"Ermənistanın “Böyük Sülh" sazişini imzalamaqdan başqa çıxış yolu yoxdur. Çünki “Böyük Sülh" sazişində bütün region dövlətləri ilk növbədə maraqlıdır. Ermənistanın bunu istəyib-istəməməsi artıq heçnəyi həll etmir. Əgər Ermənistan tərəfi baş nazir Paşinyanın timsalında ağlını başına yığıb sülh sazişini imzalamasa, Ermənistan yenə də bütün layihələrdən təcrid olunacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil İskəndərov deyib.Onun sözlərinə görə, Ermənistan bütün həmsərhəd dövlətlərə qarşı ərazi iddiasından geri durmur: “Sözsüz ki, Ermənistan həmişə bu regionda sabitliyə və təhlükəsizliyə təhdid olacaq. Bunu Rusiya, Türkiyə, xüsusilə də Azərbaycan istəmir. Paşinyan bütün bu reallıqları nəzərə alıb, sülh sazişinə gedəcək. “Böyük Sülh" sazişinin özü Ermənistanı təcriddən çıxarılmasına və Ermənistan cəmiyyətinin iqtisadi-sosial cəhətdən məhv olmasının qarşısını alacaq".Politoloq həmçinin qeyd edib ki, Ermənistan "Böyük Sülh" sazişini imzalasa, konkret olaraq, bu sülh sazişində bütün həmsərhəd ölkələrlə o cümlədən, Azərbaycanla ən azı SSR dövründə mövcud olan ərazi sərhədlərini tanımasına birbaşa imza atmalıdır, öhdəlik götürməlidir: "Yalnız sovet dövründə yox, elə həmin dövlətlər də BMT-yə bu ərazilər çərçivəsində daxildirlər. Ermənistan birmənalı şəkildə öz üzərinə öhdəlik götürür ki, artıq bu dövlətlərə qarşı olan ərazi iddialarından əl çəkir və mövcud sərhədləri tanıyır. Əsas məqamlardan biri də odur ki, “Böyük Sülh” sazişində sözsüz ki, həm Türkiyənin, həm də Rusiyanın da imzası duracaq. Bu da həm gələcəkdə Ermənistanın Türkiyəyə qarşı iddialarının üstündən xətt çəkilməsi deməkdir. Ermənistan bu şərtləri qəbul etməsə, onda heç bir sülh sazişindən söhbət gedə bilməz".
sia.az