PDF Oxu

Siyasət

  • 4 654

Ramiz Şabanov: "Qalib Sərkərdə Prezident İlham Əliyevin sözü imzası qədər gücə sahibdir”

Ramiz Şabanov: "Qalib Sərkərdə Prezident İlham Əliyevin sözü imzası qədər gücə sahibdir”

“Qalib Sərkərdə, Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara tarixi səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlini qoyması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı bütün ideya və planlarını sürətlə reallaşdırmağa qadirdir. Çünki Qalib Sərkərdə Prezident İlham Əliyevin sözü imzası qədər gücə sahibdir”. Bunu SİA-ya açıqlamasında YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov bildirib.T.Şabanov Prezident İlham Əliyev cənablarının işğaldan azad olunmuş Ağdam şəhərinə növbəti tarixi səfərinin əlamətdar bir günə - mayın 28-i Respublika Gününə təsadüf etdiyini bildirib: "Dövlət başçımız çıxışı zamanı bildirdi ki, bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək".Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərinin getdikcə daha geniş vüsət aldığını deyən R.Şabanov həmçinin bildirib ki, artıq bütün dünya bu torpaqlarda 30 il davam edən işğal dövrü ərzində erməni qəsbkarlarının törətdikləri misli görünməmiş vandalizm aktlarının əsl miqyasını və acı nəticələrini görür: “Lakin bu talançılığın nəticələri nə dərəcədə dağıdıcı, miqyası nə qədər böyük olsa da, Azərbaycan dövlətinin həmin ərazilərdə apardığı quruculuq işlərinin həcmi bundan qat-qat artıq olacaq. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə ardıcıl səfərləri də bu işlərin ən yüksək səviyyədə həyata keçirildiyinin və xüsusi diqqət mərkəzində saxlandığının bariz göstəricisidir”.YAP Tərtər rayon təşkilatının sədri R.Şabanov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin gedişi həmin bölgələrdə tezliklə ən müasir şəhər və kəndlərin salınacağını, dünyaya tamamilə yeni tipli yaşayış məntəqələri modellərinin təqdim olunacağını deməyə əsas verir: “Hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə bərpa-quruculuq işləri həyata keçirməkdədir. Bu işlər çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin Prezident İlham Əliyev tərəfindən şəxsən qoyulması isə görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Prezident İlham Əliyevin mayın 28-də Ağdam şəhərinə səfəri zamanı bu şəhərin Baş Planı təsdiqlənib. Bu, işğaldan azad edilmiş ərazilərdə təsdiqlənən ilk Baş Plandır və bu Planının təqdimatı zamanı Prezident İlham Əliyev ağdamlılara bu müjdəni verdi: “Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”.Dövlətimizin başçısı Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, 140 illik tarixi olan 1 saylı məktəbin yeni inzibati binasının, Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun təməlini qoydu, Ağdam şəhər meşə-parkının salınmasında iştirak etdi. Pənahəli Xan sarayının yerləşdiyi İmarət kompleksinin, Qiyaslı məscidinin, Şahbulaq qalasının bərpası, Zəfər və İşğal muzeylərinin tikintisi ilə bağlı tövsiyə və göstərişlərini verdi. Bütün bunlar, heç bir çətinliyə baxmadan, Qarabağda bərpa-quruculuq işlərinin başlanılması ilə bağlı Prezident iradəsinin və mövqe qətiyyətinin bəhrəsidir. Həm də bir daha onun təsdiqidir ki, Prezident İlham Əliyevin sözü, heç şübhəsiz, imzası qədər gücə sahibdir. Tədbirdə dövlətimizin başçısının Ağdam ictimaiyyətinin nümayəndələrinə söylədiyi bu fikirlər elə həmin səbəbdən təsadüfi deyildi: “Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər əsnasında deyirdim ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq. Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümün təsdiqidir”.Son günlər xüsusi canfəşanlıq edən, çox vaxt ermənilərin yalan və iftiralarına uyan ünvanlara da Prezidentimiz gərəkli mesajını verdi: “Çalışırdıq ki, bunu sülh yolu ilə həll edək. Ancaq Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində təcavüzkara-işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır”. Prezident çıxışında Qələbəmizi şərtləndirən amillərə bir daha xüsusi diqqət çəkdi: “Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi... İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır... Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan”.R.Şabanov vurğulayıb ki, Prezident İlham Əliyevin böyük həqiqətləri ifadə edən bu fikirlərində Qafqaza marağını gizlətməyən dairələrə də ciddi mesaj yer alırdı. Prezidentimiz faktiki olaraq dedi ki, Ermənistanın öz dövlət müstəqilliyindən imtina yolunu seçməsinə uymasınlar. Torpaqlarımızın bir qarışında belə güzəştə getməyən Azərbaycan dövləti və xalqımız üçün müstəqillik Qarabağ qədər müqəddəs və əbədi seçimdir. Prezidentin demədiyi, dilə gətirmədiyi yalnız bir məsələ oldu. O demədi ki, torpaq həsrətimizə son qoyulmasının, milli qürurumuzun qorunmasının və şanlı Qələbəmizin təməlində bu illər ərzində məhz onun siyasi iradəsi və qətiyyəti dayanıb: “Ali Baş Komandanın söylədiyi kimi, işğaldan azad edilmiş bütün rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır. Bir sözlə, bu gün həm də fəxrlə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilməklə, yaxın gələcəkdə Qarabağın, Ağdamın, ümumilikdə işğaldan azad olunan bütün ərazilərimizin dirçəlməsinin, inkişafının şahidi olacağıq!”

sia.az

Digər xəbərlər