PDF Oxu

Siyasət

  • 5 143

"Azərbaycan-Türkiyə qardaşlığı əbədidir" - MƏQALƏ

"Azərbaycan-Türkiyə qardaşlığı əbədidir" - MƏQALƏ

Bildiyimiz kimi, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı, iyunun 16-da Milli Məclisdə Türkiyə-Azərbaycan münasibətləri barədə geniş çıxış etmiş, bu münasibətlərin artıq yeni mərhələyə daxil olmasını qeyd etməklə region ölkələrinə də böyük səmərə verəcəyini qeyd etmişdir.Azərbaycan və türk xalqları soyca eyni kökdən gələn, birgə yaşam tərzinə malik və tarixən bir-biri ilə sıx bağlı olan xalqlardır. Əsrlər boyu iki qardaş xalq arasında siyasi,iqtisadi və mədəni əməkdaşlıq davam və inkişaf etmişdir. Bir çox tarixi hadisələr zamanı hər iki xalq bir-birinin yanında olmuşdur. Bu qardaşlığı Ulu Öndər Heydər Əliyev bir ifadə ilə hamının nəzərinə çatdırmışdır - Bir millət, iki dövlət.Bu xalqlar arasındakı əməkdaşlıq keçən əsrin 90-cı illərindən,təxminən 30 il bundan əvvəl Azərbaycan müstəqillik qazanandan sonra daha da möhkəmlənmiş və yeni mərhələyə qədəm qoymuşdur. Müstəqil dövlət kimi yeni bir tarixi dövrə qədəm qoymağımızı ilk dəfə Türkiyə alqışlamış, müstəqilliyimizin ağır çağlarında Türkiyə köməyə gəlmiş və Azərbaycan dövlətini müdafiə etmişdir.2020-ci ildə işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda başladığı Qarabağ müharibəsində də Türkiyə Azərbaycana siyasi dəstək vermiş, bu müharibədə ermənilərə kənar dövlətlər dəstək verərsə Azərbaycanı müdafiə edəcəyini bəyan etmişdi.Azərbaycanın tarixi Zəfərindən sonra isə Türkiyənin bizim üçün nə qədər vacib bir portnyor olması hamıya aydın oldu. Çünki, bu Zəfərdə Türkiyənin böyük rolu olmuşdur. Döyüşlərdə Türkiyənin Azərbaycanı dəstəkləməsi bir çox siyasi provakasiyaların qarşısını aldı. Türkiyə istehsalı olan PUA-ların tarixi Qələbəmizdə böyük rol oldu, Azərbaycan tərəfindən canlı itkini minimuma endirdi və dünya hərb tarixində yeni bir mərhələ açdı. İki xalq arasındakı bu yaxınlıq Balkan müharibəsində, Çanaqqala döyüşündə özünü göstərmişdir. Bu da Türkiyə-Azərbaycan qardaşlığının ümdə cəhətlərindən biridir və gələcəkdə də davam edəcəkdir. Qarabağ müharibəsindəki tarixi Zəfər göstərdi ki, ölkələrimizin əməkdaşlığı davam etdikcə bizim hərbi potensialımız və müdafiə qabiliyyətimiz daha da artacaq.Türkiyə-Azərbaycan münasibətlərinin yeni mərhələyə daxil olması regionda yerləşən Rusiya, İran, Ermənistan, Gürcüstan, Türkiyə və Azərbaycan dövlətləri arasında yeni iqtisadi, siyasi münasibətlərin başlanmasına yol açmışdır. Qarabağ müharibəsində qazanılan tarixi Zəfər isə Azərbaycanın bu münasibətlərdə önəmli yer tutmasına zəmin yaratmışdır. Bu yeni münasibətlərin formalaşmasında isə Türkiyə- Azərbaycan yaxınlaşmasının böyük rolu var. Regionda yeni iqtisadi münasibətlərin yaranması bu ölkələrin, xüsusilə Azərbaycanın iqtisadi inkişafının sürətlənməsi,siyasi münasibətlərin yeni müstəvi üzərinə keçməsi isə Qafqazda sülhün və əmin-amanlığın yaranması deməkdir. Bu da Azərbaycan üçün vacib məsələlərdən biridir.Azərbaycanın qazandığı tarixi Zəfər regionda yeni inkişaf mərhələsinin başlanması deməkdir. Qarabağın dirçəldilməsi, iqtisadi inkişafın bu bölgəyə daxil olması, burada nəqliyyat-kommunikasiya xətlərinin qurulması,yeni müəssisələrin fəaliyyətə başlaması təkcə Azərbaycana deyil, digər ölkələrə də, o cümlədən Ermənistana da iqtisadi səmərə verəcəkdir. Əlbəttə, Ermənistan öz xarici siyasətinə, birinci növbədə Azərbaycanla münasibətlərinə yenidən baxmalıdır. Yalnız bu təqdirdə Azərbaycanın və Türkiyənin Ermənistanın blokadadan çıxması ,iqtisadi münasibətlərini yenidən qurması üçün dəstəyinə ümid bəsləmək olar. Xüsusilə Zəngəzur dəhlizinin açılması, Naxçıvanın Azərbaycana birləşməsi və yeni dəmir yolunun çəkilməsi təkcə Azərbaycanın deyil, bütün region ölkələrinin yeni gəlir mənbəyi əldə etməsi deməkdir. Bu iqtisadi əməkdaşlığın yaranmasında isə Türkiyə-Azərbaycan münasibətləri önəmli rol oynayır.Bu Zəfəri bizə qazandıran birinci növbədə xalq-ordu birliyi olmuşdur. Müharibənin ilk saatlarından ordudakı nizam-intizam, qisas arzusu ,arxa cəbhədən isə könüllülərin torpaqlarımızın azad olunması işində iştirak etmək üçün müraciətləri göz qabağında idi. Düşmən tərəfdə gördüyümüz fərarilik, əmrə tabe olmamaq, komandirlərə qarşı qiyam Azərbaycan Ordusunun regionda güclü ordulardan biri olmasına dəlalət edir. Əsgərlərimizin fədakarlığı, doğma torpaq uğrunda şəhid olması Azərbaycanın haqq işini və azadlıq mücadiləsi etməsini sübut edirdi və bu mücadilədə Türkiyə Azərbaycanı müdafiə edən bir tərəf kimi çıxış etmişdir. Ordu quruculuğu sahəsində ölkələrimizin əməkdaşlığı tarixi Zəfərin səbəblərindən biri kimi qiymətləndirilməlidir.1990-cı ildən bəri erməni işğalçılarının Qarabağda törətdiyi vəhşiliklərin dünyaya çatdırılmasında Türkiyənin xidmətləri danılmazdır. Müxtəlif beynəlxalq tribunalarda Türkiyə Azərbaycanı müdafiə etmiş, ermənilərin Qarabağda törətdiyi hərbi cinayətləri beynəlxalq ictimaiyyətə çatdırmışdır. Qarabağ müharibəsi dövründə türk jurnalistlərinin cəbhədən hazırladıqları reportajlar, Gəncədə, Tərtərdə, Tovuzda dinc sakinlərin erməni faşistləri tərəfindən raket zərbələrinə məruz qalmasını beynəlxalq aləmə çatdırmaları Azərbaycanın haqq işini müdafiə etmək idi. Bu müharibədən sonra da davam etdiriləcək bir əməkdaşlıqdır.Tarixi qələbəmizin ən parlaq nümunəsi Şuşanın düşmən tapdağından azad edilməsidir. Şuşa uğrunda döyüşdə Azərbaycan əsgəri böyük şücaət göstərdi, ağlagəlməz cəsarətlə hücuma keçib heç kimin gözləmədiyi bir işi gördü. Bu gün də hərbiçilər tərəfindən bu döyüşün detalları öyrənilir. Ən önəmli məsələ isə Şuşanın bərpa edilməsi və Azərbaycanın mədəniyyət mərkəzinə çevrilməsidir. Bu istiqamətdə artıq ilk addım atılıb. Şuşada “Xarı bülbül” festivalı keçirildi. Əlbəttə,bir qardaş ölkə olaraq Şuşanın bərpasında Türkiyənin də önəmli rolu olacaqdır. Türkiyənin aparıcı şirkətləri artıq bu barədə bəyanat vermiş və Şuşanın bərpasında iştirak etmək arzularını bildirmişlər. Bu, Türkiyə-Azərbaycan münasibətlərinin daha da genişlənməsi deməkdir. Türkiyə Prezidenti də bu barədə Milli Məclisdəki çıxışında geniş məlumat vermişdir.Tarixi Zəfərdən sonra işğaldan azad olmuş torpaqlarda quruculuq işlərinin genişləndirilməsi və Qarabağa “Böyük köç”ün başlanması qarşıda duran ən vacib məsələdir. Bu işdə də Türkiyə önəmli rol oynayacağını bəyan etmişdir. Bu isə işlərin daha sürətli getməsinə və Qarabağın tezliklə laləzara çevrilməsinə səbəb olacaqdır.Ümumiyyətlə Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdəki çıxışından aydın olur ki, Türkiyə-Azərbaycan münasibətləri artıq yeni mərhələyə qədəm qoymuşdur. Əsrlər boyu davam etmiş dostluq, qardaşlıq və əməkdaşlıq bundan sonra da daha da möhkəmlənəcək və genişlənəcək. Bu hər iki dövlətin mənafeyinə xidmət edən bir məsələdir. Türkiyə-Azərbaycan münasibətləri əbədidir və heç kim bu münasibətlərə qarşı çıxa bilməz. Bu münasibətlərə qoşulan və dəstək verənləri isə dirçəliş və inkişaf gözləyir.

Akif Əliyev
119 №li tam orta məktəbin müəllimi

sia.az

Digər xəbərlər