YAP Quba rayon təşkilatının Quba rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin inkişaf karyera mərkəzinin Quba nümayəndəliyinin təşkilatçılığı ilə Quba rayon Heydər Əliyev Mərkəzində 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib.Tədbirdə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov, Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova, Gənclərin inkişaf karyera mərkəzinin Quba nümayəndəliyinin direktoru Aytac Əhmədova, Quba Asan xidmət Mərkəzinin könüllüsü Şükür Sultanov və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. E.Orucova Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində atılan əhəmiyyətli addımlar haqqında ətraflı məlumat verərək bildirib ki, xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin 15 İyun 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın vətəndaş müharibəsi alovlarını söndürdü, Dahi Öndərin xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtuldu. Bu gün Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan yüksəlir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Ötən ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Qələbə də bu siyasətin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir.Tədbirdə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov çıxış edərək tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun tarixinin böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olduğunu qeyd edərək bildirib ki, bu tarixi yaradan Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan- Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.Ulu Öndər Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı Onu bütün dünya azərbaycanlılarının Lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş Müdrik Siyasi və Dövlət Xadimi tariximizdə müstəqilliyimizin Memarı və Qurucusu kimi yer tutub. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar Dahisinə çevrilib. Qədirbilən xalqımız Böyük Xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. O, Ulu Öndərin Azərbaycan xalqı ilə bağlı ideyalarının bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla reallaşdırıldığını vurğulayıb.Gənclərin inkişaf karyera mərkəzinin Quba nümayəndəliyinin direktoru Aytac Əhmədova, Quba "Asan Xidmət" Mərkəzinin könüllüsü Şükür Sultanov çıxış edərək bildiriblər ki, 1991-1993-cü illər müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, anarxiya dövrü kimi xatırlanır. Həmin dövrdə yalnız bir çıxış yolu var idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahat olan xalqın ziyalıları Ulu Öndər Heydər Əliyevə müraciət ünvanladılar. Xalq Heydər Əliyevin hakimiyyətə qayıdışını təkidlə tələb edirdi. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətinin müstəqilliyini xilas etdi, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı.Sonda 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar film və sərgi nümayişi etdirildi. Tədbir iştirakçıları 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar sərgi ilə tanış oldular.

sia.az