Siyasət

  • 4 895

Avropa və Qərb dairələri İlham Əliyevin addımlarından nəticə çıxarmalıdırlar! ANALİTİK+AKTUAL

image

Onlar 30 ilə yaxın müddətdə regionda terror küləyi əsdirmiş tərəfə istər dolayı, istərsə də birbaşa yollarla dəstəklərini göstəriblər və bu dəstək indi də davam edir

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət konsepsiyasında aparıcı faktorlardan biri də humanizm prinsiplərinin daim diqqətdə saxlamasıdır. İstər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda bilavasitə, eyni zamanda, humanist dövlət başçısı kimi tanınan ölkəmizin rəhbəri bu addımlarını 44 günlük müharibədə əldə etdiyimiz şanlı qələbədən sonra da atmaqda davam edir. Bugünlərdə Azərbaycan tərəfinin 3 erməni hərbçisini (əsir statusunda olmasalar belə - R.R.) Ermənistana geri qaytarması da bu xüsusdadır. Daha dəqiq desək, Vətən müharibəsindən sonra Azərbaycan tərəfi erməni tərəfinin bütün əsirlərini bir nəfərədək, “hamının-hamıya” prinsipi ilə dəyişdi. Məhz 10 noyabr 2020-ci il tarixində üçtərəfli atəşkəs bəyanatının imzalanmasının ardınca Ermənistanın revanşist dairələrinin yenidən ölkəmizin ərazisində terror-diversiya aktı törətmək məqsədlərinin qarşısı alındı, nəticədə silahlı şəxslərin bir qismi təhlükəsizliyin təmin olunması şəraitində məhv edildi, bir qismi isə həbs olundu. Onların Azərbaycan qanunları əsasında cinayət məsuliyyətinə cəlb olunmaları isə əlbəttə ki, mühakimə gözləyir.
Hələ birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlının taleləri ilə bağlı edilən tələblərə cavab vermir, eləcə də izahat, bilgi də vermir!
Lakin Ermənistanın dövlət rəhbərliyinin bu gerçəkliyi anlamayaraq hələ də cinayətkarları “hərbi əsir” kimi bəyan etmələri, beynəlxalq dairələrdə qapılar döymələri, hər zaman olduğu kimi, hay-həşir qoparmaları da nəticəsiz qaldı. Yalnız Azərbayan Prezidenti İlham Əliyevin humanizm prinsiplərindən çıxış etməsinin nəticəsi olaraq, bu üç şəxs əfv edildi və Rusiya sülhməramlı kontingentinin iştirakı ilə Ermənistana təhvil verildi. Söz yox ki, bu addım beynəlxalq dairələr tərəfindən də yüksək qiymətləndirilməlidir, Ermənistana qarşı fakt olaraq göstərilməlidir. Çünki Ermənistan bununla yanaşı, digər faktlar qarşısında da aciz qalıb və hələ birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlının taleləri ilə bağlı edilən tələblərə cavab vermir, eləcə də izahat, bilgi də vermir. Maraqlıdır ki, 30 ilə yaxındır Azərbaycan tərəfinin bütün beynəlxalq qurumlara etdiyi müraciətləri də cavabsız qalır və bu qurumlar Ermənistan qarşısında tələb qaldırmaları yerinə, Azərbaycanı hədəfə alır, bu vasitə ilə təzyiq göstərməyə cəhdlər göstərirlər.
Avropa İttifaqı, Avropa Şurası, eləcə də Avropa Parlementi – xristian təəssübkeşliyindən xristian klubuna doğru inkişaf etmiş islamofobiya gerçəkliyi!
Əlbəttə ki, belə bir vəziyyət ikili standart reallığını, ya da xristian klubu faktını da təsdiq edir. Belə olmasa idi, hazırda Ermənistana qarşı təzyiqlər artırıla və bu ölkənin istər əvvəlki, istərsə də indiki rəhbərliyi üzərinə məsuliyyət qoyulardı. Təəssüf ki, biz bunu müşahidə etmirik.Yeri gəlmişkən, artıq Azərbaycan Ombudsmanıın azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabatı da müvafiq beynəlxalq strukturların diqqətinə çatdırılıb. Belə olan halda, bu strukturların həmin hesabata cavab vermək öhdəlikləri var. Çünki hazırkı zamanda da Ermənistanda azərbaycanlılara qarşı aşırı nifrət, eləcə də qətliamlar törətmək məqsədli planlar mövcuddur. Bu, həmin ölkənin sülhpərvərlik ideyasından nə qədər uzaq olduğunun bariz göstəricisidir. Eyni zamanda, sual yaranır ki, ölkəmizə qarşı qərəzli, siyasi həyasızlıq və Ermənistana tərəf xristian təəssübkeşliyi sərgiləyən Avropa İttifaqı, Avropa Şurası, eləcə də Avropa Parlementi, eyni zamanda, başqa beynəlxalq Avropa və Qərb qurumları niyə Azərbaycanın haqlı çağırışlarına səs vermirlər, əksinə, 30 ilə yaxın müddətdə regionda terror küləyi əsdirmiş tərəfə istər dolayı, istərsə də birbaşa yollarla dəstəklərini göstərirlər? Məsələn, bəlli olub ki, Avropa Parlamentinin 121 üzvünin Avropa Komissiyasının sədri və Aİ sədrinə müraciət edərək Azərbaycandan “erməni əsirlərin” (əslində isə terrorçu və diversantlarının) qaytarılmasının tələb etməyə çağırıblar. Halbuki, Aİ-nin birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş və beynəlxalq təşkilatların 1993-94-cü illərdə əksəriyyətinin sağ olduğunu təsdiqlədiyi 4 mindən artıq azərbaycanlının taleyinə dair susması davam edir! Məgər Azərbaycan da dünyanın bir hissəsi deyilmi? Azərbaycan da dünya birliyində təmsil olunmurmu? Azərbaycan da Ermənistandan fərqli olaraq dünyanın inkişadı, bəşəriyyətin mühafizəsi, beynəlxalq aləmdə sabitliyin, sülhün bərqərar olması naminə mühüm addımlar atmırmı? Əlbəttə ki, bu faktları həmin təşkilatlar, qurumlar da bilirlər. Sadəcə, bir faktı həzm etməkdə çətinlik çəkirlər – Azərbaycan müsəlman ölkəsidir və buna baxmayaraq, daxilindəki dini etiqad azadlığı, tolerantlıq mühitinin formalaşması, multikultural dəyərlərə sahib olması onlara xoş gəlmir. Avropa və Qərb təşkilatları xristian klubu olaraq, Azərbaycanın həmçinin Türkiyə ilə regional və vahid gücə çevrilməsi reallığı ilə barışa bilmir və nəticədə sözün əsl mənasında terror küləyi əsdirmiş, bir daha bu küləyi əsdirəcəyini iddia edən Ermənistanın yanında yer alırlar, bir sözlə - islamofobiya!
ATƏT-in Minsk qrupu öz işini uğursuzluqla bitirmiş və bitmiş bir qurumdur, fəaliyyətinin sonrakı proseslərə heç bir təsir imkanları isə qalmayıb!
Daha bir hiddət doğuran məsələ isə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olmuş Fransanın (artıq Azərbaycan bu ölkənin aşkar ermənipərəst mövqeyinə görə qrupda təmsil olunmasına qarşı qəti fikrini bildirir) guya “sülhpərvərlik missiyası” nümayiş etdirməsidir. Məsələ ondadır ki, fransızların İrəvandakı səfiri Fransa və Rusiya prezidentlərinin telefon danışğı zamanı ATƏT-in Minsk qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəldiklərini deyib. Fakt isə budur ki, Minsk qrupu 30 illik fəaliyyəti dövründə heç bir müsbət irəliləyişə nail olmayıb. Daha dəqiq desək, münaqişənin artıq həll olunduğu və Azərbaycanın öz gücünə BMT TŞ-nin müvafiq qətnamələrinin icrasına nail olduğu, öz ərazi bütövlüyünü bərpa etdiyi halda ATƏT MQ-nin bu istiqamətdə fəaliyyətinə artıq heç bir əsas da qalmayıb. Fransa, eyni zamanda, izahat verməlidir ki, əgər onlar həqiqətən də sülhün tərəfdarlarıdırlarsa nəyə görə hakimiyyəti, eləcə də parlamenti çərçivəsində aşkar ermənipərəst mövqeyi göstərir, hətta bir az da irəliyə gedərək, Azərbaycanın beynəlxalq statusda tanınan ərazi bütövlüyünə, suverenliyinə qarşı da dil uzadır, Qarabağın Dağlıq bölgəsində kiçik anklav kimi qalmış ərazini (Xankəndi və s. Bu ərazilər qısa zamanda Azərbaycanın yuridiksiyası altına keçəcək-red.) “dqr” kimi tanıya biləcəyini bəynan edirsə onun hansı səmimiyyətinə inanmaq olar? Əlbəttə ki, bu məsələdə bir reallıq dayanır – artıq ATƏT-in Minsk qrupu öz işini uğursuzluqla bitirmiş və bitmiş bir qurumdur, fəaliyyətinin sonrakı proseslərə heç bir təsir imkanları isə qalmayıb. Ancaq o yenidən bərqərar da oluna bilər - yaxşı olardı ki, ermənipərəst mövqelərdən çıxış etmələri yerinə adıçəkilən qrupun təmsilçiləri, yəni həmsədrləri 10 noyabr bəyanatında nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi, kommunikasiyaların açılması və s. istiqamətdə bəyanatlar səsləndirsinlər, bəlkə bu vasitə ilə 30 illik boş fəaliyyətlərini ört-basdır etsinlər. Amma bu da heç inandırıcı görünmür. Bu baxımdan, onlar dərindən düşünməli, nə qədər ədalətsiz cinahda dayandıqlarının fərqinə varmalıdırlar. Ən azından, Azərbaycanın regiondakı siyasi, iqtisadi və s. sahələrdə artan nüfuzunu diqqətə almalıdırlar. Təbii ki, bugünlərdə Prezident İlham Əliyevin atdığı növbəti humanist addımını da nəzərə almaqla!

sia.az

Digər xəbərlər