PDF Oxu

Siyasət

  • 9 346

"Şanlı qələbə Azərbayca qüdrətinin göstəricisidir" MƏQALƏ

"Şanlı qələbə Azərbayca qüdrətinin göstəricisidir" MƏQALƏ

Vətən... Sətirlərə sığmayan sevgi, qəlblərdə coşub - daşan böyük bir ümman, qürur, qeyrət, namus, ilk qədəm, son mənzildir Vətən. İlk addımında öpülən torpaq, dua edilən ocaqdır Vətən. Yazdıqca bitməyən sözdür Vətən.Amma o söz "Qarabağ”a çevriləndə əsrlərin, qərinələrin tilsimində qalmış, duaların içində yer etmiş, ürəklərdə həbs edilmişdi, qəlbləri inilti ilə sızlatmış, üzəri qarsaq bağlamayan yaraya çevrilmişdi. 44 günlük Vətən müharibəsinə qədər. Xalqın birlik olub bir nəfəs aldığı günə qədər.O gün Qarabağ yenidən dirilişini yaşadı. Dəyişdirilən tarixini yaşadı. Mərd oğulların, güclü ordunun, əyilməz xalqın, milli birliyin sayəsində. Tarixi yenidən yazan Ali Baş Komandanın sayəsində. Elə bir tarix yazdı ki, əsrlər belə keçsə, nə bizlər bu tarixi unudacaq , nə də erməni vandalları yaşadıqları bu rəzaləti yaddan çıxaracaqlar. Bizim üçün şanlı qələbə,onlar üçün məğlubiyyət oldu. Çünki qəsbkarlıq siyasəti ilə , şişirdilmiş “Böyük dövlət” , “Əzilməyən ordu” , “Keçilməyən istehkam” kimi mənasız ifadələrlə özlərini inandırmağa çalışmış,hansısa “Artsax” dövlətini qurmaq niyyətində olmuş, mənasız söz yığını prinsipilə yaşamış, xəyallarında böyük bir Ermənistan canlandırmışdılar. Əlbəttə, bu yalnız xəyallarda ola bilərdi. İndi onların “Əzilməyən ordu”su, “Keçilməyən istehkam” ları Hərbi Qənimətlər Parkında bizlər üçün nümayiş etdirilir.Müharibənin miqyasını göstərən, erməni qəsbkarlarının iç üzünü göstərən möhtəşəm bir ərazi. Yalnız bizlərin deyil, gələcək nəsillərin vətənpərvərlik yaddaşı.Yaradılmasına bu ilin yanvar ayından başlanılan və 5 hektar ərazini əhatə edən park paytaxtın Xətai rayonunda yerləşir. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.Hərbi Qənimətlər Parkına gələn hər bir şəxs Silahlı Qüvvələrimizin nələrə qadir olduğunu öz gözləri ilə görəcək, bu qələbəni əldə etmək üçün ordumuzun hansı sınaqlardan keçdiyini dərindən hiss edəcəkdir. Çünki 30 il ərzində düşmən dayanmadan istehkamlar qurmuş, mövqeyini möhkəmlətməyə çalışmışdı. Lakin peşəkar Azərbaycan hərbçisi qəlbində Vətən sevgisi, üzərində daşıdığı şanlı Azərbaycan bayrağı və Ali Baş Komandan tərəfindən verilən dəqiq və düzgün qərarlar sayəsində bütün bu keçilməz istehkamları yararaq, səngərləri , sığınacaqları dağıdaraq 30 illik Vətən həsrətimizə son qoydu.Çünki güclü ordu güclü dövlət, basılmaz yurd deməkdir. Bu 17 il ərzində əsas büdcə xərclərinin hərbi xərclər olması da bunun bariz sübutudur. Məhz elə bunun sayəsində bugünkü hədəflərə nail olundu. Ordunun döyüş qabiliyyətinin möhkəmlənməsi, müasir silah-sursat, texnika ilə təchiz edilməsi, başqa bir ölkədən asılı olmaması, silahlanma siyasətinin düzgün aparılmasının göstəricisi idi.. Bundan başqa qələbənin təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza da yaradıldı. Çünki döyüş yalnız ön cəbhədə deyil, arxa cəbhədə də davam edirdi. İlham Əliyevin bənzərsiz çıxışları, səbirli və təmkinli davranışı, mükəmməl intellektual səviyyəsi bütün dünyanı heyrətə saldı. Əlbəttə, belə prezidenti olan dövlət heç vaxt uduza bilməzdi. İlham Əliyev siyasi sabitliyi qoruyub saxlamaq, vətəndaş birliyini təmin etmək üçün xalqın dəstəyini də hiss edərək inamlı addımlar atdı. Zamanında verdiyi qərarlar nəticəsində iqtisadiyyatımızın çiçəklənməsi qələbəmizin təminatına çevrildi. Ermənistan bütün imkanlardan kənarda qaldı.Ancaq bu yol asan olmadı. Müstəqilliyimizin ilk illərinə nəzər salsaq, dövlətimizin nə qədərs siyasi xəyanətkarlıqla üzləşdiyinin şahidi ola bilərik.Hələ müstəqilliyimizin tam bərpa olunmadığı illərdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırmaq siyasəti ermənipərəst qüvvələrin hakimiyyətə gəlişini sürətləndirmək cəhdləri idi. 1987-ci ildə Ulu Öndərin bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və onlar bu fürsətdən istifadə etdilər. Ulu Öndərin istefasından iki həftə keçməmiş bir erməni millətçisi - Qorbaçovun müşaviri, onun sağ əli Aqanbekyan 1987-ci ildə Fransada olarkən Fransa qəzetinə müsahibə verərək demişdir ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir. Faktiki olaraq bizim problemlərimiz o vaxtdan başladı. O vaxt Azərbaycana qarşı çirkin informasiya kampaniyası aparıldı. Bu cəhdlərin də baş tutmadığını görən siyasi qüvvələr yeni qurulmuş dövlətə və Azərbaycan xalqına qarşı törədilmiş xəyanətkarlıqla: Xocalı soyqırımı, Şuşa və Laçının işğalı, Kəlbəcərin düşmənə təhvil verilməsi, qardaş qanının tökülməsi ilə nəticələndi. Otuz il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmadı..Və bu da son... Bəlkə də başlanğıc?! Ulu Öndərin davamçısı İlham Əliyev atasının vəsiyyətini yerinə yetirərək asan olmayan bu yolda düşməndən illərin yox, əsrin intiqamını, şəhidlərimizin intiqamını, günahsız körpələrin, gözüyaşlı anaların, boynubükük ataların intiqamını qəhrəman və peşəkar Azərbaycan Ordusunun mənəvi üstünlük, hərbi güc sayəsində döyüş meydanında aldı. Torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Şəhidlərimizin qanı yerdə qalmadı. Döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədalət bərpa edildi, düşmən torpaqlarımızdan qovuldu.İkinci Qarabağ müharibəsi şanlı tarixdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. 44 günlük Vətən müharibəsi bizim gücümüzün iradəmizin birliyimizin göstəricisi oldu. Dillərə dastan olan döyüşlərimiz dünya hərb tarixində çevriliş etdi. Tarix dəyişildi.Hərbi Qənimətlər Parkında səngərlərin arasında gələcəyimizlə birgə addımlayırıq. Sanki illərdir bizə həsrət qalan torpağımızın qoxusunu hiss edirik. İlərdir bizi gözləyirdi. Qoynunda özgəyə qucaq açmayan cənnət qoxulu yurdumuz..Sən şəhidlərin qanı ilə yoğrulmuş, sənin üçün canınıdan keçən bir millətin torpağısan.Qərinələr, əsrlər keçsə də, bizə aid olan bizə qayıdacaqdı. Çünki torpaq öz sahibinin gəlişini hər zaman gözləyər.Artıq başımızın üzərində mavi səma var. Par-par parıldayan günəş yolumuzu aydınladır, quşların cəh – cəhi Vətənimizə yeni dövrün gəlişini xəbər verir.

Yeni dəyişən, dəyişilən tarixin, yenidən dirilişin, əbədi azadlığın mübarək, Vətən!!!

Hüseynova Ziyagül Ramin qızı
Bakı şəhəri Xəzər rayonu İftixar Tağıyev adına 26№li tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi

sia.az

Digər xəbərlər