Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər Yeni Suraxanı qəsəbə sakini Vətən Müharibəsi şəhidi əsgər Məmmədov Dostəli Seymur oğlunun doğum günündə məzarını ziyarət edib, ruhuna dualar oxunub. Şəhid ailəsi ilə görüş zamanı şəhidlərimizə olan hörmət və ehtiramını bildirən Əziz Əzizov Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb.YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq: "Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunədir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır". V.Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək, təşkilat adından "Anım lövhəsi"ni şəhid ailəsinə təqdim edib.Göstərilən diqqət və qayğıya görə, şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildiriblər.
sia.az