Vüqar İskəndərov: Azərbaycan pandemiya ilə mübarizədə öndə gedən ölkələr sırasındadır

“Pandemiya ilə mübarizə BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasının da əsas mövzularından biri olub. Azərbaycanın bu qlobal xəstəliyə qarşı apardığı effektiv mübarizə üsulları dünya dövlətləri tərəfindən də təqdir olunub”. Bu fikri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, hazırda ölkəmizdə əhalinin müəyyən hissəsi vaksinasiya olunub və bu proses davamlı gedir. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə addımların atılması ölkəmizin bu bəladan cox cüzi təsirlərlə çıxması ilə nəticələnib. Ancaq cənab Prezident İlham Əliyevin də sessiyada qeyd etdiyi kimi pandemiyaya ölkələr milli səviyyədə deyil, beynəlxalq səviyyədə, birlikdə mübarizə apararaq qalib gələ bilərlər.
“Əlbəttə, bu təşəbbüslə Azərbaycan bir neçə dəfə çıxış edib. Cənab Prezidentin təşəbbüsü ilə Qoşulmama Hərəkatının sədri qismində Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısı keçirilib. Həmçinin yenə ölkə başçısının təşəbbüsü ilə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycan bu mübarizədə də nümunəvi addımları ilə dünyaya dərs keçmiş oldu. Yaxşı olardı ki, pandemiyadan öz məkrli planları üçün istifadə edən bəzi dövlətlər də bu addımlardan nəticə çıxarardılar. Məsələn, vaksinlərin paylanmasında ayrı-seçkilik salan qurumlar, ölkələr anlamalıdır ki, bu pandemiya ilə birlikdə mübarizə aparılmasa, uzun illər xəstəlik dünyanı cənginə alaraq iflic vəziyyətinə salacaq”,-deyə millət vəkili vurğulayıb.

yap.org.az