Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə karantin qaydaları çərçivəsində şəhid övladlarının iştirakı ilə tədbir təşkil olunub. Bakı Uşaq və Gənclər Teatrının təşkilati dəstəyi ilə həyata keçirilən tədbirə Suraxanı rayonunda yaşayan bir qrup şəhid övladları dəvət olunub. Uşaqlar üçün müxtəlif səhnəciklərin təqdim olunduğu görüşdə məqsəd şəhid övladlarının atalarının yoxluğunun onlarda formalaşdırdığı ağır mənəvi - psixoloji sarsıntını ən azından bir az da olsa yüngülləşdirmək idi.Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə şəhid övladlarını səmimi qəlbdən təbrik edib, onlara mehriban, əmin-aman, xoşbəxt və firəvan bir dünya arzu etdiyini bildirib. O deyib ki, uşaqlarımızın bu il qalib xalqın qalib övladları kimi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etməsi və gələcəkdə gözəl günlər yaşaması üçün bir çox uşaqların ataları, əmiləri, dayıları öz canlarını, həyatlarını, sağlamlıqlarını qurban veriblər.V.Seyidov Vətən müharibəsində canlarını qurban verənlərin bir çoxlarının 18-20 yaşlarında gənclər olduğunu və cəmi bir neçə il əvvəl onların özlərinin də uşaq olduqlarını görüş iştirakçılarının diqqətinə çatdıraraq övladlarımızın düzgün, milli-mənəvi, vətənpərvərlik ruhunda tərbiyə olunması nəticəsində qələbə qazana bildiyimizi xüsusi ilə vurğulayıb.YAP Suraxanı rayon təşkilatının sədri onu da qeyd edib ki, bu gün şəhid ailələrinin və qazilərin övladları ən gözəl təbriklərə layiq görülür, qayğı və diqqətlə əhatələnirlər. İstər dövlət başçısı İlham Əliyev, istərsə də Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyeva şəhid ailələri və qazilərin uşaqlarının sosial, mənəvi-psixoloji durumlarını daim diqqətdə saxlamaqla əslində xalqımızın birliyini də təmin etmiş olurlar.Bakı Uşaq və Gənclər Teatrının bədii rəhbəri və direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti İntiqam Soltan da çıxış edərək sənət adamlarının öz "silahları" ilə hər zaman şəhid ailələrinin, övladlarının qayğılarını çəkməyə hazır olduqlarını bildirib.Tədbirin sonunda YAP Suraxanı rayon təşkilatı tərəfindən şəhid övladlarına hədiyyələr təqdim edilib.
sia.az