Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfəri çərçivəsində yolun çəkilməsi və yeni məktəbin tikilməsi ilə bağlı imzaladığı sərəncamları bu inkişafın təzahürüdür
Azərbaycanın ümumi tərəqqisi regionlarımızın ahəngdar inkişafından, sosial-iqtisadi və mədəni həyatda əldə olunan nəticələrdən, bölgələrdə həyata keçirilən layihələrdən çox asılıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev regionların inkişafını hər zaman diqqət mərkəzində saxlayır, yerlərdə görülən quruculuq işləri ilə şəxsən tanış olur, müvafiq tapşırıqlar verir. Ən mühüm məsələ isə, Prezident İlham Əliyev hər regionlara hər səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də, ictimaiyyətlə keçirdiyi görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə vəsaitin ayrılması regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsi olmaqla, dövlət başçısının hakimiyyətlə xalqın birliyini möhkəmləndiyinin göstəricisidir.Məhz bunun nəticəsidir ki, son 17 ildə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini xeyli dərəcədə dəyişmiş, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaratmışdır. Təkcə, onu demək kifayətdir ki, ötən illər ərzində Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində iqtisadiyyatımız dəfələrlə artmış, ölkənin ümumi valyuta ehtiyatları çoxalmışdır.Prezident İlham Əliyevin aprelin 20-də Hacıqabula səfəri və səfər çərçivəsində açılan obyektlərlə yanaşı həlli vacib olan problemlərin həyata keçirilməsi ilə bağlı, xüsusilə də yol və yeni məktəbin tikintisi ilə bağlı imzaladığı Sərəncamlar bir daha dövlətin xalqının yüksək inkişafı və rifahına hesablanmış amildir.
Hacıqabulda yeni yolun tikintisinə 5 milyon manat ayrılıb
Prezident İlham Əliyev Hacıqabul rayonunun Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamda bildirilir ki, on iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Dövlət başçısının imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir
Ölkənin iqtisadi inkişafının baza sütunlarından biri olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bütün mövcud problemləri, insanları narahat edən sosial məsələləri əhatə edərək ölkəmizin dinamik inkişafını təmin etməklə yanaşı, bölgələrin potensialının artmasına və əhalinin rifahının yüksəlməsinə geniş şərait yaradıb. Bu gün pandemiya şəraitində yaşadığımız zamanda ölkədə heç bir sosial layihələr, o cümlədən infrastruktur layihələri təxirə salınmayıb. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərləri çərçivəsində bir sıra sosial və iqtisadi xarakterli obyektlərin açılışı olub. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən son illərdə regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur, yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Təbii ki, avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır. Çünki hər bir xalqın mədəniyyəti yoldan başlayır. Müasir anlamda səliqəli, rahat yollar hər bir ölkənin inkişafını, tərəqqisini, iqtisadi gücünü göstərən əsas amillərdən biridir.
Müasir nəqliyyat-yol infrastrukturunun yaradılmasını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyev avtomobil yollarının, yol qurğularının açılış mərasimlərində şəxsən iştirak edir, habelə işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini verir. Ölkə başçısının tapşırığı ilə son 17 ildə yol infrastrukturunun müasir səviyyədə yenidən qurulması istiqamətində həyata keçirilən layihələr öz bəhrəsini verir. Regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra edilməsi, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafına gətirib çıxaran kənd və qəsəbələrarası avtomobil yollarının tikintisi istiqamətdə genişmiqyaslı işlər aparılır. Kəndlərarası və qəsəbələrarası avtomobil yolu layihəsi, habelə digər respublika əhəmiyyətli və magistral avtomobil yollarının layihələrinin icrası həyata keçirilir.Görülən işlərin davamı olaraq Prezident İlham Əliyevin Hacıqabul rayonunda da yeni yolun tikintisi ilə bağlı imzaladığı Sərəncam da bir daha dövlət başçımızın bölgələrin sosial-iqtisadi inkişafına qayğısının təzahürüdür.Azərbaycanda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında bütün ölkə üzrə müasir infrastrukturun yaradılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Son illərdə inşa edilən müasir yollar həm bölgələrin simasını dəyişib, həm də regionların investisiya cəlbediciliyini yüksəldib. Dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan yollardan istifadə edən investorlar iqtisadiyyatın müxtəlif sahələrinə məmnuniyyətlə sərmayələr yönəldirlər. Müasir yolların sosial önəmi də kifayət qədər böyükdür. Bu, insanların rahatlığı, yetişdirdikləri məhsulları bazarlara tez çatdırmaları, bir sözlə, vətəndaş məmnunluğunun təmin olunması deməkdir.
Son 17 ildə 17 min kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib
Yeri gəlmişkən, son 17 ildə ölkəmizdə yol infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Bəhs olunan dövrdə respublika üzrə uzunluğu 17 min kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib. O cümlədən 2020-ci ildə respublikamızda 1385,3 km uzunluğunda avtomobil yolları yenidən qurulub və yaxud yüksək səviyyədə təmir olunub. Bunlardan 254,6 km yol respublika əhəmiyyətli, 767,2 km yol isə yerli əhəmiyyətlidir.Oğuz-Şəki avtomobil yolunun əsas hissəsi yenidən qurulur.Öz resursları hesabına inkişafın milli modelini formalaşdıraraq tərəqqi yolunda inamla irəliləyən Azərbaycanda yol infrastrukturunun yenilənməsi ardıcıl səciyyə daşıyır. Vətən müharibəsinin başa çatmasından az vaxt ötməsinə, həmçinin pandemiya şər1aiti olmasına baxmayaraq, bu istiqamətdə işlər 2021-ci ilin əvvəlindən də yüksək intensivliklə davam etdirilir.
Şuşaya “Zəfər yolu”nun çəkilməsinin böyük rəmzi mənası var
Fərəh və qürur hissi ilə qeyd etmək lazımdır ki, Vətən müharibəsində şanlı qələbə qazanaraq tarixi ədaləti və öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanın qarşısında yeni perspektivlər açılıb. Bu, ölkə iqtisadiyyatının dinamik inkişafının dayanıqlılığının təmin olunması, eləcə də regionların sosial-iqtisadi inkişafı baxımından da müstəsna əhəmiyyət daşıyır. Daha dəqiq desək, üç onillik ərzində işğal altında qalan ərazilərimizin Azərbaycanın müzəffər Silahlı Qüvvələrinin rəşadəti və cəsarəti sayəsində azad olunması ilə regional inkişaf proqramlarının əhatə dairəsi daha da genişlənəcək. Hazırda ölkəmiz işğaldan azad edilən ərazilərə Böyük Qayıdış ərəfəsindədir. Artıq bəhs olunan ərazilərdə zəruri infrastrukturun yaradılmasına başlanılıb. Füzulidən Şuşaya çəkilən və böyük rəmzi məna daşıyan yol işğaldan xilas edilən ərazilərimizdə icrasına başlanan ilk infrastruktur layihəsidir. Prezident İlham Əliyev 101 km uzunluğa malik bu yolu «Zəfər yolu» adlandırıb.Bir sözlə, regionlarda yol infrastrukturunun yenilənməsi təkcə bölgələrin deyil, bütövlükdə, ölkəmizin davamlı inkişafının təmin olunması, eləcə də əhalinin rifahının mütəmadi olaraq yaxşılaşdırılması ölkəmizin getdikcə artan iqtisadi gücünün göstəricisidir.
sia.az