Eldəniz Səlimov: Hazırda işğaldan azad olunmuş ərazilərdə böyük inkişafın təməlləri atılır

“Hazırda işğaldan azad olunmuş ərazilərdə böyük inkişafın təməlləri atılır. Artıq regionların inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün bir sıra mühüm layihələr həyata keçirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycanın inkişafı bütün regionun inkişafı üçün əsaslı zəmin yaradır”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, qarşıda bizi tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi mühüm vəzifə gözləyir. Hazırda həmin ərazilərdə yeni yollar çəkilir, aeroportlar tikilir, «ağıllı kənd» və «ağıllı şəhər» layihələri reallaşdırılır. Demək olar ki, Azərbaycan üçün müharibə qurtarıb, bərpa-quruculuq işlərinə start verilib.
Millət vəkilinin sözlərinə görə, Ermənistanda revanşistləri nəzərə almasaq, ermənilər artıq dərk edir ki, Qarabağ onların deyil və özgə torpaqları uğrunda ölmək ağılsızlıqdır: “ Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük ruh yüksəkliyi ilə qarşılanır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir”.

yap.org.az