Ramin Məmmədov: “YAŞAT” Fondunun yaradılması Azərbaycanda milli birliyin və həmrəyliyin göstəricisidir

“YAŞAT” Fondunun yaradılmasında məqsəd şəhid ailələrinə və hərbi əməliyyatlarla əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə yardımla bağlı ictimai və vətəndaş təşəbbüslərinin düzgün istiqamətləndirilməsi, bu prosesdə sistemli, ardıcıl və məqsədyönlü yanaşmanın təmin edilməsidir”. Bu fikirləri Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Deputat bildirib ki, “YAŞAT” Fondu ötən dövrdəki fəaliyyəti ilə dövlətin bu sahədə həyata keçirdiyi tədbirlərə əlavə dəstək verilməsini təmin edib. Azərbaycan Prezidentinin dəfələrlə öz çıxışlarında şəhidlərə və Vətənin müdafiəsində iştirak etmiş şəxslərə xüsusi diqqət və həssaslıqla yanaşılmasının vacibliyini vurğuladığını xatırladan Ramin Məmmədov deyib: “YAŞAT” Fondu həm də Azərbaycan cəmiyyətinin Vətən müharibəsi iştirakçılarına, eləcə də ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşmüş, şəhidlik zirvəsinə ucalmış, sağlamlığını itirmiş bütün şəxslərə ictimai münasibətinin ifadəsidir. Çünki biz xüsusilə Vətən müharibəsindən sonra Azərbaycanda bu insanların taleyinə kifayət qədər yüksək ictimai həssaslıq müşahidə edirik. Təbii ki, “YAŞAT” Fondunun yaradılması məhz bu müşahidələrin dövlət tərəfindən adekvat qiymətləndirilməsinin göstəricisi kimi dəyərləndirilməlidir”.
Millət vəkilinin sözlərinə görə, Fond ötən müddətdə 2800-ə yaxın şəhidin 14 min ailə üzvü və 10 minədək qazi ilə görüşlər keçirib. Bu insanların əsas ehtiyacları müəyyənləşdirilib, müvafiq təhlillər və qiymətləndirilmələr aparılıb. “Hesab edirəm ki, bu amillər Fondun nə qədər fəal, eyni zamanda, sistemli fəaliyyət göstərdiyini təsdiqləyir. Xeyli sayda şəhid ailəsinə yardımlar edilib, Vətən müharibəsində yaralanmış soydaşlarımızın müalicəsi təmin olunub, onların bir qisminin xarici ölkələrdə müalicəsinin davam etdirilməsinə imkan yaradılıb”, - deyə deputat diqqətə çatdırıb.
Ramin Məmmədov vurğulayıb ki, “YAŞAT” Fondunun yaradılması Azərbaycanda milli birliyin və həmrəyliyin göstəricisi kimi də qiymətləndirilə bilər. Bu günə qədər fonda ödəmələrin davam etdirilməsi, eyni zamanda, öz fəaliyyətini kifayət qədər şəffaf bir formada təşkil etməsi bu quruma olan ictimai etimadı da gücləndirir. Deputat deyib: “Azərbaycan xalqı müharibə iştirakçılarına, Vətən uğrunda canından, sağlamlığından keçmiş insanlara kifayət qədər həssas münasibət göstərir. Təbii ki, dövlət tərəfindən atılan addımlar, həyata keçirilən siyasət bu münasibətin bir ictimai dəyər kimi qavranılmasını şərtləndirən əsas amillərdən biridir. Fikrimcə, qeyd etdiyim məqamlar həm də “YAŞAT” Fondunun üzərinə düşən məsuliyyəti daha da artırır, daha böyük gözləntilərin meydana çıxmasına səbəb olur. Lakin müşahidələrimiz əsasında deyə bilərik ki, fondun bugünkü fəaliyyəti, idarəçilik və vətəndaşlarla ünsiyyət metodu bundan sonra da gözləntiləri doğrulda biləcəyini söyləməyə əsas verir”.

yap.org.az