Bu isə həm də o deməkdir ki, Azərbaycanın mövqeyi ilə bu gün tam şəkildə hesablaşılır
Məlum olduğu kimi, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Prezident İlham Əliyevə telefon zəngi edərək bir sıra məsələlər ətrafında fikir mübadilələri aparması ilk növbədə, postmüharibə dövründə Azərbaycanın beynəlxalq arenadakı rolunun güclənməsi reallığını isbat edir. Xüsusilə, müzakirə zamanı Şarl Mişelin ölkəmizlə əməkdaşlıq perspektivlərini dəyərləndirməsi, eləcə də digər mühüm layihələr ətrafında rəhbərlik etdiyi qurumun maraqlarının olduğunu bildirməsi də belə qənaətə gəlməyə zəmin yaradır ki, zamanında Azərbaycana qarşı qərəzli, yaxud ikili standartlardan yanaşan beynəlxalq qurumlar da istiqamətlərini dəyişməli, əməkdaşlıq imkanlarını müsbət məcrada inkişaf etdirməlidirlər.
Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı digər Avropa təşkilatlarına nümunədir
Məhz bu kontekstdən yanaşma edərək həm də nəticəyə gələ bilərik ki, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı digər Avropa təşkilatlarına nümunədir. Başqa tərəfdən, fakt budur ki, Azərbaycan artıq uzun müddətdir ki, nəinki regionun, eyni zamanda Avropa məkanının enerji təhlükəsizliyinin təminatında söz sahibi qismində çıxış edir. Bu xüsusda Şarl Mişelin Cənub Qaz Dəhlizi layihəsinin başa çatması ilə bağlı məmnuniyyət ifadə etməsini göstərə bilərik. Eləcə də qarşıda daha münbit və nəhəng layihələrin icrasının da Avropa İttifaqının gündəmində dayandığını qeyd edərsək, bu imkanların istər Cənubi Qafqaza, istərsə də Avropa məkanına yeni nəfəs verəcəyini proqnozlaşdıra bilərik.
Azərbaycan qarşısında olan bütün öhdəliklərə zamanında, heç bir maneələr törətmədən əməl edir və bunu beynəlxalq siyasi dairələr də yaxşı bilir və anlayırlar
Lakin sirr deyil ki, müharibədən sonra Ermənistanın Azərbaycandan fərqli olaraq sülhə hazır olmadığını nümayiş etdirməsi qarşıda dayanan mühüm məsələlərin həllinə mənfi təsirlərini göstərir. Daha dəqiq desək, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra regionda təhlükəsizlik və sabitliyin təmin olunması məsələləri bu gün də gündəmin prioritet istiqaməti olaraq qalmaqdadır. Bu baxımdan, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olması mesajını göstərə bilərik. Belə ki, Şarl Mişel hər iki tərəfi saxlanılan şəxslər, tam şəffaflıq şəraitində mina və digər humanitar məsələlər üzrə əməkdaşlıq etməyə çağırsa da, əslində, həmin mesajın Ermənistana ötürüldüyünü də ayrıd etmək çətinlik yaratmır. Çünki Azərbaycan qarşısında olan bütün öhdəliklərə zamanında, heç bir maneələr törətmədən əməl edir və bunu beynəlxalq siyasi dairələrdə də yaxşı bilir və anlayırlar, əlbəttə ki, qərəzli dairələrdən fərqli olaraq. O cümlədən, Avropa İttifaqı Şurası da sözügedən gerçəkliyi dərk edir.
Cənubi Qafqazda sülhün bərqərar olması üçün beynəlxalq birlikdə yekdil rəy formalaşır
Yeri gəlmişkən, telefon danışığı əsnasında Prezident İlham Əliyev də Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması üçün danışıqlara başlamağa hazır olduğunu vurğulayıb, lakin Ermənistanın hələ də bu çağırışa cavab vermədiyini bildirib. Ümumiyyətlə, telefon söhbəti zamanı hər iki tərəf Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsində maraqlı olduqlarını bildirməklə yanaşı, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının əhəmiyyəti barədə də ümumi razılığa gəliblər və bu xüsusda qarşıdakı sammit ilə bağlı fikir mübadiləsi aparıblar. Bütövlükdə isə, sözügedən proseslər, cərəyan edən olaylar həm də onu göstərir ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün beynəlxalq birlikdə yekdil rəy formalaşır. Bu isə həm də o deməkdir ki, Azərbaycanın mövqeyi ilə bu gün tam şəkildə hesablaşılır.
Rövşən RƏSULOV