Siyasət

  • 2 992

"Azərbaycan daim döyüş potensialını saxlamalıdır" - EKSPERT ŞƏRH ETDİ

image

“Keçirilən hərbi təlimlərin məqsədi təlimə qədər olan hazırlıq zamanı şəxsi heyətin öz vəzifələrinə yiyələnməsi, qoyulan tapşırığın yerinə yetirilməsidir. Hərbi təlimlərdə birgə fəaliyyət, əlaqələndirmə məsələləri kimi hazırlıqlar cəm şəkildə müəyyən bir ssenari üzrə öz əksini tapır. Təlim demək olar ki, hərbi döyüş hazırlığının ən üst pilləsidir. Bundan sonrakı mərhələ artıq döyüşdür. Ona görə də təlimlərin əhəmiyyəti həddindən artıq çoxdur”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.Ekspertin sözlərinə görə, hərbi təlim kompleks şəkildə cürbəcür silahların tətbiqi ilə, onların arasında qarşılıqlı əlaqə yaratmaq, onları bir mərkəzdən idarə etməklə müəyyən ssenari üzrə qarşıya qoyulan tapşırığı yerinə yetirməkdir: “Təlimlər zamanı komandanlıqdan başlayaraq bütün heyət təlimdə iştirak edir və qiymətləndirilir. Hər kəs qarşısına qoyulmuş tapşırığı yerinə yetirməklə öz qiymətini alır. Sözsüz ki, təlim çox böyük bir təcrübədir. Bu real döyüş şəraitinə yaxın olan tapşırıqlardır və bu tapşırıqları təlim iştirakçıları müstəqil şəkildə qərarlar qəbul etməklə yerinə yetirirlər. Qeyd etmək istəyirəm ki, Azərbaycan üçün bu cür təlimlərin keçirilməsi çox əhəmiyyətlidir. Ona görə ki, hər təlimdə Azərbaycanın döyüş hazırlığı potensialı, döyüş qabiliyyəti yüksəlir. Həmçinin təlimlərdə yeni alınmış hərbi texnika tətbiq olunur və həmin texnikalara hərbi mütəxəssislərin yiyələnməsi təlimlər vasitəsilə yoxlanılır”.Ş.Ramaldanov vurğulayıb ki, məğlub qonşumuzun revanşist hisslərlə yaşadığını nəzərə alsaq bu təlimlərin nə dərəcədə əhəmiyyətli olduğunu deyə bilərik: “Ona görə də Azərbaycan daim döyüş potensialını saxlamalıdır. Şübhəsiz, təlimlərin hərbi sahədə böyük rolu var. Vətən müharibəsindən öncə də Azərbaycan çoxsaylı, irimiqyaslı təlimlər keçirirdi və həmin o təlimlərin nəticəsidir ki, biz Vətən müharibəsində qazanılmış təcrübəni tətbiq etməklə qələbə qazandıq. Təlimlər ola biləcək ssenarilər üzərində keçirilir. Hazırda Naxçıvanda keçirilən komanda-qərargah təlimlərinin ssenarisi də Ermənistanın ola biləcək təxribatlarını nəzərə alaraq hazırlanıb. Fikrimcə, bu təlimlərdə antiterror əməliyyatı ilə bağlı da suallar qoyulacaq və təlim iştirakçıları bu istiqamətdə də qarşıya qoyulan tapşırıqları yerinə yetirəcəklər”.

sia.az

Digər xəbərlər