İşğaldan azad olunmuş ərazilərimizin sürətlə bərpa edilməsi ölkəmizin qüdrətinin dünyaya nümayişidir Mehman İsmayılov

“Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalçı Ermənistan ordusunun 30 illik hegemonluğuna son qoyduqdan və ərazilərimizi azad etdikdən sonra dövlətimizin başçısı ailə üzvləri ilə birlikdə bu ərazilərə səfər edir, Azərbaycan bayrağını qaldırır, düşmənin yerlə - yeksan etdiyi yaşayış məntəqələrinin əvvəlkindən də yaxşı bərpası üçün mühüm tədbirlər həyata keçirir. Növbəti səfər Cəbrayıl və Zəngilan rayonlarına oldu”. Bu fikirləri YAP Səbail rayon təşkilatının sədr müavini Mehman İsmayılov deyib.

Mehman İsmayılov bildirib ki, səfər zamanı diqqət çəkən əsas məqamlardan biri dövlətimizin başçısı, birinci xanım və qızlarının Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhənin qarşısına gəlmələri oldu. Möhtərəm Prezidentimiz dedi ki, vaxtilə Cəbrayıl rayonunun girişində ucaldılmış lövhəni yenidən qurduq və eyni formada, eyni dizaynla. Bununla da “Cəbrayıla xoş gəlmişsiniz!” lövhəsi bərpa olundu. Ölkə başçısı bildirdi ki, Sovet vaxtında bu abidə, - əgər belə demək mümkündürsə, - qoyulmuşdur, ucaldılmışdır və işğal dövründə tamamilə sökülmüş, paslanmışdır. Bunun paslanmış görüntüləri artıq mətbuatda da var. Ona görə tarixi ədaləti bərpa edərək, Cəbrayıl rayonunun girişində yerləşən bu “Xoş gəlmişsiniz!” lövhəsini, abidəni biz yenidən bərpa etdik. Azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bütün şəhərləri, kəndləri bərpa edəcəyik.

Onun sözlərinə görə, dövlət başçımız və ailə üzvləri Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında da iştirak etdilər. Yeni hərbi hissədə xidməti yüksək səviyyədə aparmaq üçün hər cür şərait var. Dövlət Sərhəd Xidmətinin hərbi arsenalı müasir silahlarla daha da zənginləşdirilir və silahlanmaya yeni pilotsuz uçuş aparatları da daxil edilir. Bu, dövlətimizin gücünün, qüdrətinin göstəricisidir. Daha sonra Prezident İlham Əliyev Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoydu. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.

“Dövlət başçımız səfər zamanı Zəngilanda Beynəlxalq Hava Limanının təməlini qoydu. Sevindirici haldır ki, azad edilmiş torpaqlarda ikinci hava limanının tikintisinə start verilib. Məlum olduğu kimi, artıq Füzuli Beynəlxalq Hava Limanının tikintisi uğurla gedir. Prezident İlham Əliyev, həmçinin Zəngilan - Horadiz avtomobil yolunun təməlini qoydu. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasını uğurla davam etdirilir. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Dövlətimizin başçısı daha bir neçə mühüm əhəmiyyətli tədbirdə, o cümlədən Mincivan dəmir yolu vağzalında oldu və qeyd etdi ki, dəmir yolu və vağzal yenidən qurulacaq. Dəmir yolunun yenidən qurulması prosesinə start verildi. Bütün bunlar düşmənə, eləcə də onun havadarlarına gözdağı, həm də ölkəmizin gücünün, qüdrətinin dünyaya nümayişidir. Artıq dünya birliyi də şahiddir ki, Qarabağ Azərbaycandır!”, -M.İsmayılov qeyd edib.

yap.org.az