistanın baş nazirinin görüşü də bu baxımdan qeyri-adi və təəccüblü deyi”. Bunu “Səs” qəzetinə açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.Onun sözlərinə görə, istər 44 günlük müharibə zamanı, istərsə də, 10 noyabrdan sonra Ermənistan baş nazirinin davamlı, israrlı şəkildə Putinlə telefon əlaqəsi saxlaması, hətta yalvar-yaxar etməsi heç kimə sirr deyil: “Bunun da səbəbi hər kəsə məlumdur və bu haqda da dəfələrlə danışılıb, münasibət bildirilib. Ermənistan son 30 ildə heç zaman müstəqil siyasi xətt yürüdə bilməyib. Hər zaman Rusiyadan, başqa güclərdən asılı olub, xüsusilə, qonşu dövlətin vassalı, forpostu rolunda çıxış edib. Dəfələrlə iqtidarlar, hakimiyyətlər dəyişsə də, Ermənistanın siyasətində heç bir dəyişiklik baş verməyib, bu və ya digər dərəcədə Rusiyadan asılı vəziyyətdə qalıb. Bunda da kimsə deyil, özləri günahkardır. Bunun məsuliyyəti də başabəla, xəstə təxəyyüllü və təfəkkürlü Ermənistan siyasətçilərinin və "başbilənləri"nin çiyinləri üzərindədir. Onlar öz "siyasətləri" ilə öz xalqlarına ancaq və ancaq bədbəxtlik gətiriblər, onu uçurumlardan uçurumlara doğru yuvarladıblar. Hər halda bu, onların problemidir, özləri bilər. Düzünü deyim ki, son görüşdən də müsbət nəsə gözləmirəm”.E.Səlimov onu da bildirdi ki, Ermənistanın 44 günlük müharibədən, 10 noyabr məğlubiyyətindən sonra da öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən bu və ya digər dərəcədə yayınmağa, vəziyyəti yenidən gərginləşdirməyə çalışır və hər dəfə də Azərbaycan tərəfindən layiqli cavabını alır, özü də bütün müstəvilərdə. Ancaq gec-tez onlar bütün öhdəliklərini yerinə yetirməli olacaqlar, "Dəmir Yumruğ"u yenidən başlarında görmək istəmirlərsə, buna məhkumdurlar, məcburdurlar və bunu nə qədər tez etsələr, ilk növbədə özlərinə daha çox sərfəlidir. Bəli, onlar hələ də minalanmış ərazilərlə bağlı xəritələri Azərbaycana təqdim etmək istəmirlər, ancaq tam əminliklə deyirəm ki, bunu da edəcəklər, həmin xəritələri də Azərbaycana təqdim edəcəklər. Çünki bilirlər ki, təqdim etməsələr, aqibətləri nə ilə sonuclana bilər. Odur ki, artıq ağıllarını başlarına yığmalı, olanlardan ibrət götürməli, ondan-bundan nəsə gözləməməli, konstruktivlik nümayiş etdirməlidirlər. Çox istərdik ki, qonşu dövlət də bu məsələdə Ermənistana öz təzyiqlərini artırsın və onları vəziyyəti gərginləşdirməyə yönələn addımlardan çəkindirsinlər. Yenə də deyirəm ki, yoxsa, növbəti dəfə Azərbaycanın qəzəbi ilə, "Dəmir Yumruq"la üzləşməli olacaqlar”.

sia.az

Digər xəbərlər