PDF Oxu

Siyasət

  • 3 216

"Sülhməramlı funksiyanı üzərinə götürən Rusiya..." - MÜSAHİBƏ

"Sülhməramlı funksiyanı üzərinə götürən Rusiya..." - MÜSAHİBƏ

SİA hərbi ekspert Ədalət Verdiyevin müsahibəsini təqdim edir:

- Bildiyimiz kimi bir neçə gün öncə Laçın səfərində olmusunuz. Birinci Qarabağ müharibəsində də Laçında döyüşdüyünüz üçün, bura sizin üçün doğma məkandır. Bəs, 29 ildən sonra yenidən Laçında olmaq necə bir hissdir?

- Bunu sözlərlə ifadə etmək mümkün deyil. Laçın mənim üçün doğulduğum Kürdəmir rayonu qədər əzizdir. Çünki, mən gənc zabit olaraq ilk dəfə düşmənə qarşı mübarizədə əldə etdiyim üstünlüyü, düşməni məhv etməyi, ərazinin azad edilməsinin insana verə biləcəyi ruh yüksəkliyini, əsgərimin bir komandir kimi önümə salıb döyüşə aparmağı, əsgərdə özünə inam hissini aşılamağı və Laçın dəhlizi kimi strateji yolu 45 yaşlı əsgərlərlə birlikdə 3 gündə nəzarətə almağı burada əldə etmişəm. O torpağın mənə verdiyi güc-qüvvət tamam başqadır. Bütün bu hissləri bizə Laçın torpağı və buranın təbiəti bəxş edib. Bizim Laçının qarşısında qayıtmaq kimi bir borcumuz var idi. Şəhidlər də bizim o ərazilərə qayıtmağımız üçün canlarını fəda etdilər. Gəlin, çiynimizdə olan məğlubiyyət sindromunu ataq, yasdan çıxaq və bundan sonra bu torpaqlarda quraq, yaradaq, sevinək. Düşmən də görsün ki, biz nələrə qadirik.

- Sizin sosial şəbəkədə belə bir yazınızı oxudum ki, orada “səfərdən öncə bütün maraqlı faktları topladım və yeni şeylər öyrəndim”. Bu yeni faktlar nədən ibarətdir?

- Mən son baş verən Vətən Müharibəsində şəxsən iştirak etməmişəm. Doğrudur, məlumat bazam olub, amma konkret olaraq bəzi məsələlər var ki, onlar dəqiqləşməli idi. Mən düşünürəm ki, davamlı olaraq bu ərazilərə getdikdə mətbuata yeni xəbərlər verməliyəm. Getdim, görüşdüm, ərazini gözümlə gördüm. Nəticədə aydınlaşdırdım ki, mən indiyə qədər ordunun general heyyətinin bu qədər döyüşə yaxın girdiyini ilk dəfə eşitdim.

- Sizin növbəti bir yazınızda mənim üçün də maraqlı olan bir məqam var. Yazmışdınız ki, “Azərbaycan ordusu və xalqımızın qələbəsində Hikmət Mirzəyev, Mais Bərxudarov və Kərəm Vəliyev faktorunun yeni detallarını öyrəndim. Bu haqda nə deyə bilərsiniz?

- O detallar mətbuat üçün deyil, mənim şəxsi mülahizələrimdir. Açıqlanmalı olan hissə haqqında hər şeyi qeyd etmişəm. Şəxsi nümunədən üstünü yoxdur.

- Ən ağır döyüşlər harda gedib?

- Asan döyüş olmayıb. Mənim şəxsi kriteriyama görə, ən ağır döyüşlər Füzuli, Cəbrayıl və Balasoltanlı ətrafında olub. Cəbrayılda ermənilərin çox ciddi itkiləri olub. Bu ciddi itkilər Ermənistan Təhlükəsizlik şurasını iclas keçirməyə məcbur etdi. Təklif də bu oldu ki, “Nə edirsinizsə edin, Azərbaycanı qısa müddətdə durdurun!”. Daha sonra Sarıyataq ərazisində də ağır döyüşlər olub. Ümumilikdə, Kirs dağı istiqamətində, Dağ tumasda kifayət qədər qanlı döyüşlər olub.

- Səfər zamanı qeyd etmisiniz ki, Laçın dəhlizi və şəhərə girmək üçün ruslarla razılaşma müəyyən vaxt tələb edir. Bu haqqda nə deyə bilərsiniz?

- Razılaşmanın şərtlərinə uyğun olaraq rus sülhməramlıları patrol xidməti həyata keçirirlər. Həmin ərazidə Azərbaycan əsgəri yoxdur. Öz giriş-çıxışımızı hələ təmin edə bilməmişik.

- Hazırda orduda xidmət göstərən şəxsi heyətin psixoloji durumu necə idi?

- Mən bunu sözlə ifadə edə bilmərəm.

- Azərbaycan əsgəri erməniləri necə qovub?

- Biz onları silahımız olduğu halda, silahsız əliyalın qovmuşuq.

- Sosial şəbəkələrdə erməni ordusuna xidmət edən rus əsgəri haqqında video var. Bunu necə dəyərləndirirsiniz?

- Bu sualı mənə yox, Azərbaycanı başqa millətlərdən, digər ölkələrdən müharibədə şəxsi heyət cəlb etməkdə günahlandıran təbəqəyə yönəltmək lazımdır. O, əsgər Azərbaycan hərbiçisinin suallarını çox yaxşı cavablayıb. Yəni, yalan danışmır. Yalan danışan adamın səsində titrəmə olur. Düşünürəm ki, bu məsələ ilə yaxından maraqlanan rusiyalı ekspertlər burada Rusiyanın iştirakının nə dərəcədə düzgün olduğunu başa salsın. Sülhməramlı funksiyanı üzərinə götürən Rusiya bitərəf və neytral olmalı idi. Lakin, görünür ki, Rusiyanın özü Ermənistana hətta hərbiçilər də ötürülməsinin qarşısını ala bilməyib.

- Ermənistan mətbuatı yazır ki, baş nazir Nikol Paşinyanla danışıqlar masasında müəyyən bir sənədin olduğu barədə məlumatı təsdiqləyib. O, cümə axşamı keçirilən hökumət iclasında bildirib ki, Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli danışıqlar gedir və Azərbaycan tərəfi razılıq versə sənəd imzalanacaq. Söhbət hansı sənəddən gedir?

-Söhbət böyük ehtimalla aktual olan Zəngəzur dəhlizi və Azərbaycanla Ermənistan arasında olan sərhədlərin işarələnməsi sənədindən gedir.

- Sərhədlərin dəqiqləşdirilməsi məsələsində biz gördük ki, Fransa rəsmi olaraq öz mövqeyini nümayiş etdirdi. ABŞ-dan da reaksiya gəldi. Rusiya isə bu məsələdə sanki ədalətli mövqe göstərdi. Siz bu haqda nə düşünürsünüz?

- Fransa və ABŞ proseslərdən kənarda qalıb. Bu da Qafqazda onların nüfuzuna ciddi xələl gətirir. Yəni, 30 il getdiz yediniz, içdiniz amma heç bir iş görmədiniz. Rusiya isə birdəfəyə atəşkəsə də nail oldu, indi də müəyyən proseslərdə iştirak edir.

- Sosial şəbəkələrdə, düzdür, nə qədər rəsmidir bilmirəm amma bəzi görüntülər var ki, İranın yük avtomobilləri Qarabağda görülüb. Bu barədə nə deyə bilərsiniz?

- Mən də görmüşəm. Təəssüflər olsun ki, İrna hərbiçilərinin Ermənistana getməsi ilə bağlı da məlumatlar yayılmışdı. Laçın dəhlizindən İran yük maşınlarının getmə görüntülərində heç bir kənar müdaxilə və montaj yoxdur. Rəsmi bəyanatlarında İran daima Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycanla İran arasında Xudafərin və Qız qalası kimi meqa layihələr həyata keçirilir.

- Gəlin çox qısa olaraq Fələstin-İsrail məsələsinə də toxunaq. Bu barədə nə düşünürsünüz?

- Azərbaycanın İsraillə olan əlaqələri çox yüksək səviyyədədir. Fələstinlə də münasibətlərimiz var, lakin İsraillə münasibətimiz Türkiyə ilə müqayisə edilə biləcək səviyyədədir. Buna görə də, təbii ki, Azərbaycan seçim etməli olsa İsraili seçər. Çünki, İsrail istehsal etdiyi nə varsa, onu Azərbaycan üçün ortaya qoyub. Lakin, biz millət olaraq müharibənin əleyhinəyik.

Ayşən Vəli

Digər xəbərlər