Azərbaycan-Türkiyə iqtisadi əlaqələri Ulu öndər Heydər Əliyevin vurğuladığı “bir millət, iki dövlət” devizinə və tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. Türkiyə Respublikası ilə iqtisadi əlaqələrimiz dərin tarixi köklərə dayansa da, bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin qazanılmasından sonrakı dövrə təsadüf edir. Türkiyə ilə iqtisadi münasibətlər müxtəlif sahələri əhatə edir.Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi münasibətlərin əsasını qarşılıqlı sərmayə qoyuluşları, ikitərəfli ticarət, regional və qlobal əhəmiyyətli enerji və daşımaçılıq layihələri təşkil edir.Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlamışdır. Bu istiqamətdə ilkin olaraq 1 noyabr 1992 tarixində Azərbaycan və Türkiyə arasında Ankarada “Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş” imzalanmış, 23 yanvar 1993 tarixindən isə qüvvəyə minmişdir. İkitərəfli iqtisadi münasibətlərin hərtərəfli inkişafı baxımından, 1994-cü ildən sonra həyata keçirilən tədbirlər və hüquq-müqavilə bazasının təkmilləşdirilməsi istiqamətində atılmış addımlar xüsusi mərhələnin əsasını qoymuşdur. Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələr həm də çoxtərəfli strateji əhəmiyyətli əməkdaşlığı əhatə edir. Bu özünü daha çox enerji-nəqliyyat qovşaqlarını nəzərdə tutan layihələr əsasında 1994-cü ildə “Əsrin Müqaviləsi” ilə qəbul edilən neft axtarış-kəşfiyyat işləri ilə başlayıb, sonrakı illərdə isə genişlənib. Azərbaycan və Türkiyənin də tərəfdaş olduğu nəhəng regional layihələrə Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP misal göstərilə bilər. Bu layihələr regionda iqtisadi inteqrasiyanın güclənməsi, enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bu gün Azərbaycan və Türkiyə arasında müxtəlif sahələr üzrə təsis edilmiş bir sıra birgə mexanizmlər fəaliyyət göstərməkdədir. Bunlardan xüsusilə, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə kimi mexanizmləri vurğulamaq olar.Azərbaycanın ümumi ticarət dövriyyəsində Türkiyənin payı son illərdə getdikcə artır. Belə ki, 2012-2014-cü illər arasında bu göstərici sabit olaraq 6% təşkil edib, 2015-ci ildə isə 12%-ə yüksəlib. Bu proses də 2015-ci ildən etibarən Türkiyəyə neft-qaz ixracının artması ilə əlaqəli olub. 2019-cu ildə Türkiyə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 4.5 milyard dollar təşkil etməklə 14% yer tutub. 2020-ci ildə Azərbaycan və Türkiyə liderlərinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasındakı çıxışında bu rəqəmin 15 milyard dollara çatdırılmasının hədəfləndiyi qeyd edilib. Ölkələr, bu hədəfə nail olmaq üçün bir sıra sazişlər imzalayıb. Bunlardan biri 1 iyul 2020-ci il tarixində təsdiq edilən iki hökumət arasında Preferensial Ticarət Sazişidir.Türkiyədən Azərbaycana investisiya qoyuluşlarında əsas sahələr qeyri-neft sektorudur. Türk şirkətlərinin Azərbaycanda əsas fəaliyyət sahələri inşaat, informasiya-rabitə, maliyyə və sığorta, qida istehsalı, nəqliyyat, tekstil sektorlarıdır. Maliyyə-sığorta sahəsində Türkiyə mənşəli investisiyalara “Azərbaycan Sənaye Bankı”, “Ziraat Bank Azərbaycan”, “Azər-Türk Bank” nümunə göstərilə bilər. Neft-qaz sektorunda isə Türkiyənin Azərbaycanda “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Kürdaşı” və “Alov” kimi layihələrdə tərəfdaşlığı misal göstərilə bilər.Nəqliyyat və enerji layihələri Azərbaycan və Türkiyənin regionda mövqeyinin güclənməsində, beynəlxalq daşınmalarda məsafə və daşınma müddətinin qısaldılmasında strateji əhəmiyyətinin artmasında, regional enerji təhlükəsizliyinin təminatında, bu ölkələrin tranzit və ticarət əməliyyatları ilə yanaşı digər sahələrdə gəlirlərin artımında, məşğulluğun həllində və əhalinin rifahının yüksəldilməsində əhəmiyyətlidir. Türkiyə Azərbaycanda qeyri-neft sektoruna ən çox investisiya qoyan ölkədir. Azərbaycanın Türkiyəyə yönəltdiyi ən böyük birbaşa xarici investisiya “SOCAR Turkey”in icra etdiyi layihələrlə bağlıdır. “SOCAR Turkey” ilk olaraq 2008-ci ildə “Petkim”in səhmlərinin satın alınması ilə Türkiyənin energetika bazarına daxil olub. Bu investisiya ilə hazırda tərəfdaş ölkənin neft-kimya xammalı tələbatının 18 faizi qarşılanır. SOCAR-ın Türkiyədə əhəmiyyətli investisiyaları var. Bu investisiyalara “SOCAR Terminal”, “SOCAR Dağıtım”, “SOCAR Depolama” və bundan başqa bir sıra əhəmiyyətli satınalmalar misal göstərilə bilər.Qeyd edək ki, son illər Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında turizm sektorunun böyük rolu olmuşdur. Dünya turizm sənayesində 3-cü və 4-cü yerləri bölüşən Türkiyənin turizm sahəsindəki təcrübələrinin Azərbaycana gətirilməsi ölkəmizdə bu sektorda beynəlxalq standartların tətbiq olunması, xidmətin keyfiyyətinin artırılması, ixtisaslı kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda turizm xidmətinin daha da inkişaf etməsi və ölkəmizin turizm obyektləri barəsində türkiyəli istirahətsevərlərin məlumatlandırılması sayəsində gələcək illərdə respublikamıza da bu ölkədən turist axını artacaqdır.Azərbaycan və Türkiyə arasındakı iqtisadi münasibətlər tarixi-mədəni yaxınlığa və qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır. İkitərəfli iqtisadi əlaqələrdə çoxşaxəlilik və intensivlik müşahidə edilir. Bu əlaqələr ticarət, investiya qoyuluşları və çoxtərəfli münasibətləri əhatə edən regional layihələrdə özünü daha qabarıq göstərir. Hazırkı iqtisadi tərəfdaşlıq həm Türkiyə və Azərbaycanın ölkə miqyasında, həm də region miqyasında nüfuzunun və iqtisadi gücünün artımında əhəmiyyətli rol oynayır. Türkiyə ilə sıx iqtisadi münasibətimizin böyük inkişaf potensialı vardır. Hər iki ölkə liderləri mövcud iqtisadi əlaqələrin inkişafı üçün böyük səy göstərir. Mövcud potensialın dəyərləndirilməsi hər iki ölkədə əhalinin rifah halının yüksəldilməsi, rəqabət sisteminin inkişafı, işsizliyin həlli, enerji təhlükəsizliyinin təminatı və ölkələrin makroiqtisadi dayanıqlılığı kimi məsələlərdə böyük səmərə qazandıra bilər.
Gülüs Əhmədova
Xəzər rayonu Ə.Quliyev adına 121 №li tam orta məktəbin ibtidai sinif müəllim
sia.az