PDF Oxu

Siyasət

  • 4 382

Qalibliyin amili - “Biz birlikdə güclüyük!”

Qalibliyin amili - “Biz birlikdə güclüyük!”

Prezident İlham Əliyev: “Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir”

COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və öz metodları mövcud oldu. Şübhəsiz ki, indi hər bir ölkə öz vətəndaşlarını böhrandan az itki ilə çıxarmağa çalışır. Postsovet məkanı da koronavirus pandemiyasından əziyyət çəkən bölgələr sırasındadır. Lakin bölgənin lider dövlətlərindən olan Azərbaycanın pandemiyaya qarşı mübarizədə göstərdiyi nümunə diqqətəlayiqdir. Belə ki, Azərbaycanda koronavirus pandemiyasından bir qədər əvvəl həyatın bütün sahələrinə təsir göstərən böyük islahatlar elan edildi və qısa müddətdə həyata keçirildi. Azərbaycanda bütün sahələrdə sabitlik təmin edildi, əhalinin məşğulluq problemləri müsbət həllini tapdı və sadə vətəndaşın rifah halı iqtisadi inkişafının əsas prioritetlərindən birinə çevrildi. Koronavirus pandemiyası başlamazdan öncə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə kölgə iqtisadiyyatına qarşı ciddi tədbirlər görüldü, şəffaflıq təmin edildi və dövlət orqanlarının fəaliyyətində informasiya texnologiyalarının tətbiqi təmin edildi, dövlət xidmətləri sahəsində mərkəzləşdirilmiş elektron məlumat sistemi yaradıldı. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında aparılan düzgün siyasət və atılan zəruri addımlar tektonik fəlakət zamanı öz sözünü deyə bildi.Mayın 31-də Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında da dövlət başçısı Azərbaycanda pandemiya ilə mübarizədən danışdı.
“Ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılmışdır”
"İlk növbədə, davam etməkdə olan COVID-19 pandemiyası ilə əlaqədar qlobal səhiyyə gündəliyi üçün olduqca çətin bir dönəmdə baş tutan Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında çıxış etməklə bağlı dəvətə görə minnətdarlığımı bildirmək istərdim". Bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun dəvəti əsasında mayın 31-də sessiyanın bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videoformatda çıxışında deyib."Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizənin əlaqələndirilməsi də daxil olmaqla, qlobal səhiyyə sahəsində idarəçiliklə bağlı aparıcı rolunu və səylərini dəstəkləyir. Pandemiyanın lap ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır. Bununla yanaşı, COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir", - dövlət başçısı bildirib.Prezident İlham Əliyev onu da bildirib ki, ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılmışdır. Azərbaycan Prezidenti cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlanıldığını deyib: "Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir".
“Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır”
“Biz 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini alqışlayırıq. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə olduqca səmərəli əməkdaşlıq edir”,- deyən Prezident İlham Əliyev onu da vurğulayıb ki, ötən il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır. Dövlət başçısı Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirdiyini deyib: "Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış etmişdir. Bu sırada Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək olar. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir. Bununla yanaşı, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilmişdir”.Prezident İlham Əliyev görüşü zamanı koronavirusa qarşı peyvəndlərin bölüşdürülməsində müşahidə edilən "peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyin narahatlıq doğurduğunu deyib: “Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləmişdir. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür”.Prezident İlham Əliyev bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürdüyünü və həmin qətnamənin cari ilin mart ayında yekdilliklə qəbul olunduğunu deyib: “Bu xüsusda, biz inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırırıq”.Bəli, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin atdığı hər bir uğurlu addımı xalqımızda nikbinlik yaradır. Xalqımızın öz Prezidenti ətrafında birləşməsi və ölkə rəhbərini dəstəkləməsi pandemiya üzərində qələbəni təmin edən başlıca amillərdən biridir. Bu gün bütün dünya Azərbaycanın təcrübəsini mənimsəyir. “Biz birlikdə güclüyük” şüarı ilə pandemiyaya qarşı savaşan Azərbaycan görünməmiş nümunə yarada bilib. İnanırıq ki, bu çətinliklər arxada qalacaq, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə xalqımız daha gözəl günlər yaşayacaq. Dövlət başçımızın dediyi kimi: “Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq”.

sia.az

Digər xəbərlər