“Hazırda 44 günlük müharibədən sonra regionumuzda yaranmış yeni geosiyasi və geoiqtisadi reallıq region ölkələrinin hər biri üçün yeni imkanlar və perspektivlər yaradıb. Vətən müharibəsində Türkiyə-Azərbaycan münasibətləri yenidən tarixin sınaqlarından keçərək daha mühüm zirvəyə çatıb. Ona görə də iki qardaş ölkə arasında bütün istiqamətlər üzrə tərəfdaşlıq, qardaşlıq münasibətləri strateji kontekstdə daha da dərinləşməkdədir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, şübhəsiz ki, bu prosedə hər ölkənin hakim partiyaları arasında olan münasibətlər xüsusi əhəmiyyət kəsb edir: “Çünki post-müharibə mərhələsi sülh, tərəfdaşlıq və əməkdaşlıq mərhələsidir. Bu prosesdə siyasi iradə, siyasi proseslərin inkişaf istiqamətləri və qarşılıqlı inteqrasiyası Türkiyə-Azərbaycan münasibətləri fonunda mühüm əhəmiyyət kəsb edir. Ona görə də Yeni Azərbaycan Partiyasının qardaş Türkiyəyə səfəri zamanı hakim Ədalət və İnkişaf partiyası ilə tərəfdaşlıq və əməkdaşlıq haqqında yeni protokol imzalandı. Bu ictimai-siyasi, mədəni, sosial həyatımızın müxtəlif istiqamətləri üzrə qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsinə və inkişafına xidmət edəcək”.
H.Babaoğlu vurğulayıb ki, eyni zamanda hazırda dünyada baş verən münasibətlər kontekstində hər iki partiyanın xarici əlaqələr üzrə qurumları da fəaliyyətlərində koordinasiyanı və ortaq məqsədləri müəyyənləşdirmək üçün mümkün əməkdaşlıq perspektivklərini nəzərdən keçirir: “Bütün bunlar Türkiyə-Azərbaycan münasibətləri konstektində əhəmiyyətli olduğu qədər həm də regionumuzun gələcəyi baxımından əhəmiyyətlidir. İmzalanmış əməkdaşlıq protokolu 2 partiyanın münasibətləri fonunda mühüm əhəmiyyət kəsb etməklə bərabər, həm çox mühüm strateji perspektivlər müəyyən edir. Bu əməkdaşlıq Azərbaycan cəmiyyətinin və siyasi sisteminin bütün istiqamətləri üzrə gələcəkdə öz mümkün nəticələrini verməklə iki qardaş ölkə arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək”.