Azərbaycan-Türkiyə hərbi təlimləri regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir
Ən çətin anların sınağından çıxan, dünyada analoqu olmayan qardaşlığın, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, «Bir millət, iki dövlət» tezisinə əsaslanan reallığın təcəssümüdür. Bu birlik, qardaşlıq bütün sahələrdə olub: həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə. Prezidenti İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində Azərbaycanın ən çətin günündə Türkiyə dövlətinin misilsiz dəstəyinin olduğunu deyərək bildirmişdir ki, bu iş bitsin, ərazi bötövlüyü bərpa edilsin qardaş dövlətimiz arasında yeni dövr başlayacaq: “Qoy, bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq”. “Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu”,- deyən Prezident İlham Əliyev onu da vurğulayıb ki, çoxları bunu anlamırlar: “Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik”. Budur, çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında Azərbaycan torpaqlarına Ermənistanın təcavüzü barədə danışarkən bildirib ki, ermənilərin qədim Azərbaycan torpağı Qarabağın işğalına qarşı kor, kar, lal qalanların bu gün sərgilədikləri duruş ikiüzlülükdür: “İşğalçılara səssiz qalan, vətənini qoruyanı isə suçlayanların sözünün bizim üçün heç bir dəyəri yoxdur. Bu alçaq oyun pozulur. Qalıcı sülhün yolu Ermənistanın işğal etdiyi hər qarış Azərbaycan torpaqlarından geri çəkilməsindən keçir”. Türkiyə Prezidenti bir daha Azərbaycanın yanında olduqlarını vurğulayıb: "Bunu burada bir daha bildirmək istərdim. Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacaq. TBMM olaraq Azərbaycanın yanında olduğumuz bir daha bildirildi. Ermənistan işğal etdiyi ərazilərdən çıxarılmalıdır". Bəli, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Sındıra da bilmədi. Bunu isə işğalçı Ermənistan niyə də qəbul etmir? Çünki bu birlik, həmrəylik Qələbə Zəfərində bir daha özünü göstərdi, göstərdi ki, Azərbaycan-Türkiyə çətin gündə də, şad gündə də bir-birinin yanındadır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Can Azərbaycanımız 28 ildir Ermənistanın işğalında olan torpaqlarını 44 gündə geri aldı”
«Şimali Kipr Prezidenti Ersin Tatarın Azərbaycanın zəfəri ilə bağlı qardaş ölkəyə bir səfəri olacaq». Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türkiyə Respublikasının quruluşunun 37-ci ildönümü ilə bağlı Kiprin ərazisi olan Qapalı Maraşın açılışındakı çıxışında bildirib. Türkiyə Prezidenti E.Tatarın bu səfərinin Azərbaycana dəstək məqsədli olacağını deyib. R.T.Ərdoğan Şimali Kiprdən Azərbaycana salam göndərərək deyib ki, Türkiyə necə Azərbaycanla güclü bir gələcək qurmağa başlayıb, Kipr Türkləri ilə də bərabər belə birlik fəaliyyətində olacaq: «Azərbaycandakı qələbələrin şahidi oldunuz. Can Azərbaycanımız 28 ildir Ermənistanın işğalında olan torpaqlarını 44 gündə geri aldı.
İki dövlətin göz dağı əməliyyatı
Türkiyə-Azərbaycan təlimləri - düşmənə göz dağı əməliyyatı. İşğalçı Ermənistanı iki dövlət bir millət olan Azərbaycan-Türkiyənin hər bir uğuru narahat edib və bu gün də edir. Dostlar sevinir, qürurlanır, düşmənlər vahimələnir. Ancaq hamı bilir ki, Azərbaycan-Türkiyə birliyi regional və beynəlxalq təhlükəsizliyin təminatçısıdır. Bu qardaşlıq və müttəfiqlik siyasi, iqtisadi, sosial, mədəni və başqa sahələrdə əməkdaşlığa üstünlük verir. Bakı və Ankara bu istiqamətdə fəaliyyət göstərmək istəyən xoşməramlılara qapılarını açıq saxlayırlar. Azərbaycan-Türkiyə birgə hərbi təlimləri bu xoş məramları bir daha təsdiqləyir. Türkiyə Azərbaycan müstəqillik qazandıqdan sonra Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib. O zaman orduda kadr çatışmazlığı var idi. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər. Prezident İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Prezident bildirib: “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”. Bu gün dünya bir daha Ulu Öndər Heydər Əliyevin bir millət iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı qardaşlıq münasibətlərinin sönməz, əbədi olduğunun şahidi oldu və heç şübhəsiz ki, bu birlik dosta sevinc, düşmənə göz dağdır!
Güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır
Bəli, bu gün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdə olarkən dediyi kimi: “Hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari - bütün sahələrdə bu əlaqə artaraq davam etməkdədir. Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır”. Bütün bunlar, ölkələrimiz arasında əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir. Bəli, bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət» kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu, belə olacaq. Qələbə Zəfəri ilə - Qarabağ Azərbaycandır! Azərbaycan-Türkiyə «Bir millət, iki dövlətdir!”
RƏFİQƏ KAMALQIZI