Siyasət

  • 7 644

"Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətin sosial siyasətidir" MƏQALƏ

image

Vətən müharibəsi adı ilə tariximizin ən şanlı səhifələrindən birinə çevrilmiş İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə nəticələndi. Bu tarixi Qələbə şəhidlərimizin canları, qazilərimizin sağlamlığı bahasına, cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində əldə olunub. Şübhəsiz ki, dövlətimiz Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, eləcə də qazilərimizə, həmçinin torpaqlarımızın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərmiş bütün döyüşçülərimizə diqqət və qayğı ilə yanaşır.Bu gün Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də Vətən Müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə diqqət və qayğının göstərilməsidir. Qeyd etmək lazımdır ki, bu sahədə dövlətin institusional təşəbbüsləri xüsusi əhəmiyyət kəsb edir. Bu təşəbbüslər işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsi və digər bu kimi dövlət əhəmiyyətli işlərin həyata keçirilməsində vacib rol oynayır.Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının ən bariz örnəyi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondunun yaradılması olub. Belə ki, “YAŞAT” Fondu bu istiqamətdə dövlətin institusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı əks edir.Vətən Müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələlərinə baş çəkmək üçün “ASAN xidmət” əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılıb və onlar müvafiq təlimlərə cəlb edilərək artıq öz vəzifələrinin icrasına başlayıblar. “YAŞAT” Fondu, sözün əsl mənasında, cəmiyyət və dövlət birliyinin təcəssümüdür. Böyük humanitar missiyanı özündə ehtiva edən Fonda könüllü ödəmələr dayanmadan davam edir.Ölkə Prezidenti cənab İlham Əliyevin 7 yanvar 2021-ci il tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin yaradılması nəzərdə tutulub. Bu, ölkəmizdə sosial siyasətin şaxələnməsi və institutlaşdırılması istiqamətində atılan son dərəcə önəmli bir addımdır. Bu şöbələrin yaradılması dövlətin müvafiq xidmətlərindən vətəndaşların faydalanmaq imkanlarını artırır. Dövlət xidmətlərinin əlçatanlığı isə Vətən Müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət edir.Dövlətin mühüm institusional təşəbbüslərindən daha biri kimi müraciətlərə baxılmasında obyektivliyin təmin edilməsi üzrə xüsusi qurumların yaradılmasını qeyd etmək olar. Bilirik ki, Vətən Müharibəsində iştirak etmiş hər bir hərbiçin müraciətinə dövlət həssaslıqla yanaşır. Buna görə də Müdafiə Nazirliyində səfərbərlikdən tərxis olunan şəxslərin müraciətlərinə baxılması üzrə xüsusi komissiya yaradılıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən cəmi bir neçə gün ərzində 800-ə yaxın müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülüb. Həmçinin komissiyanın bölgələrdə səyyar qrupları da fəaliyyət göstərir. Məsələn, Füzuli rayonu ərazisində fəaliyyət göstərən belə bir səyyar qrup tərəfindən qısa zamanda 100-dən artıq müraciətə baxılıb, onların böyük hissəsi yerində həll olunub, digər müraciətlərin həll olunması üzrə müvafiq tədbirlər görülüb.Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə işğaldan azad olmuş ərazilərimizin dirçəldilməsi məqsədilə yaradılmış Qarabağ Dirçəliş Fondu dövlətimizin bir digər mühüm strateji addımlarından biridir. Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq. Qarabağ Dirçəliş Fondunun yaradılması dövlətin Qarabağ siyasətinin təzahürüdür. Fondun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək. Məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə həyatının bütün digər sahələrində də sürətli inkişafa nail olunacaq. Bütün bunlar insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına önəmli töhfələr verəcək.Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində zərər çəkmiş mülki əhali də dövlətimizin qayğısı ilə maksimum əhatə olunur. Ermənistanın silahlı qüvvələri hərbi əməliyyatların davam etdiyi dövrdə Azərbaycan ərazisində mülki obyektləri, yaşayış binalarını hədəfə alırdılar. Bu hərbi cinayət əməllərinin nəticəsində hətta cəbhə bölgəsindən çox uzaqda yerləşən kənd və qəsəbələrimizdə, şəhərlərimizdə dinc insanlarımız öz həyatlarını itirmiş, əhaliyə böyük məbləğlərdə maddi ziyan dəymişdir. Bu gün Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi prosesi Azərbaycan dövlətinin tam nəzarətindədir. Mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlərin görülməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılıb. Tərtərdə, Gəncədə, Bərdədə və digər şəhər və rayonlarımızda zərər çəkən vətəndaşlar dövlət qayğısı ilə əhatə olunmalıdır. Zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə dövlət maliyyə yardımları göstərəcəkdir. Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə isə 1000 manat məbləğində yardım göstərilməsi nəzərdə tutulmuşdur.Qısamüddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib. Onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Fond tərəfindən həyata keçirilmiş ödənişlərin əsas istiqamətləri məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsini əhatə edib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir.Fondun şəffaf fəaliyyəti dövlətə ictimai etibarı artırır. Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur. İndiyədək fondda 24 804 936 manat toplanıb. Həmin vəsaitdən 15 036 831,70 manat fiziki şəxslər, 9 768 105,16 manat isə hüquqi şəxslər tərəfindən ödənilib.Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsi təmin edilib. Həmçinin şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub. Bununla yanaşı Vətən müharibəsi iştirakçılarının qayğılarının diqqət mərkəzində saxlanması məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli Qərarına əsasən, Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə də xüsusi komissiya yaradılaraq fəaliyyətə başlayıb.Bütün bunlardan əlavə olaraq qeyd etmək istəyirəm ki, döyüşlərdə iştirak etmiş hərbçilərə psixoloji yardım da göstərilir və bu proses davam etdiriləcəkdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə komissiya yaradılıb. Komissiyaya Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi daxildir.Hərbçilərin sosial statusunun dəstəklənməsi də dövlətin önəmli vəzifələrindəndir. Azərbaycan Respublikasında hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Qazi və şəhid ailələrinə qayğı sistemli xarakter daşıyır. Şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunmuşdur. Qazi və şəhid ailələrinə qayğının göstərilməsi üçün bütün potensiallar səfərbər olunur. İntensiv hərbi əməliyyatların başlanmasından etibarən Mərkəzi Bank şəhid olan və müxtəlif dərəcəli xəsarət alan hərbi qulluqçulara (və ya onların vərəsələrinə) sığorta ödənişlərinin operativ ödənilməsinin təmin olunması məqsədilə müvafiq dövlət qurumları – Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müdafiə Nazirliyi ilə əməkdaşlığa başlamışdır. Qazi və şəhid ailələri sosial sığortanın imkanlarından faydalanacaqlar. Şəhid, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinin xeyli artacağı nəzərə alınaraq "AzSığorta" şirkətinin daxili idarəetmə potensialı artırılmışdır. Şirkətin fəaliyyəti müraciətlərin yeni miqyasına uyğunlaşdırılmış, insan resursları artırılmış, təkrarlanan əməliyyatlar avtomatlaşdırılmışdır. Vətəndaşların fiziki qəbulu üçün müasir standardlara uyğun xidmətlər təşkil edilmiş, zənglərin qəbulu üçün telefoniya sistemi qurulmuşdur. Ödənişlərin operativ əldə edilməsi üçün geniş filial şəbəkəsinə malik olan banklarla hesablaşma əməliyyatlarının aparılması təmin edilmişdir. "AzSığorta" tərəfindən bu günə qədər 1 053 şəhidimizin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət almış 4 119 nəfər hərbçimizə 18 109 850 manat ödəniş edilib.Dövlət səviyyəsində şəhid və qazi ailələrinin daim diqqət mərkəzində saxlanılması biz müəllimləri də çox sevindirir. Doğma Vətənini canından çox sevən bir vətəndaş kimi, aparılan bu məqsədyönlü siyasəti dəstəkləyir və bu işdə əməyi olanlara uğurlar arzulayıram.Yaşasın müstəqil Azərbaycan! Allah şəhidlərimizə rəhmət etsin! Allah yaralı hərbi qulluqçularımıza şəfa versin!

Allahverdiyeva Gülxanım Arif qızı
322 No – li tam orta məktəbin Tarix müəllimi

sia.az

Digər xəbərlər