Siyasət

  • 4 063

"Şuşa Bəyannaməsi regional sülh, sabitlik, rifah üçün güclü çağırışdır" - DEPUTAT ŞƏRH ETDİ

image

“Azərbaycanın qalib ölkə kimi uzun illər sonra öz doğma torpaqlarını erməni işğalından azad edərək yeni tarix yazması ölkəmizin güclü və qüdrətli bir dövlət olmasının növbəti göstəricisi idi. Ona görə ki, Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar nəticəsində Azərbaycan yeni-yeni uğurlara imza atmaqda davam edir. Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyəti ilə dostluq və qardaşlıq əlaqələri hazırda ən yüksək səviyyədədir. Ölkəmizin əldə etdiyi uğurların davamı kimi 15 iyun 2021-ci il tarixdə Mədəniyyət Paytaxtı Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında "Şuşa Bəyannaməsi" adlı tarixi sənəd imzalanıb. Sənədi iki türk lider- Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan imzalayıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü İlham Məmmədov deyib.Deputatın sözlərinə görə, böyük sevinc hissi ilə qeyd etmək olar ki, həmin tarixi sənəd Qars müqaviləsindən sonra Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni mərhələdə inkişafını əks etdirən ən böyük tarixi razılaşma olub: “Ümumilikdə isə Şuşa Bəyannaməsi regional sülh, sabitlik, rifah üçün güclü çağırışdır. Eyni zamanda Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin Şuşaya səfər edərkən də Füzuli rayonu ərazisində İlham Əliyev həmin rayondakı dağıntılar barədə türkiyəli həmkarına məlumat verərək orada şəkil çəkdirməyi təklif etmişdi. Dövlətimizin başçısı cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan erməni vandalizmi və vəhşiliyinin sübutlarından biri olan Füzuli rayonunda dağıntıya məruz qalmış ərazi önündə foto çəkdirdilər. Bütün bunlar erməni vandalizmini aşkar edən tarixi faktlardan biri idi. Şuşa Bəyannaməsinə uyğun olaraq tərəflər-iki qardaş ölkə regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, onun bütün forma və təzahürlərinə, maliyyələşdirilməsinə, həmçinin kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa, çirkli pulların yuyulmasına, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə səylərini və əməkdaşlıqlarını genişləndirəcək və dərinləşdirəcəklər”.İ.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir: “Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Azərbaycanla Türkiyənin dostluq əlaqələrinin qədim tarixi vardır. Və tarix boyu Azərbaycanın problemi Türkiyənin problemi, Türkiyənin dərdi Azərbaycanın dərdi olub. Biz həmişə Türkiyənin bütün sahələr üzrə beynəlxalq aləmdə qazandığı uğurlara sevinmişik və bu nailiyyətlərlə fəxr edib, qürur hissi keçirmişik. O cümlədən Azərbaycan xalqının da uğurları,qələbələri Türkiyə üçün qürur mənbəyi olub. Türkiyə, Azərbaycan dostluğu əbədidir və sarsılmazdır. Məhz inanıram ki, bu münasibətlərimiz gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcəkdir”.

sia.az

Digər xəbərlər