PDF Oxu

Siyasət

  • 3 234

“Prezidentin siyasəti demokratiya, liberalizm və tolerantlığın təzahürüdür” MƏQALƏ

“Prezidentin siyasəti demokratiya, liberalizm və tolerantlığın təzahürüdür” MƏQALƏ

Heç şübhəsizdir ki, İkinci Qarabağ müharibəsi bütün regionda qüvvələr balansını dəyişdirdi. Azərbaycan beynəlxalq hüququn ona verdiyi və haqqı olan ərazi bütövlüyü məsələsini həll etdi.10 noyabr bəyannaməsi və sonrasında baş vermiş hadisələr təəssüflər olsun ki, hər kəs tərəfindən birmənalı qarşılanmır. Dünyada Azərbaycanın kifayət qədər dostları olduğu kimi, məsələlərə əks mövqedən baxanlar və ya neytral mövqedə dayanıb hadisələri müşahidə edən dövlətlər, təşkilatlar, qurumlar da vardır. Əlbəttə, biz haqlıyıq və haqq işimizi müdrik xalqımızın və müzəffər Ali Baş Komandanımızın səyləri nəticəsində uğurla, zəfərlə başa vurmuşuq. Münaqişənin hərbi və qaynar fazası geridə qalsa da, hibrit müharibə davam edir. Biz informasiya əsrində sadəcə “biz qalibik, biz etdik, düz etdik” demir və atdığımız addımların dünya ictimaiyyətinə düzgün çatdırılması və dəstəklənməsini vacib amil hesab edirik.Dünyada güc balansı vardır və təəsüflər olsun ki, o güc balansı bəzən ədalətli olmaya bilir. Bir çox hallarda qlobal və ya şəxsi maraqlar ədaləti və haqqı üstələyir. Məhz bu səbəbdən müharibə vaxtı dövlət başçısı 30-a yaxın müsahibəsində müharibənin haqlı səbəblərini və bu müharibəyə Azərbaycan xalqını məcbur edən tarixi mərhələləri aydın izah edə bilmişdir. Müharibədən sonrakı dövrdə atdığımız addımlar bir daha Azərbaycanın beynəlxalq ictimaiyyətə və qanunlara hörmətlə yanaşdığını sübut etmişdir. Ölkəmiz özü illərlə işğalçı siyasətdən, terror və soyqırımlardan əziyyət çəkən dövlət kimi beynəlxalq hüququn bütün normalarını müdafiə edir və dövlətlərin suveren haqlarına ehtiramla yanaşır.Şuşada baş tutan “Xarıbülbül” festivalından sonra və Azərbaycanın öz suveren sərhədlərinin müdafiəsi üçün delimitasiya və demarkasiya işlərini həyata keçirməsi zamanı yenidən erməni təxribatları ilə qarşı-qarşıya qaldıq. Əlbəttə, ölkə daxilində və xaricində çox təəsüf ki, ya hadisələrin mahiyyətini bilməməzlikdən, ya da bilərəkdən riyakar mövqeyə malik bir qrup insan və təşkilatlar bizə qarşı ədalətsiz mövqe tutdular. Lakin onlar hələ də bir məqamı bütün detalları ilə dərk etmirlər ki, Azərbaycan artıq 90-cı illərdəki ölkə deyil. Bugün informasiya savaşında Azərbaycan öz hüquqlarını ləyaqətlə müdaifə edir. Hərb meydanında dəmir yumruğun davamı olan əqli və zehni müharibədə qalib gələn dövlətimiz və dövlət başçımız reallıqların, həqiqətlərin dünyaya olduğu kimi çatdırılmasında müstəsna xidmətlər göstərməkdədir.Dünya liderlərinin ictimaiyyətlə və mətbuatla münasibətlərinə fikir versək analoji addımın ya seçkilər müddətində və yaxud da ildə bir neçə dəfə öncədən planlaşdırılımış qaydada həyata keçirildiyini görə bilərik. Hamıya bəllidir ki, dövlət və hökümət başçılarına verilən suallar adətən protokol xidmətləri tərəfindən müzakirə olunur, uyğun hesab olunduğu təqdirdə səslənməsinə icazə verilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə yeni bir yanaşma ortaya qoymaqla bütün dünya liderlərinə nümunə olmağa davam edir. Müsahibələrində və görüşlərində istər jurnalistlər, istərsə də konfrans iştirakçıları dövlət başçımıza istənilən sualı verməkdə sərbəstdirlər. Prezidentin siyasəti ölkəmizdə demokratiya, liberalizm və tolerantlığın təzahürüdür.Azərbaycan Respublikasının Prezidenti işğal dövründə bir çox kürsü və tribunlarda Azərbaycanın haqq işini olduğu kimi dünyaya çatdırmaqla qələbəmizin hüquqi əsasını dünyaya qəbul etdirə bilmişdir. Belə vacib və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan kürsülərdən biri də Azərbaycanın dialoq və mehriban qonşuluq ideyalarını öz əsərlərində təbliğ edən dahi şairi Nizami Gəncəvininadını daşıyan Beynəlxalq Mərkəzdir. Bu mərkəz illər öncə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin təşəbbüsü ilə yaradılıb və onun qayğısı ilə inkişaf edir. Deməliyəm ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi vaxtaşırı üzləri ilə görüşlər və müzakirələr təşkil edir. Beynəlxalq Mərkəzin üzvləri arasında təsadüfi adam yoxdur. Üzvləri dünyada kifayət qədər nüfuza malik siyasətçilər, elm, mədəniyyət adamları, ictimai-siyasi xadimlər, eks-prezidentlər, baş nazirlər və nazirlərdir. Dünyaya çatdırmaq istədiyimiz ədalət və haqq səsimizi belə nüfuzlu insanlar vasitəsi ilə ötürmək sözün bütün mənalarında səmərəli və effektiv addımlardan biri hesab olunmalıdır.Müharibədən sonra bütün dünyanı maraqlandıran suallar əsasən Azərbaycanın Qarabağ bölgəsinin bundan sonrakı taleyi, işğaldan azad olunmuş ərazilərin bərpa prosesi, Ermənistanın subyekt kimi bundan sonra həyata keçirməli olan ləyaqətli qonşuluq siyasəti, Azərbaycanın iki qlobal güc hesab olunan ABŞ-Qərbi Avropa və Rusiya, Çin-Şərq siyasəti, Türkiyə-Azərbaycan arasında analoqu olmayan “İki dövlət-bir millət” prinsipi, Yaxın Şərq İsrail-Fələstin münaqişəsinin Azərbaycan prizmasından baxış bucağı, Azərbaycanın dünya enerji siyasətində yeri, Cənubi Qafqazda inkişaf perspektivləri, BMT-nin gələcək inkişafı naminə həyata keçirməli olduğu struktur islahatlar, Minsk qrupunun yeni yol xəritələri haqqında idi.Cənab Prezident müdrikliklə və səbrlə bütün suallara cavab verdi. Elə mənim özüm də cənab Prezidentin hər çıxışı, müsahibəsində olduğu kimi bu görüşü də böyük bir zövqlə dinlədim. Əlbəttə, geniş şərhə keçməzdən əvvəl deyə bilərəm ki, Azərbaycan onun üçün müharibənin bitdiyini və ərazi bütövlüyü məsələsinin öz həllini tapdığını bir daha sübut etdi. Ölkəmiz özünün sülhsevər və əməkdaşlığa meyilli mövqeyi ilə şərqlə qərb arasında körpü rolunu oynamağa, sabitlik “adası” kimi çıxış etməyə hazır olduğunu bildirmiş oldu. Cənab Prezident ölkəmizin mövqeyi və təbii sərvətləri ilə əlaqədar olaraq digər dövlətlərin maraqlarının bizdə toqquşmaması, əskinə, birləşməsi üçün çalışdığımızı dünyaya çatdırdı. Biz milli maraqlarımız naminə və onları digər maraqlardan üstün tutmaqla bütün əməkdaşlıq modellərini müzakirə edə və uyğun paramertlərdə həyata keçirə bilərik.Rəsmi açıqlamaya görə Qarabağın yenidən qurulmasına ilkin mərhələdə 1,3 milyard dolların ayrıldığını artıq bilirik. Dörd Lüksemburq və bir Livan ərazisinə bərabər böyüklükdə bir ərazinin sıfırdan qurulacağını ifadə edən cənab Prezident çox müdrik bir müqayisə predmeti seçmişdir. Dinləyicilərin təsəvvüründə aydın bir mənzərə yaransın deyə konkret ərazi vahidlərinin adlarını səsləndirməsi cənab Prezidentin yaxşı diplomatik izah etmə qabiliyyətinə malik olmasını sübut edir. Bu, eyni zamanda da işğal olunmuş və tamami ilə dağıdılmış ərazilərin nə qədər böyük bir arealı əhatə etdiyinə bir eyham idi. Yenidən qurulacaq şəhər və kəndlər ən müasir texnologiyalarla təchiz ediləcəklər. Bərpa prosesinə bütün dost ölkələrin iştirak üçün dəvət olunması ölkəmizin dünya dövlətləri arasında balanslı siyasətinin hər sferada tətbiq etdiyinin bariz nümayişi idi.Bir daha dünyaya “status” məsələsinin unudulmalı olması və Qarabağda yaşayan ermənilərin bizim vətəndaşlarımızdır fikri səslənmişdir. Azərbaycan qanunları çərçivəsində, revanşist hissləri bir kənara qoyaraq Qarabağda yaşayan təxminən 30.000 erməni vətəndaşlarımız özlərinin xöşbəxt gələcəyini qura bilərlər. Əlbəttə, proses elə də asan deyil. Xüsusən də azərbaycanlılara qarşı edilmiş vəhşiliklərdən sonra ermənilərə qarşı inam, etimad qalmamışdır. Lakin biz regionda yaratdığımız yeni reallıqlar fövqündə birgə yaşayışı təmin etməli və bir yerdə yaşamağın yollarını tapmalıyıq.Ermənistanın yanlış siyasəti bu ölkəni daha da acınacaqlı vəziyyətə sala bilər. İndi heç bir sahədə müstəqil siyasət yürüdə bilməyən və beynəlxalq hüququn subyekti deyil, obyektinə çevirilmiş Ermənistan hakimiyyətinə ilk öncə öz xalqı, daha sonra da dünya ictimaiyyəti təyziq göstərməlidir. Bu, regionda sülhün, əməkdaşlığın yeganə yolu və zamanın diktəsidir.Azərbaycan qərblə şərq arasında ortaq və milli maraqlara uyğun bir körpü rolunu oynamağa hazırdır. ABŞ-ın yeni administrasiyasıyla damünasibətlərin yaxın, dostluq əlaqələri çərçivəsində bundan sonra da davam edəcəyinə artıq heç bir şübhə yoxdur. Bizim siyasətimiz dəyişməyib. ABŞ-ın xarici siyasətində Cənubi Qafqazın yeri və əhəmiyyətinə görə qarşılıqlı münasibətlərimiz simmetrik parametrlərdə davam edəcəkdir. Qlobal güc olan Rusiya-Çin ilə isə birgə layihələr üzərində iş gedir. Biz Rusiyayla geniş sərhədlərə malikik. Rusiyanı sülhməramlı missiyanı icra etmək üçün Azərbaycanın Qarabağ bölgəsinə dəvət etmişik. Münasibətlərimiz tarixdə bəlkə də heç bir zaman olmadığı qədər yüksək səviyyədədir. Eyni zamanda da Azərbaycan şərq siyasətinin davamı olaraq Çinin “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdəndir. Biz Çinin rəsmi dostuyuq və pandemiyanın tüğyan etdiyi, eyni zamanda əksər dövlətlərin ehtiyac duyduğu bir məqamda ölkəmizin vaksinlərlə təmin olunması üçün Çinə minnətdarıq. Bu amillər Çinlə münasibətlərimizin gələcək konturlarını müəyyən edəcəkdir.Azərbaycan əhalisinin böyük əksəriyyəti müsəlman olsa da və İslam mədəniyyəti Azərbaycan xalqının formalaşmasında böyük rola malik olsa da xalqımız tolerant xalqdır. Bütün dinlər ölkəmizdə azad yaşaya bilir. Dini münaqişə kimi dəyərləndirilən və dinlərarası qarşıdurma kimi qələmə verilən Yaxın Şərq İsrail-Fələstin məsələsində Azərbaycan sərrast mövqeyə malikdir. Bir böyük münaqişəni həll etmiş dövlətin rəhbəri kimi cənab Prezidentin bu məsələ ilə bağlı təklifi əlbəttə, maraqlı idi. Biz bu münaqişənin həllini “İki dövlət” modelində görürük. Mütləq Fələstin muxtariyyəti müstəqil dövlət statusu almalı, sərhədlər müəyyənləşməli və münaqişəyə birdəfəlik son qoyulmalıdır. Biz həm yəhudi dostlarımızın, həm də müsəlman dindaşlarımızın çəkdiyi əzabları anlayır və hörmətlə yanaşırıq.Münasibətlər kontekstində qardaş ölkə ilə əlaqələr xüsusi çəkiyə malikdir. Türkiyə-Azərbaycan münasibətləri tarixdə və müasir dövrdə analoqu olmayan münasibətlər toplusudur. Qarabağın bundan sonrakı inkişafında və bərpasında Türkiyə amili hər zaman masanın üzərində olacaqdır. Biz “Bir millət, iki dövlət” prinsipinə hər zaman sadiq qalacağıq.Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatından sonra ətrafında birləşdirdiyi ölkələrin sayı etibarı ilə ən böyük hərəkat olan Qoşulmama Hərəkatına rəhbərlik edir. Müasir dünya dövlətlərini və siyasi konfiqurasiyanı dəyərləndirəndə əlbəttə, anlamaq çətin deyil ki, BMT-nin struktur dəyişikliyinə ciddi ehtiyac vardır. 21-ci əsrdə dünyanı 20-ci əsr qaydaları ilə idarə etmək cəhdləri qəbul olunmazdır. Məhz bu səbəbdən cənab Prezidentin bu məsələ ilə də bağlı təklifi dünya birliyinin ortaq qərarı kimi mütləq müzakirə olunmalıdır.Nizami Gəncəvi Beynəlxalq Mərkəzi əminəm ki, Azərbaycan Respublikası Prezidentinin himayəsi, dəstəyi ilə bundan sonra da dünyada qlobal problemlərin və münaqişələrin ədalətli siyasi həlli istiqamətində məqsədyönümlü işlər görəcəkdir. Bir daha deyə bilərəm ki, suallara verdiyi müdrik cavabları ilə cənab Prezident İlham Əliyev dünya ictimaiyyətini Azərbaycan həqiqətlərinə inandıra bilmişdir.

Ənvər Haqverdiyev
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi

sia.org.az

Digər xəbərlər