“Ümumiyyətlə insanların məsul olduqları işdə vicdanlı yanaşması tələb edilir. Yəni, istər xəstəxanada çalış, istər siyasətlə məşğul ol, istərsə də zavod direktoru ol heç bir fərq eləmir. İnsanın vicdanı korlanıbsa, ona nəyi etibar etsəniz xəyanət görəcəksiniz. Xəstəxanalarda bu cür əməllərin ortaya çıxması insanların korlanmış vicdanlarından qaynaqlanır. Adamlar onlara göstərilən etimadı doğrultmaq haqqında düşünmürlər. Ümumiyyətlə ağıllarına belə bir şey gəlmir. Cəmiyyəti bu cür adamlardan təmizləmək lazımdır”. Bunu SİA-ya açıqlamasında sosial ekspert Azər Həsrət deyib.Onun sözlərinə görə, cəmiyyətin əxlaqını yenidən düzüb-qoşmaq lazımdır: “Yəni, adam başa düşməlidir ki, xəstəxanaya yemək verilirsə, dövlət bunun üçün maliyyə ayırırsa, bu ordakı xəstələrin effektiv müalicəsi üçün edilir. Buradan oğurluq edib, rəqəmləri şişirtmək və keyfiyyətsiz qida təqdim etmək vicdan məsələsidir. İstənilən məsələyə vicdanlı yanaşmaq lazımdır. Belə insanları əxlaqa dəvət etmək lazımdır”.Ekspert sözlərinə belə davam edib: “Qanunlar var və həmişə olacaq. Tutub cərimələsələr də, ümumi götürəndə mən düşünürəm ki, bizim cəmiyyətimizdə çox geniş tərbiyələndirmə və əxlaqa dəvət tədbirləri görülməlidir. Yəni, adamlar başa düşməlidir ki, mütləq onların başının üzərində polis zopası olmamalıdır. Mütləq kimsə kiməsə nəzarət etməməlidir. Hansısa bir iş tapşılıbsa, etimad göstərilibsə, bunu özləri üçün namus-şərəf məsələsi bilib, ona uyğun davranmalıdırlar. Əgər kimsə əliəyrilik edirsə, deməli öz namus və şərəfini küçəyə atır. Bunu belə qəbul edən insan pis əməllərdən qaçınır. Qanunlar öz yerində olsun, lakin bu əxlaqsızlıqdır. İnsanların əxlaqına çağırışlar edilməlidir”.
sia.az