Siyasət

  • 2 735

Minaya düşərək həlak olan azərbaycanlı jurnalistlər haqqında İndoneziya mətbuatında məqalələr dərc olunub

image

İndoneziyanın müxtəlif xəbər saytlarında iyunun 4-də minaya düşərək həlak olan azərbaycanlı jurnalistlər haqqında çoxsaylı məqalələr dərc olunub.

İndoneziyanın “Republika”, “Kompas”, “Jakarta Today”, “Suara”, “Gpriority”, “Riau24”, “Era”, “Harian Aceh”, “Kempalan” kimi xəbər saytları, habelə Anadolu Agentliyinin indoneziya dili bölməsi Kəlbəcər rayonunda minaya düşərək həlak olan jurnalistlərimiz ilə bağlı müxtəlif materiallar yayıblar.
Məqalələrdə işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsinin müavini Arif Əliyevin həlak olması, habelə 4 nəfər şəxsin yaralanması barədə ətraflı məlumat verilir.
Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda minalar basdırması məsələsinin ölkəmiz tərəfindən davamlı şəkildə beynəlxalq müstəvidə qaldırıldığı və Ermənistanın məqsədinin Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaq olduğu qeyd olunub.
Bununla yanaşı, Ermənistanın Azərbaycan tərəfinə minalanmış ərazilərin xəritəsini hələ də vermədiyi, habelə bir müddət öncə Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olaraq, yolların minalanmasına yönəlmiş təxribat törədən Ermənistan silahlı qüvvələrinin bir qrupunun saxlanıldığı haqqında məlumat verilib.
Məqalələrdə Azərbaycanın beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa və Ermənistandan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb etməyə dair çağırışına xüsusi yer verilib.

yap.org.az

Digər xəbərlər