Siyasət

  • 4 823

"Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri qəbuledilməzdir"

image

Qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ Prezidenti C.Baydenin 24 aprel tarixli bəyanatı beynəlxalq münasibətlər sistemində hökmranlıq edən “ikili standartlar” siyasətinin təzahürüdür. Yüz il bundan əvvəl baş vermiş hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırıma hələ də ədalətli qiymət verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.Bəzi ölkələrin rəhbərlərinin 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdləri qəbuledilməzdir. ABŞ Prezidentinin erməni anım günü ilə bağlı bəyanatı tarixi həqiqətlərin təhrifidir. Bu cür bəyanatlar qərəzli xarakter daşıyır və konkret ölkələrin siyasi maraqlarına xidmət edir. Ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar dayanıqlı sülhə təhdid törədir.Bu cür bəyanatların məqsədi əgər tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və araşdırma bu sahədə ixtisaslaşmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir. Rəsmi Ankara məhz bu mövqedən çıxış edərək öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu dəfələrlə bildirib və həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini irəli sürüb. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməyib.Ermənistanın tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib. Qondarma “erməni soyqırımı” məsələsini siyasiləşdirərək gündəmə gətirənlər həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədilib. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Aqressiv erməni siyasətinin təzahürü olan bu cinayətlərin uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almaması ikili siyasətin təcəssümüdür.Aprelin 24-də Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında telefon danışığı olub. İki qardaş dövlətin başçıları bütün məsələlərdə olduğu kimi, bu dəfə də ABŞ Prezidentinin məlum bəyanatına qarşı eyni mövqedən çıxış ediblər. Telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar bəyanatını qınayıblar. Dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib. Türkiyə Prezidenti dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb. Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya 24 aprel tarixində məsələ ilə bağlı birgə bəyanat imzalayaraq, hər zaman qardaş Türkiyənin yanında olduqlarını və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pislədiklərini bəyan etmişlər. Siyasi partiyaların sözügedən bəyanatı Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq müstəvidə qurulduğunun növbəti sübutu və “İki dövlət bir millət” prinsipinin təcəssümüdür. Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətləri bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir.

Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri

sia.az

Digər xəbərlər