Şuşa Bəyannaməsi bütün türk dünyasına xidmət edən bir çox məsələləri özündə əks etdirir - Türk Şurasının Baş katibi

Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan Müttəfiqlik Bəyannaməsini məmnuniyyətlə qarşıladığımı bildirmək istəyirəm. Şuşa Bəyannaməsi bütün türk dünyasında var olan həmrəyliyi gücləndirməyə xidmət edən bir çox məsələləri özündə əks etdirir.

SİA xəbər verir ki, bu fikirləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyev Şuşa Bəyannaməsi ilə bağlı bəyanatında bildirib.
İki türk dövləti arasında imzalanan bu sənədin bütün türk dünyasının üçün çox təsiredici və xoşagələn olduğunu deyən Baş katib bildirib: “Bu baxımdan Şuşa Bəyannaməsi türk dövlətləri arasında əhatəli əməkdaşlığın ən üst səviyyələrə çatdırılması üçün nümunəvi sənəd olaraq tarixə keçəcək. Bəyannamədə əks olunan iqtisadiyyat, nəqliyyat, diaspor, mədəniyyət kimi bir çox mövzu Türk Şurası daxilində mövcud əməkdaşlıq sahələri ilə güclü paralellik nümayiş etdirir. Bəyannamə yalnız iki ölkə və bu ölkələrin xalqlarının deyil, bütün türk dünyasının mənafeyinə xidmət göstərəcək. Azərbaycan və Türkiyə liderləri Türk Şurası və digər türk əməkdaşlıq təşkilatları çərçivəsində hər cür əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bir daha nümayiş etdirdilər. Beləliklə, bəyannamə şura çərçivəsində həyata keçirilən çoxtərəfli əməkdaşlığın əsaslı olduğunun təsdiqi mahiyyətini daşıyır.
Son olaraq Şuşa Bəyannaməsi bölgədə sülh, sabitlik və firavanlıq üçün güclü bir çağırışdır. Bölgə ölkələrini bütün tərəflərin xeyrinə konkret layihələrlə cənubi Qafqazda yeni bir sülh və sabitlik bölgəsi yaratmağa dəvət edir. Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərini siyasi və hüquqi mexanizmlər vasitəsilə inkişaf etdirmək əzmi Türk Şurasına üzv və müşahidəçi dövlətlər arasında, eləcə də bölgədə hərtərəfli əməkdaşlıq prosesini daha da gücləndirəcəyinə əminəm”.

sia.az