PDF Oxu

Siyasət

  • 3 030

Ermənistanın ən gərgin seçki marafonu - ŞƏRH

Ermənistanın ən gərgin seçki marafonu - ŞƏRH

Ermənistanda parlamentə keçirilən növbədənkənar seçkilər başa çatıb. Erməni KİV-nin məlumatına görə seçkilərdə fəallıq aşağı olub. Ölkə üzrə 989 972 nəfər, yaxud seçicilərin 38,17 %-i səs verib. Beləliklə, səsvermələr həm də seçicilərin passivliyi ilə seçilib.Artıq Paşinyanın rəhbərliyi altında yeni hökumət formalaşacaq. Bu hökumətin Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamaqdan başqa çarəsi olmayacaq. Yəni, qarşıda sülh müqaviləsinin imzalanılması, Ermənistan baş naziri tərəfindən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yerləşdirdiyi mina xəritələrinin ölkəmizə təhvil verilməsi, Zəngəzur dəhlizinin işə salınması və bütövlükdə əməkdaşlıq platformasının reallaşması gözlənilir. Çünki, Ermənistanın nicatı buradan keçir. Paşinyan təkbaşına hökumət qura biləcəkmi?...

Politoloqların sözlərinə görə, Ermənistandakı seçkilərdə Qərb Rusiyaya qalib gəldi və bundan sonra Paşinyan rəsmi Kremlin ölkəsində mövqelərinin zəiflədilməsi istiqamətində siyasət aparacaq. Ermənistanda Koçaryan və Sarkisyanın etiraz aksiyaları yetərli olmayacaq. Azərbaycanla əlaqələrə gəldikdə isə, 10 noyabr və 11 yanvar razılaşmalarının yerinə yetirilməsi üçün Paşinyanın addımlar atması gözlənilir. Əgər Paşinyan Azərbaycanla əlaqələri bərpa etməsə, düşmənçilyi davam etdirsə, blokada aradan götürülməsə, o zaman Azərbaycan hərəkətə keçə bilər. Bu da N.Paşinyana qarşı daxili etirazlar formalaşdıra və hakimiyyətdən devrilə bilər. Bunu Paşinyan da çox yaxşı bilir. Ona görə də Nikol Azərbaycanla əlaqələrin normallaşdırılmasına məhkumdur.

Dünən “kapitulyant” dediyi şəxs bu gün hökuməti formalaşdırır- səbəbi nədir?

Qeyd edək ki, dünyada çox nadir örnəklər tapmaq olar ki, hansısa lider müharibəni biabırçı şəkildə uduzandan sonra seçkidə böyük üstünlüklə qalib gəlsin. Ona görə də, hazırda bunu bacarmış Nikol Paşinyanı müəyyən mənada «fenomen» saya bilərik: dünən hamının “kapitulyant” dediyi şəxs bu gün hökuməti formalaşdırır. Bəs nədir bu fenomenin səbəbi, onu necə izah etmək mümkündür?!

Ermənistan mediası bu vacib sualın üzərindən şübhəli bir susqunluqla keçməyi üstün tutur. Səbəb təkcə həmin ölkədə normal analitik mərkəzin, sosioloji xidmətin olmaması deyil. Görünür, bu sualın cavabı ermənilər üçün son dərəcə xoşagəlməz reallığı ortaya çıxardığından, özlərinə xas hiyləgərliklə yan keçməyi üstün tuturlar.

“Məğlub qalib” fenomenini iki əsas amilə izah etmək olar:

1) Bu, ermənilərin Rusiyaya qarşı demarşıdır. Paşinyanın aldığı səslər təkcə onu dəstəkləyənlərin yox, həm də Rusiyaya qarşı çıxanların və ölkənin şimal vektorundan uzaqlaşmasını istəyənlərin seçimi idi. Onları “Rusiyanın adamı”, “Putinin dostu” kimi stereotipik obraza malik olan Koçaryana əks qütb olaraq, səslərini Paşinyana yönəldiblər.

Bunu ənənəvi erməni nankorluğu da saymaq olar və onunla üzləşdiyinə görə Rusiya əsla təəccüblənməməlidir. Ermənilər müharibənin dayandırılmasında vasitəçiliyinə görə Rusiyaya minnətdar olmaqdansa, onların yerinə vuruşmadığı üçün nifrət etməyi seçirlər. Və bu nifrət ölkənin yönünü Qərbə tərəfə çevirən Paşinyana verilən səslərdə özünü göstərib. Paşinyanın seçki ərəfəsində Fransaya səfəri onun gələcək geosiyasi oriyentasiyasına aid açıq-aşkar mesaj idi. Və bu mesaj “işlədi”.

2) Paşinyanın böyük hesablı qələbəsi onu göstərir ki, nə demələrindən asılı olmayaraq, ermənilər Qarabağı özlərininki saymırlar və işğal etdikləri torpaqlar əllərindən çıxdığına görə peşman deyillər. Əks halda, ölkəni 44 günə biabırçı məğlubiyyətə uğradan şəxsə heç vaxt bu qədər çox səs verməzdilər. Sübut olundu ki, erməni cəmiyyəti üçün revanş götürmək, Qarabağı qaytarmaq yox, normal gün-güzəranın qurulması daha əhəmiyyətlidir. Əks halda, qismən də olsa, revanş vəd edən Koçaryana etimad göstərərdilər.

İndi əsas sual budur ki, müharibədən sonra bağlanan əl-qolu növbədənkənar seçki ilə açılmış Nikol Vovayeviç Paşinyan bu siyasi kreditdən necə istifadə edəcək? O, Azərbaycanla düzgün münasibətlər qurmaq yolunu tutmaqla ölkəsinə toparlanmaq və inkişaf etmək üçün yeni şans yarada bilər. Əks halda, həqiqi məğlubiyyəti hələ qarşıdadır...

Qabil Hüseynli: “Erməni xalqı yorulub”

Ermənistandakı seçkilərin nəticələrini şərh edən politoloq Qabil Hüseynli bildirib ki, əslində Paşinyanın yenidən öz komandasını önə çıxaracağı gözlənilən idi. Xalq isə, Qarabağ klanından çoxdan bezmişdi: "Ermənistan tarixinin ən gərgin seçki marafonu başa çatdı. Yekun nəticələrə əsasən, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş razılaşması” partiyası ölkənin yeni parlamentində çoxluğa sahib olacaq. Bu gün seçkinin nəticələri ilə bağlı verdiyi ilk açıqlamada o, bildirib ki, 105 mandatdan azı 71-nə sahib olmaqla, yeni hökuməti quracaqlıar. Maraqlıdır, ötən ilin sonunda müharibə zamanı Azərbaycan qarşısında ağır məğlubiyyətlə üzləşib, diz çökən erməni xalqı yüksək səs çoxluğu ilə yenidən Nikol Paşinyanı seçdi. Normalda məğlub liderlər ya öz xoşu ilə kürsünü təhvil verib siyasətdən gedirlər, ya da xalq onlara ikinci dəfə şans vermir. İrəvanda bunun əksini müşahidə etdik. Xalq yenidən Qarabağda müharibə vəd edən, torpaqları geri alacaqlarına söz verənləri deyil, islahatçı, loyal mövqe sərgiləyən kapitulyatoru seçdi".

Politoloq Q.Hüseynli onu da bildirib ki, ötən il Paşinyan ölkəsini ağır məğlubiyyətə sürüklədi: "Amma kütlə Koçaryanı da seçə bilməzdi. Bunun dərin səbəbləri var. Nikol müharibəyə qədər az bir müddətdə hakimiyyətdə təmsil olunmuşdu. Dünya bu illər ərzində Sarkisyan-Koçaryan cütlüyünün əlində olan Ermənistanı da görmüşdü. Yəni əslində məğlubiyyətin daha böyük məsuliyyəti Qarabağ klanından çıxmış bu iki kriminal tipin üzərinə düşürdü. Bu illər ərzində erməni ordusunu indi qınanılan Paşinyan formalaşdırmamışdı. Bir sözlə, xalq Paşinyanı da yaxşı tanıyırdı, Koçaryanı da. Ermənilərin gözü açılıb. Bilirlər ki, Nikol əvvəlkilərə baxanda daha yaxşıdır”.

Politoloq deyib ki, son bir ayda fəallaşan “sabiqlər” məhz Rusiyanın qanadı altında yenidən hakimiyyətə yiyələnib, Ermənistanın müstəqilliyini Kremlə təslim etmək istəyirdilər: "Alınmadı. Ermənilər öz müstəqilliyini forpost kimi Moskvaya vermək istəmədilər. Şəxsən mən Paşinyanın yüksək səs çoxluğu ilə yenidən qələbə çalmasına təəccüblənmədim. Bir şeyi unutmamlıyıq ki, ona səs verən bu 30 il ərzində daha çox zərbə almış, yoxsul duruma düşmüş sadə xalq oldu. Bu insanlar gələcəklərini iqtisadi cəhətdən inkişaf etmiş ölkədə görmək, daha etibarlı bir şəxsə tapşırmaq istəyirlər. Elə bir şəxsi kürsüdə görmək istəyirlər ki, yenidən Qarabağ nağılları danışıb, öz nəslini varlandıraraq, pulları xaricə daşımasın”.

Qabil Hüseynlinin sözlərinə görə, Paşinyan həm də qonşularla normal münasibətlər qurmağa meyllidir. Görünür artıq erməni xalqı bu amili də nəzərə alır. Çünki qonşularla əlaqələrin bərpası həssas mövzudur və hazırda belə iqtisadi-diplomatik amillər erməni cəmiyyətini ciddi məşğul edir: "Türkiyə və Azərbaycanla əlaqələrin qapalı qalması radikalların tələbi idi. Əslində onların tərəfdarları da az deyildi. Amma beş-üç faşist millətçisinin söylədiklərinə kütlənin "hə" deməsi o demək deyil ki, ümumilikdə xalq hələ də həmin provakatorların səsinə səs verir. Erməni xalqı yorulub. İnsanlar bilərəkdən Qarabağdan çıxan avantüristlərin, Ermənistanda formalaşmış faşist təbiətli adamların, illərdir xunta rejimi yaratmış Koçaryanın, Sarkisyanın istədiyi hakimiyyətin yaranmasına səs vermədi. Ölkədə uzun illər qorxulu terror küləyi əsdirən qüvvələr at oynadıb. Xüsusən Rusiyadan tez-tez təlimatlar alan siyasi qüvvələr xalqı küncə sıxmağa çalışırdı ki, insanlar yoxsul yaşayıb, daim Qarabağla bağlı gərginlikdə olsunlar. Amma xalq düşündüyü kimi hərəkət etməyi bacardı. Erməni seçicilər üçün rus quluna çevrilən Robert Koçaryan kim idi axı? 2008-ci ilin mart hadisələri zamanı onlarla etirazçıya atəş açılması əmrini vermiş biridir. Qanlı cinayətkar indi yüksək səs alacaqdı? Bu adamı Putinin səyi nəticəsində həbsxanadan xilas etdilər. Paşinyan yəqin ki, Koçaryanı yenidən məqam tapıb, həbsə atacaq və onun deputat mandatı da gedəcək işinə. Yaxud da, Sarkisyanın özü uğurlu bir siyasətçi idi ki? Ölkənin xəzinəsini talan etdi, milyonlarla vəsaiti oğurlayıb, Vatikanda, Avropada gizlətməyi bacardı. Koçaryanla birgə spikerin məhz parlament binasında nümayişkaranə şəkildə öldürülməsinə səbəb olan terror aktını təşkil etdi. Bunların vicdanına həddindən artıq kriminal hadisələr yazılıb".

Beləliklə, regionda yaranan yeni şərait özündə əməkdaşlığı ehtiva edir və ən əsas məqam ondan ibarətdir ki, erməni xalqı müharibəyə "yox" dedi.

Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin "Düz yola gəlin" mesajına əməl etməyin vaxtıdır. Çünki Ermənistan və onun havadarlarının dəridən-qabıqdan çıxmasına baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə hələ çox belə böyük diplomatik uğurlara imza atacağının şahidi olacaqlar. Necə deyərlər "sonrakı peşimançılıq fayda verməz". Yəni Paşinyan hökumətinin nicat çarəsi - Azərbaycan Prezidenti İlham Əliyevin təklifi olan sülh müqaviləsini imzalamaqdır.

R.HÜSEYNOVA

Digər xəbərlər