15 iyun təkcə dövlətçiliyimizin xilası deyildi, həm də 44 günlük müharibədə möhtəşəm qələbənin təməli idi

15 iyun - Milli Qurtuluş Günü. Tarixin bu günü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edildiyi gün. 15 iyun Azərbaycan xalqının gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası olan tarixi gün. Heydər Əliyevin ikinci dəfə - 1993-cü ilin 15 iyun tarixində siyasi hakimiyyətə gəlişi, nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Bu, həqiqətən də bir qurtuluş idi. Ulu Öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu. Hakimiyyətdə olan AXC-Müsavat iqtidarının səriştəsizliyi, xalqı deyil, yalnız öz mənfəətlərini güdmələri, hər şeyi - ləyaqəti, şərəfi, vicdanı pula satmağı sonda Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qoydu. Talanmış dövlət büdcəsi iqtisadiyyatı çökdürmüş, daxili və xarici qüvvələr isə artıq separatçılıq vasitələri ilə ölkəni bölən "xəritələrini" hazırlamışdılar. Qarabağ cəbhəsində isə torpaqlarımız ard-arda erməni işğalçılarına peş-kəş edilirdi. Azərbaycan xalqı dövlətçiliyini itirmək təhlükəsi fonunda fəlakətlər, tüğyanlar burulğanında məhv olmaq üzrə idi. Bütün bunlardan isə çıxış yolu tapmaq lazım idi. Xalqın Fenomen liderə ehtiyacı varıydı və O, HEYDƏR ƏLİYEV idi!

Ulu Öndər Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri - bir ömrün qızıl salnaməsi
Bəli, Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, andına, əqidəsinə sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi yalnız bu tarixi yarada və yaza bilərdi. Məhz Onun ikinci dəfə hakimiyyətə gəlişi xalqı və dövləti bəlalardan qurtarmaqla yanaşı, yeni, müasir dövlətçilik təməlinin əsaslarını, yüksəlişini qoydu. Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri də bir ömrün qızıl salnaməsidir. Azərbaycanı daimi müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir.
Müstəqilliyin əldə olunmasında Yeni Azərbaycan Partiyasının əvəzsiz xidmətləri böyükdür
Belə bir mürəkkəb şəraitdə Naxçıvanda yaşayan Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Muxtar Respublikanın Ali Məclisinə sədr seçildi. Heydər Əliyevin nüfuzu nəinki Naxçıvanda, bütün Azərbaycanda günbəgün artırdı. Bundan qorxuya düşən AXC-Müsavat hakimiyyətinin silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdilər. Lakin xalq öz böyük oğlunu müdafiə etdi, onunla birlikdə olduğunu bir daha sübuta yetirdi. İlk dövlət çevrilişinə cəhdin qarşısı alındı. Belə bir şəraitdə xalqın gələcək taleyinə biganə qala bilməyən insanlar 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransını keçirdilər. O dövrdə YAP-ın yaranması tarixi zərurət idi və Azərbaycanın dünyada tanınmış, dövlətçilik təcrübəsi olan liderə ehtiyacı var idi. Bu Lider Heydər Əliyev idi və hamı bu həqiqəti bütün varlığı ilə dərk edirdi. Ona görə də YAP Azərbaycanın bütün bölgələrində böyük sürətlə yaranır və təşkilatlanır, Heydər Əliyev siyasətini təbliğ edirdi. Ancaq bu ərəfələrdə AXC-Müsavat iqtidarının günahı üzündən Gəncədə qardaş qanı töküldü. O günlərdə Gəncədə ardı-arası kəsilməyən mitinqlər keçirilir, hadisələrə siyasi qiymət verilməsi tələb edilirdi. Belə bir gündə - iyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Belə bir vaxtda Heydər Əliyevin Bakıya gəlişi Respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. Hadisələrin bu fonunda xarici havadarları tərəfindən himayə olunan separatçı qüvvələr cənubda "Talış-Muğan Respublikası" elan etməyə səy göstərirdilər. Şimalda da bu cür qüvvələrin fəallığına təkan verilirdi. Belə bir vaxtda möhtərəm Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. Tezliklə Milli Məclisdə Gəncə hadisələrinə hüquqi-siyasi qiymət verildi. Qardaş qırğınına meydan açanlar öz layiqli cəzalarını aldılar.1993-cü il iyunun 15-də Heydər Əliyev ölkənin ali qanunvericilik orqanına Sədr seçildi. Həmin iclasda Ulu Öndər çıxış edərək tarixi nitqini söylədi: "...Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm... Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm"Bu tarixi qayıdış, sözün həqiqi mənasında, Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu idi. "Buna görə də xalqın müxtəlif təbəqələrinin arzu və istəyini nəzərə alaraq, 1997-ci il iyunun 17-də 15 iyunun Milli Qurtuluş Günü elan edilməsi təklifi ilə çıxış edəndə deputatlar təklifimi dərhal müdafiə etdilər. 10 gün sonra - iyunun 27-də parlamentimiz tarixi qərar qəbul edərək 15 iyunu Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi"- Ulu Öndər Qurtuluş Gününün elan edilməsi ilə bağlı çıxışında bildirmişdir. Görkəmli dövlət xadimi, bütün türk dünyasının ən nadir tarixi simalarından sayılan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini məhv olmaqdan qurtardı və bu müstəqilliyi daimi, əbədi, sarsılmaz, dönməz etdi.
15 iyun kimlərin siyasi ölümünü reallaşdırdı
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda AXC-Müsavat hakimiyyəti dövrünü tariximizdə qara ləkə kimi qiymətləndirdi. Dövlət başçısı İlham Əliyev bildirdi ki, AXC-Müsavat hakimiyyəti dövrü tariximizdə qara ləkədir: «Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşdı. Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat hakimiyyəti talançılıqla məşğul idi. Torpaqlarımız işğal altına düşdü və bununla bağlı çoxsaylı qaçqınlar-köçkünlər yarandı".Dövlət başçısı onu da bildirdi ki, əfsuslar olsun Azərbaycan rəhbərliyində olan qüvvələr 1991-1993-cü illərdə ölkəmizi lazımi səviyyədə idarə edə bilməyiblər: "AXC-Müsavat hakimiyyəti qardaş qanı axıtdı, vətəndaş müharibəsinə start verdi və bu, xalqımızın böyük faciəsi idi. Bir sözlə, o illər bizim tariximizdə qara ləkədir, rüsvayçılıq illəridir. Azərbaycan xalqı cəmi bir il o antimilli hakimiyyətə dözə bildi və bir ildən sonra o hakimiyyəti tarixin arxivinə göndərdi. Azərbaycan xalqı öz liderinə - Heydər Əliyevə müraciət edib, Onu hakimiyyətə dəvət etdi və nə qədər müdrik xalq olduğunu bir daha göstərdi".
Tarix dəyişmir...
Lakin tarixə qara ləkə olan AXC-Müsavat hakimiyyətinin Əli Kərimlisi, İsa Qəmbəri, Pənah Hüseyni, Arif Hacılısı Azərbaycanın siyasi sistemində, xüsusilə də sosial şəbəkədə zombiləşmiş qaragüruhçu dəstə 15 iyun Qurtuluş günü ərəfəsi yenə də eyni çirkin əməllərindən əl çəkmir, xalqı mitinqlərə çağırışları edirlər. Əxlaqsızlıq, mənəviyyatsızlıq və cinayətkarlıq budur. Görünür AXC-Müsavatın bir illik ləkəli dövründə etdikləri cinayətləri unudublar. Ancaq Ə.Kərimli, İsa Qəmbər, Arif Hacılı, Pənah Hüseynli və bu kimi satqınların əməllərini Azərbaycan xalqı unutmayıb. Və bu 15 iyun Qurtuluş günü ərəfəsi həyasızcasına yenidən ortaya atılaraq hər kəsi ittiham etməklə, xəyanətdə suçlamaqla özlərini ictimai rəyə demokratik düşərgənin əsas güc mərkəzi kimi sırımağa çalışmaları bir daha belələrinin nə qədər ləkəli əxlaqa malik olduğunun sübutudur.Bəli, tarix dəyişmir, satqın mənəviyyatsız Ə.Kərimlinin gerçək ləkəli siması budur və ləkəli keçmişini təmizləmək, yaddaşdan silmək isə mümkünsüzdür. Bir həqiqəti də Ə.Kərimli bilməlidir ki, tarix unudulmur.
Çünki Milli Qurtuluş yolu Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.15 İyun təkcə dövlətçiliyimizin xilası deyildi, bu, həm də 44 günlük müharibədə ölkə rəhbəri, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan möhtəşəm qələbənin təməli idi. Təbii ki, bu gün qazanılan uğurların əsasında ümummilli liderin müəyyənləşdirdiyi və miras qoyduğu siyasi kurs və bu kursun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi faktoru dayanır. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi yolunu uğurla davam etdirir. Keçən hər bir gün bir daha təsdiq edir ki, böyük həyat yaşamış ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb.Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür. Qalib Lider İlham Əliyevin 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Və bu gün Ulu Öndər Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar sayəsində ölkəmizdə təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır. Prezident İlham Əliyev çıxışlarında da bu məqamı vurğulayarkən deyib: "Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir, ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə müsbət təsir göstərir".Beləliklə, biz bir daha əminliklə deyə bilərik ki, əldə edilən inkişaf və tərəqqi müstəqil Azərbaycan uğrunda və Heydər Əliyevin ölməz ruhu qarşısında fədakarlıqla çalışmağın nəticəsidir. Bizlər bu faktoru əsas götürərək Azərbaycanımızın çiçəklənməsi naminə Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı Cənab İlham Əliyevin ətrafında daha da sıx birləşəcəyik.

sia.az