YAP Yasamal rayon təşkilatının təşkilatçılığı ilə "15 İyun - Milli Qurtuluş Günü: Vətənin xilası, Xalqın qurtuluşu" mövzusunda videokonfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş nitqi ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkənin ictimai-siyasi sabitliyinin təmin edilməsi istiqamətində atılan addımlar haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürərək dövlətçiliyimizi yox olmaq təhlükəsindən xilas edib.
YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, Ulu öndər Heydər Əliyevin möhtəşəm qayıdışı Azərbaycan tarixinin dönüş nöqtəsi oldu. 1990-cı illərin əvvəlində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə xalqımız nicat yolunu Ulu öndərin hakimiyyətə qayıtmasında görürdü. Milli Qurtuluş Günü xalqımız tərəfindən müasir tariximizin ən önəmli hadisəsi kimi qeyd edilir, dəyərləndirilir.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Ulu öndərin qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.
YAP Yasamal rayon təşkilatının sədr müavini Bəxtiyar Nəbiyev 15 İyun - Milli Qurtuluş Gününün tarixi və bu günün Azərbaycan Respublikası üçün əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycan xalqının çağırışı ilə məhz Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ölkəmizə sabitlik və təhlükəsizlik, eləcə də cəmiyyətimizə rifah gətirdi.
YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri İlqar Quliyev qeyd edib ki, 1993-cu ilin iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü biruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Rəşadət Xalıqov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışıb, Prezident İlham Əliyevin Ümummilli liderin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdırıb.
Tədbirin sonunda Azərbaycan Respublikasının xalq artisti Mələkxanım Eyyubova “Qarabağ Azərbaycandır” ifasını, müğənni Səyyad Əlizadə “Mətin sərkərdə” ifasını səsləndirib.
Qeyd edək ki, "Zoom" platforması üzərindən baş tutan tədbirə 300-ə yaxın iştirakçı qoşulub.