PDF Oxu

Siyasət

  • 3 422

Xilaskarlıq missiyasının başlanğıc nöqtəsi

Xilaskarlıq missiyasının başlanğıc nöqtəsi

1993-cü il 4 iyun hadisələrindən 28 il ötür

Bir əsrdə iki dəfə istiqlaliyyətə qovuşan Azərbaycanın müstəqillik taleyi çətinliklərlə dolu olub. 1918-ci ildə yaradılan ADR-in varlığına bolşevik Rusiyasının işğalı son qoydusa, 1991-ci ildə ikinci dəfə azadlığına qovuşmuş ölkəmizi həm xaricdən, həm də daxildən təhlükə öz ağuşuna almışdı. Bu, azmış kimi, Dağlıq Qarabağda SSRİ rəhbərliyinin təhriki ilə yaradılan münaqişə Azərbaycan xalqını növbəti bir sınaqla üz-üzə qoymuşdu. Az keçmədi ki, bu problemlərin sırasına daha biri əlavə olundu: hakimiyyət böhranı...1992-ci ilin mayında hakimiyyətə yiyələnmiş AXC-Müsavat cütlüyünün səriştəsizliyi addımbaşı öz bəlalı nəticəsini büruzə verirdi. Məhz bunun sayəsində ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Gənc respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında qızğın mübarizə gedirdi. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, özbaşınalıqlar hakimiyyətdə olanların ölkəni idarə edə bilməyəcəyini göstərirdi. Problemlər getdikcə artırdı.
4 iyun hadisələri hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün iflası idi
Bəzən hadisələri cəmiyyətə başqa ad altında təqdim edirlər. Amma belə deyil. Belə ki, hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyi, idarəetmənin bilinməməsi nəticəsində ölkə xaos vəziyyətinə gətirilmişdi. Bir tərəfdən ərazilərimizin işğal olunması, digər tərəfdən isə hər bir siyasi partiyanın özünün silahlı dəstəsinin olması, ayrı-ayrı şəxslərin ordunun müxtəlif qruplarına rəhbərlik etməsi, nizami ordunun olmaması, dövlət idarəçiliyində səriştəsi olmayan insanların rəhbərliyə gətirilməsi, o cümlədən yerli icra hakimiyyətlərində fəaliyyət göstərməsi hər şeyin bərbad hala düşdüyünü göstərirdi. Kim meydanda daha çox qışqırmışdısa, onu hansısa rayona icra başçısı qoymuşdular. O baxımdan da idarəçilikdən xəbərləri yox idi. Ölkədə vəziyyət getdikcə çətinləşirdi. Azərbaycan özünün milli və dövlət müstəqilliyini əldə etdikdən sonra həm ölkə daxilində cərəyan edən proseslər, həm də xaricdən olan təzyiqlər ölkənin dövlət müstəqilliyinə çox ciddi təhlükə yaratmışdı. AXC-Müsavat hakimiyyəti bu təhlükələrin sovuşdurulması istiqamətində lazımi tədbirləri görmək iqtidarında deyildi. Təbii ki, bütün bunlara görə də, Azərbaycan vətəndaşları həm ölkəmizin müstəqilliyinin başının üstünü almış təhlükəni sovuşdurmaqdan ötrü, həm də digər təhdidlərin qarşısının alınması üçün real addımların atılmasını gözləyirdilər.
Vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə
Belə bi ağır məqamda Azərbaycan hakimiyyəti vəziyyətin daha da kritikləşməsinə yol açan məntiqsiz qərarlar verməkdə davam edir, ölkəni, demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi. 1993-cü il iyunun 4-də sabiq korpus komandiri, AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi və Gəncədə yerləşən 709-cu briqadanın ləğvi ilə bağlı əmr imzalandı. O zamankı müdafiə naziri Dadaş Rzayevin imzaladığı bu əmrə və təhvil-təslim barədə qərara tabe olmayan Surət Hüseynov isə tabeçiliyində olan hərbi hissənin əsgərlərinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. 709-cu briqadanı tərksilah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında döyüş oldu. Artıq ölkə vətəndaş müharibəsinin astanasında idi. Məhz belə bir çətin zamanda xalqın diqqəti Naxçıvana yönəlmişdi. Çünki düşmən blokadasında belə muxtar respublikanı qorumağı bacaran, Azərbaycanın xilaskarı Heydər Əliyev dövlətin yeganə nicat yolu idi. Ona görə də Vətənin bu ağır günündə xalq Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın o zamankı hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi, çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.Sonralar Ulu Öndər bu məsələ ilə bağlı bildirirdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".Ulu Öndər Heydər Əliyev dövlətin xilaskarı olmaqla yanaşı, həm də millətinin taleyinin xilaskarıdır. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır. Vətəndaş cəmiyyəti institutlarının hələ formalaşmadığı, üstəlik, xarici işğala məruz qalan ölkəni yalnız və yalnız Ümummilli Liderimiz Heydər Əliyev xilas edə bilərdi və etdi də. Bu gün Ulu Öndər Heydər Əliyev dühasının bəhrəsi olan müstəqil Azərbaycan dövlətinin inkişafı millət-dövlət tandeminin üzərində qurulduğu üçün sarsılmazdır. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyevin apardığı «dəmir yumruq» siyasəti 30 il düşmən əsarətində olan torpaqlarımız 44 gün davam edən İkinci Vətən Müharibəsini Qələbə zəfəri ilə başa vurdu, ərazi bütgvlüyümüz bərpa olundu, haqq, ədalət qalib gəldi. Məhz Ulu Öndər Heydər Əliyevin yenidən ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz əbədi oldu və bu gün Azərbaycan 103 illiyini qeyd etdiyimiz Cümhuriyyətimizin taleyini yaşamadı. Azərbaycanın tarixinə Zəfər Gününün yazılması bu yolun uğurlu davamının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ata vəsiyyətini yerinə yetirdiyinin təqdimatıdır. Dövlət başçısı 8 noyabrda Qarabağın döyünən ürəyi, musiqi beşiyimiz Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqımıza çatdırarkən bildirmişdir: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”Xalqımız əmindir ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

sia.az

Digər xəbərlər