YAP Səbail rayon təşkilatının üzvləri Şəhidin məzarını ziyarət ediblər

YAP Səbail rayon təşkilatının üzvləri İsmayıllı rayonunda dəfn olunan Səbail rayonu sakini, Vətən müharibəsinin Şəhidi Cəmil Məmmədlinin məzarını ziyarət etdilər

Əslən İsmayıllıdan olan, Şəhidliyinə qədər Bakının Səbail rayonu, Bayıl qəsəbəsi, Buxta küçəsi 112 A ünvanında yaşayan Vətən müharibəsinin Şəhidi Cəmil Habil oğlu Məmmədlinin ata-baba ocağında Səbail rayonu Şəhid analarının görüşü keçirildi.Görüşdə Səbail rayonu Şəhidlərinin anaları, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının üzvləri, YAP Səbail rayon “Bibiheybət” ərazi ilk partiya təşkilatının sədri, 50 nömrəli məktəbin direktoru Sədaqət xanım Həsənova, rayon partiya təşkilatının aparat əməkdaşları və gənc fəallar iştirak etdilər.İlk öncə, Şəhid ailələri və YAP üzvləri İsmayıllı rayonunun Şəhidlər Xiyabanını, o cümlədən, Şəhid Cəmil Məmmədlinin məzarını ziyarət etdilər, qəhrəman Şəhidimizin məzarına güllər və əklil qoydular, ruhuna dualar oxudular. Sədaqət xanım Həsənova Şəhidlərimizin Azərbaycan xalqının qürur və fəxr mənbəyi, and yeri, baş tacı olduğunu bildirərək, Şəhidlərimizin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd etdi. Vurğulandı ki, qəhrəman Azərbaycan övladları 44 günlük Vətən müharibəsində Şanlı Zəfər dastanı yazdılar, xalqımızın başını uca etdilər. Övlad itkisi valideyn üçün nə qədər ağır olsa da, ailələr qəhrəman, cəsur övladları ilə fəxr edirlər. Canını Vətən uğrunda fəda edən igidlərimizin qəhrəmanlığı gələcək nəsillər tərəfindən də öyrəniləcək və qəhrəmanlıq dastanı kimi nəsildən nəsilə ötürüləcəkdir.Şəhidlər Xiyabanını ziyarətdən sonra Şəhid ailələri Şəhid Cəmil Məmmədlinin ata-baba ocağına gəldilər. Şəhid ailələri övladlarının keçdikləri qısa, lakin mənalı həyat, ömür və döyüş yolundan danışdılar, bir daha onlarla fəxr etdiklərini, qürur duyduqlarını bildirdilər. Vurğulandı ki, bugünkü əmin-amanlığımıza, dincliyimizə, təhlükəsizliyimizə görə biz bütün Şəhidlərimizə borcluyuq. Şəhid Cəmil Məmmədlinin anası Aygün xanım Məmmədova özü və ailəsi adından Şəhid ailələrinə, Şəhid analarına və Səbail YAP-çılarına minnətdarlığını, təşəkkürünü ifadə etdi.Qeyd edək ki, evin tək oğlu olan Cəmil Məmmədli ali təhsilli olub. Cəmil 2020-ci ilin iyulunda ali təhsilini başa vuran kimi hərbi xidmətə yollanıb və əsgər olaraq İkinci Vətən Müharibəsində iştirak edib. O, oktyabrın 14-ündən 15-inə keçən gecə Füzuli istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhid olub və nəşi oktyabrın 15-ində İsmayıllı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.Cəmil ailədə bir bacı-bir qardaş və subay olub. Cəmil Məmmədli ölümündən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. İsmayıllıda Şəhid Cəmilin ata-baba ocağına ziyarət həm də Cəmil Məmmədlinin anası Aygün Məmmədovanın doğum gününə təsadüf edib. Şəhidimizin anası Aygün xanımın 49 yaşı tamam oldu. Cəmil Şəhid olandan sonra ailəsi qərar verib ki, bütün ad günləri və bayramlarda İsmayıllıda, Cəmil Məmmədlinin məzarı başında olsunlar.Allah Cəmil Məmmədli də daxil olmaqla, cəmi Şəhidlərimizin məkanını cənnətlik etsin, cəmi Şəhid analarına, o cümlədən, Aygün xanıma cansağlığı, uzun ömür, dözüm və səbr versin! Amin! Ruhun şad olsun, qəhrəman qardaşımız Cəmil! Uğrunda canını fəda etdiyin Şanlı üçrəngli bayrağımız bu gün qürurla dalğalanır. Sənin kimi igid, cəsur Vətən oğullarının şücaəti, fədakarlığı nəticəsində Azərbaycan xalqı bu gün qalib, məğrur xalqdır. İllər keçəcək, nəsillər dəyişəcək, amma sənin qəhrəmanlığın, qanınla yazdığın azadlıq və igidlik salnaməsi əbədi yaşayacaq. Allah bizləri siz Şəhidlərimizin ruhuna layiq etsin. Amin!

sia.az