“İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu bir qədər də möhkəmləndirdi. İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, diktə edir, tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təkliflərini ortaya qoyur. Bütün görüş və çıxışlarında, müsahibələrində regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından söz açan Prezident İlham Əliyev yeni reallıqların çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət göstərdiyini bəyan edir. Dövlət başçımızın mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə çıxışı, həmçinin iştirakçıların suallarına dolğun cavabları da bu baxımdan mühüm önəm daşıyır”. Bu fikirləri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov SİA-ya açıqlamasında bildirib.M.Məmmədov vurğulayıb ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Cənubi Qafqaz regionunda kəskin dəyişikliklərlə müşayiət olunan yeni vəziyyətin və tələb olunan yeni yanaşmaların ilk dəfə beynəlxalq diskussiya açması, Qarabağla bağlı müzakirələrə cəlb etməsi bölgədə yaranan reallıqlar haqqında xarici ölkələrdə aydın, hərtərəfli təsəvvür yaradılması baxımında böyük əhəmiyyətə malikdir. Bu, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin artıq Cənubi Qafqazda dialoq və inkişaf üçün beynəlxalq səviyyəli platforma kimi tanınmasından xəbər verir.Millət vəkili onu da söyləyib ki, Azərbaycanın Cənubi Qafqazdakı yeni əməkdaşlıq siyasəti həm ölkəmizə, həm də regiona böyük faydalar verəcək: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə videoformatda keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə Prezident İlham Əliyev regionun gələcəyi üçün son dərəcə ciddi məqamlara toxundu. Prezident İlham Əliyev vurğuladı ki, iqtisadi inkişaf üçün sabitlik şərtidir. Qafqazda yeni formatda əməkdaşlıq üçün, ilk növbədə, dövlətlərin sərhədində və daxilində sabitlik olmalıdır. Bu gün regionda yaranan yeni əməkdaşlıqlar dövlətimizin böyük uğurudur. Üçtərəfli əməkdaşlıq formatları regional sabitliyə misilsiz töhfədir. Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Qələbəsi yeni reallıqlar yaratmaqla yanaşı, həm də bu Cənubi Qafqaz regionunun tarixində yeni bir səhifə və imkanlar açdı. Təbii ki, bu imkanlardan yararlanmaq üçün Ermənistanın işğalçı siyasətinə son qoyaraq, beynəlxalq əməkdaşlığa qoşulması vacibdir. Əks halda, bu ölkə bundan sonra da bütün regional layihələrdən kənarda qalacaq”.M.Məmmədov dövlətimizin hər zaman sülhün, təhlükəsizliyin, qarşılıqlı əməkdaşlığın tərəfdarı olduğunu deyərək bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı səsləndiriyi fikirlər, verdiyi mesajlar bunu bir daha təsdiq etdi: «Azərbaycan hər zaman bütün məsələlərdə konstruktiv mövqe sərgiləyib və beynəlxalq hüququn tərəfdarı olub. Tarixi Qələbəmizlə bitən müharibədən ötən 7 ayda Azərbaycan dövləti göstərdi ki, ölkəmiz ümumi gələcək naminə konstruktiv addımlar atmağa hazırdır, lakin Ermənistan tərəfi hər zaman buna mane olmağa çalışıb, Azərbaycan isə Ermənistanla münaqişənin uzun müddət ərzində danışıqlar, sülh yolu ilə həllində maraqlı olub. Lakin Ermənistan işğalçılıq mövqeyində qalaraq 30 il ərzində tutduğu səhv yoldan çəkilmədi və bu səbəbdən də Azərbaycanla əməkdaşlıqdan, regional layihələrdən məhrum oldu. Bir sözlə, Ermənistanın işğalçılıq siyasəti bu ölkə üçün əks effekt verərək onu dalana çevirdi. Nəticə isə göz önündədir. Azərbaycan qalib ölkə olaraq gələcəyə baxır, regionda yeni kommunikasiyaların açılması üçün bir sıra layihələrin üzərində iş aparılır. Bu da real faktordur ki, bu gün Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Belə ki, tikilib istifadəyə verilmiş yeni qaz kəmərləri Azərbaycan qazını dünya və Avropa bazarlarına çıxarır, regionda daha irimiqyaslı layihələri reallaşdırmağa imkan verir. Bir sözlə, Azərbaycanın Cənubi Qafqazdakı yeni əməkdaşlıq siyasəti ölkəmiz, xalqımız və region üçün böyük faydalar verir. Ermənistan isə ötən 30 ildə olduğu kimi, yenə də bütün regional əməkdaşlıqlardan kənarda qalmaqdadır və bundan sonra bu əməkdaşlıqdan kənarda qalmaq istəmirsə, o zaman Azərbaycanla sülh müqaviləsi imzalayıb qarşılıqlı əlaqələri dəyərləndirə bilər”.M.Məmmədov, həmçinin vurğulayıb ki, Azərbaycanın humanist dövlət olması, eyni zamanda, regionda davamlı sülh və təhlükəsizlik naminə maraqlı olması, Ermənistanın revanşizm meyillərindən çəkilərək kommunikasiyaların açılmasına maraq göstərməsi bu ölkə üçün “xilas qapısını açılması” üçün son şans ola bilər. Xüsusilə, Zəngəzur dəhlizinin açılması region üçün mühüm əhəmiyyət kəsb edir. Bu dəhlizin açılması Ermənistan üçün də əlverişli olacaq, baxmayaraq ki, bu mövzuda Ermənistan hələdə siyasi manipulyasiyalar etməyə çalışır. Bunun da səbəbi hazırkı Ermənistan rəhbərliyinin keçiriləcək parlament seçkilərində siyasi dividentlər əldə edə bilmək cəhdləridir”.M.Məmmədov onu da birdirib ki, bir sözlə, Azərbaycanın Cənubi Qafqazdakı yeni əməkdaşlıq siyasəti həm ölkəmizə, həm də regiona böyük faydalar verəcək: «Prezident İlham Əliyevin hər zaman çıxışlarında qeyd etdiyi kimi, biz sülhə və regional əməkdaşlığa nail olmaq istəyirik. Bu fürsətdən erməni dövləti və cəmiyyəti istifadə etməlidir», - deyə deputat fikirlərini yekunlaşdırıb.
sia.az