PDF Oxu

Siyasət

  • 3 049

"Səslənən ideyalar regiona sülh gətirir" DEPUTAT ŞƏRH ETDİ

"Səslənən ideyalar regiona sülh gətirir" DEPUTAT ŞƏRH ETDİ

“Nizami Gəncəvi adına beynəlxalq mərkəz bu gün kifayət qədər nüfuzlu beynəlxalq platformaya çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bu platforma çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin son tədbirdə Cənubi Qafqazla bağlı, onun gələcək inkişafı ilə bağlı, Cənubi Qafqazda əməkdaşlıq mühiti ilə bağlı məsələlər ətrafındakı çıxışı, sözün həqiqi mənasında çox ciddi mesajlarla yadda qaldı: “Bu mesajlar həm Azərbaycan, həm Ermənistan, həm də bütövlükdə dünya ictimaiyyətinə ünvanlanmış mesajlar idi. Bu baxımdan çox böyük siyasi çəki və əhəmiyyətə malikdir. İlk növbədə cənab Prezident post-müharibə dövrünün reallıqlarını diqqətə cəlb etdi və qeyd etdi ki, müharibə artıq bitib. Həllini gözləyən məsələlərin siyasi tənzimlənməsi imkanları axtarılmaqdadır. İlk növbədə regionda əməkdaşlıq mühitinin formalaşmasında maraqlıyıq. Bu istiqamətdə də ardıcıl, sistemli addımlar atılır. Üzərimizə düşən öhdəlikləri şərəflə yerinə yetiririk. İlk növbədə müharibənin dayanmasına gətirib çıxardan və müharibədən sonrakı dövrün bir yol xəritəsi hesab edilən 10 noyabr və 11 yanvar sənədlərindən söhbət gedir ki, onları icraçı istiqamətində Azərbaycan sistemli şəkildə addımlarını atmağa davam edir. Bu kontekstdə cənab Prezident bir daha bütün beynəlxalq ictimaiyyətin nəzərinə çatdırdı ki, bu prosesə dəstək vermək lazımdır. Bu proses ki, regiona sülh əmin-amanlıq və əməkdaşlıq mühiti gətirir".

Deputat həmçinin qeyd edib ki, müharibə bitib yeni tarixi reallıqlar yaranıb: "Azərbaycan da bu yeni tarixi reallıqlar çərçivəsində öz addımlarını atır. Addımlar regional əməkdaşlığa söykənən addımlardır. Bu kontekstdə cənab Prezident həm də qeyd etdi ki, Qarabağın statusu ilə bağlı məsələləri qabartmağın mənası yoxdur. Status məsələsi daha yoxdur. Bu məsələ müzakirə predmeti deyil. Bunu birdəfəlik bilmək lazımdır. Bu reallıqdan çıxış edərək, həm də cənab Prezident vurğuladı ki, Qarabağ adlı bir ərazi, inzibati vahid də yoxdur. Tədbirdə mövzu regiondakı yeni tarixi reallıqlardan gedir. Bu reallıqlar çərçivəsində cənab Prezident Zəngəzur dəhlizi məsələsini bir daha qabartdı və söylədi ki, bu dəhlizin reallaşması nəticəsində həm Azərbaycan, həm də Ermənistan uduşlu vəziyyətdədir. Çünki Ermənistan blokada vəziyyətindən çıxıb. İran və Rusiya ilə Azərbaycan ərazisindən keçməklə nəqliyyat əlaqələri yaranır. Dəmir yolları, avtomobil yolları işə düşür. Azərbaycan üçün isə ona görə əhəmiyyətlidir ki, bu yol vasitəsilə bizim Naxçıvanla kommunikasiyamız bərpa olunur. Türkiyə ilə növbəti rabitəmiz yaranır. Hətta uzaq Çində belə Zəngəzur dəhlizinin işə salınmasını səbrsizliklə gözləyirlər. Çünki nəhəng şərq-qərb nəqliyyat dəhlizinin mühüm bir elementidir, mühüm tərkib hissəsidir. Buna görə də cənab Prezidentin səsləndirdiyi fikirlər Ermənistanda da böyük siyasi rezonansa səbəb oldu. Paşinyan özü də etiraf etdi ki, iki yolumuz var. Ya nəqliyyat dəhlizinin təcili işə salınmasını dəstəkləmək, ya da nəqliyyat dəhlizinin işə düşməsinə mane olmaq. Birinci yol Azərbaycanın Naxçıvan və Türkiyə ilə əlaqələri güclənmiş olur. İkinci yol isə Ermənistanın İran və Rusiya ilə rabitə əlaqələri bərpa olmayacaq. Burada hər şey qarşılıqlıdı.

Cənab Prezidentin Nizami Gəncəvi beynəlxalq mərkəzinin irimiqyaslı tədbirindəki çıxışında səsləndirdiyi fikirlər xüsusilə də ABŞ ilə hərbi texniki əməkdaşlığın bərpası ilə bağlı ideyaları böyük məna kəsb edir. Müharibəyə görə, ABŞ-la Azərbaycan bu sahədə əməkdaşlığı kəsilmişdi. Müharibə bitibsə niyə də bizim ABŞ-la bizim hərbi texniki əməkdaşlığımız bərpa edilməsin. Biz Amerikanın müasir silahlarının əsas alıcılarının birinə çevrilə bilərik. Azərbaycan Prezidentinin Nizami Gəncəvi beynəlxalq tədbirində çıxışı regionda, sülhün təhlükəsizliyin, əməkdaşlığın formalaşması və gücləndirilməsi mənafeyini xidmət edən bir çıxış idi. Tədbirdə səslənən ideyalar regiona sülh gətirir".

Arzu Elsevərqızı

Digər xəbərlər